Logo
news content
User
Kateqoriyalar

İcmal

Trolları necə cilovlamalı?

Mənbə: The Washington Post

Tərcümə: Novator

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Qlobal mem savaşında trollara qarşı duran elfləri dəstəkləməyin zamanı çatıb” başlıqlı məqalə dərc olunub. Yazının müəllifi Tomas Kent vaxtilə “Azad Avropa/Azadlıq” radiosuna rəhbərlik edib, hazırda ABŞ-da Çeymstaun Fondunun baş elmi işçisi, Kolumbiya Universitetinin müəllimi, həmçinin dezinformasiyalarla mübarizə üzrə məsələhətçidir. 

məqaləsini ingiliscədən çevirib oxuculara təqdim edir.

Kremlin Ukrayna təcavüzünə haqq qazandırmaq üçün saxta məlumatlardan, qəsd nəzəriyyələrindən intensiv istifadəsi bir daha dezinformasiyaya qarşı hərtərəfli siyasət yürütməyin zəruriliyini ortaya qoydu.

Ukrayna münaqişəsi həm də bu işi kimlərin görməyə daha çox həvəsli olduğunu üzə çıxardı. Yaxşı dərsdir. Aydın oldu ki, bu sahədə ən böyük uğurlara imza atan ictimai fəallar, qeyri-hökumət sektorunun nümayəndələridir.

Azad cəmiyyətləri təhdid edən Rusiya dezinformasiyalarına ən güclü müqaviməti demokratik ölkələrdə həyata keçirilən ictimai kampaniyalar göstərir.

Son illər ABŞ hökumətinin dezinformasiya ilə mübarizə səyləri əsasən uğursuzluğa düçar olub. Bəzi rəsmilər dezinformasiya yayanlara qarşı az qala onların öz metodları ilə mübarizə aparır, təbliğatçı, təşviqatçı olmağa girişirlər. Halbuki qərəzli məlumatları kəsərdən salmaq üçün nəsə uydurmağa, əks-dezinformasiyalar düzüb-qoşmağa ehtiyac yoxdur, eləcə həqiqəti inadkarcasına, ucadan və koordinasiya olunmuş şəkildə söyləmək gərəkdir.

Bu yaxınlarda ABŞ-ın xaricdə maraqlarını müdafiə etmək məqsədilə sosial şəbəkələrdə üstüörtülü aparılan kampaniyanın ifşa edilməsi hökumətin belə əməliyyatlarda çox naşı olduğunu təsdiqləyir.

Gör-götür dünyasıdır, Şərqi Avropanın qeyri-hökumət təşkilatlarının onlayn ordusundan öyrənmək lazımdır. Bu ordu əsasən könüllülərdən ibarətdir. Onlar həm çox səmimi, həm də çox təcrübəlidirlər, ABŞ hökuməti ilə müqayisəyə belə gəlməzlər.

Könüllülər dəstəsi fəal şəkildə internetdə trollarla döyüşür, konspiroloji versiyaların dolaşdığı onlayn çatlara girib uydurmaları darmadağın edir, şirkətləri dezinformasiya çap edən saytlara verdikləri reklamları dayandırmağa çağırır və Rusiya təbliğatına rişxənd edən memlər yayırlar.

Mem, yaxud internet memi xəbər saytlarının və ya sosial şəbəkələrin sayəsində bir neçə günə məşhurlaşan insana, sözə, hadisəyə, videoya, heyvana, əşyaya deyilir.

Bugünlərdə Litvada işıq üzü görən bir yazının başlığı memə çevrilmişdi: “Babam deyir Rusiya müharibəni udacaq. Sizin də ailənizdə dəli var?”

Litvada özünü elflər adlandıran məşhur bir qrup fəaliyyət göstərir. Yeddi il qabaq yaranıb. İndi minlərlə üzvü var. Başqa dövlətlərin ərazisində, o cümlədən Baltik ölkələrində, Çexiyada da elflər ortaya çıxıb.

Elflərin adı mifologiyadan götürülüb. Elf qədim german-skandinav mifologiyasında və kelt folklorunda insanabənzər fövqəltəbii varlığa deyilir.

Elflər kimi spontan şəkildə ortaya çıxmış başqa vətəndaş təşəbbüsləri də mövcuddur. Bu ilin fevralında Rusiya Ukraynaya növbəti hərbi təcavüzə keçəndə yaranmış NAFO-nu (North Atlantic Fellas Organization) misal göstərmək olar.

Elflərə qayıdaq. Onlar adətən sosial mediada digər fəalların, karikaturaçı-rəssamların işlərini paylaşır, beləliklə, demokratiyanın keşiyində duran məlumatları, materialları daha da zənginləşdirir, dolğunlaşdırırlar.

Belə fəaliyyətə elflərin olmadığı ölkələrdə də rast gəlmək mümkündür, amma həmin ölkələrdə bu iş koordinasiyalı şəkildə, kütləvi surətdə həyata keçirilmir, adətən bir-biri ilə əlaqəsi ya heç olmayan, ya da əlaqələri çox zəif olan təşkilatların, yaxud kiçik vətəndaş qruplarının məhdud təşəbbüsü kimi təzahür edir.

Belə təşəbbüslərdə inandırıcı videoların hazırlanması, təsirli memlərin yaradılması, dezinformasiya kampaniyalarının anındaca aşkarlanıb ifşa edilməsi baxımından təcrübə çatışmazlığı duyulur. Bu cür məhdud təşəbbüslərin müəllifləri əsasən şəhər elitasını təmsil edirlər. Dezinformasiyaların əsas hədəfi isə əyalət sakinləri, sadə kənd camaatı, zəif təhsilli qruplardır və belə kateqoriyaya aid insanlar şəhər elitasına o qədər də etimadla yanaşmırlar.

Demokratiyanın təhdid altında olduğu ölkələrdə ictimai kampaniya təşkilatçıları maliyyə çətinlikləri ilə üzləşə bilərlər. Çünki belə ölkələrdə korrupsiya subyektləri bir qayda olaraq ictimai təşəbbüsləri sıxışdırır, onları daima xarici dövlətlərin maraqlarına xidmət etməkdə qınayır. Bu isə vətəndaşları və biznes qurumlarını ictimai kampaniyalara dəstək verməkdən çəkindirir.

Bəzi ictimai fəallar xarici ianələrdən birmənalı şəkildə boyun qaçırsa da, hər halda xarici hökumətlərin və fondların yardımını qəbul etməyə hazır olanlar da var. Yardım kampaniyaları isə çox vacibdir, bir sıra donorların yardım proqramlarına nəzər yetirib bunun əyani sübutunu görmək olar.

Şərqi Avropa ölkələrinin bəzi sakinləri mənə fəaliyyətlərini tam dayandırmaq məcburiyyətində qaldıqlarını deyiblər, çünki dezinformasiyaların monitorinqini aparmaq, könüllüləri cəlb etmək, təşkilatlandırmaq üçün onların hətta bir nəfəri də işə götürməyə imkanı olmayıb.

Amerikanın 50 min, yaxud 100 min dollarlıq maliyyə yardımı belə ölkələrdə hansısa komandanı bir il saxlamağa kifayət edə bilər.

İctimai fəalların informasiya əməliyyatları hazırlayıb lazımi auditoriyaya çıxara bilməsi üçün daimi, əlçatan peşəkar yardıma da ehtiyac var.

Öz işinə sadiq ictimai fəallar böyük potensiala malikdirlər. “ABŞ hökuməti informasiya sahəsində hansı addımları atmalıdır” sualı ətrafında müzakirə aparanda biz bu faktoru yaddan çıxarmamalıyıq.