Logo
news content
User
Kateqoriyalar

İcmal

Tribunal lazım gələcək - qaçılmazdır
ABŞ və Avropa dövlətləri Putinin hərbi cani kimi mühakimə olunmasına razıdır

Tərcümə: Novator

“Vaşinqton Post” qəzetində “Müharibə onsuz da cəhənnəmdir. Rusiya bunun üstünə işgəncə də əlavə edib” başlıqlı redaksiya məqaləsi dərc olunub. Məqalədə vurğulanır ki, Rusiyanın Ukraynada apardığı müharibə təkcə torpaq tutmağa, imperiya qurmağa xidmət etmir: “Rusiyanın müharibəsi xüsusilə qətl, zorlama, işgəncə yolu ilə Ukraynanın ruhunu, qürurunu, milli kimliyini, qətiyyətini məhv etməyə yönəlmiş dəhşətli bir cinayətdir. Kremlin yürütdüyü bu siyasətin əsas qurbanları mülki insanlardır. Paytaxt Kiyev yaxınlığındakı Buça şəhərində, o cümlədən Ukraynanın başqa yerlərində kütləvi surətdə vəhşicəsinə güllələnən, cinsi təcavüzə məruz qoyulan da ilk növbədə mülki şəxslər olub. Kreml ukraynalı uşaqları oğurladaraq zorla Rusiyaya gətirib. Bütün bunlar soyqırımı aktıdır.

Cinayət davam edir. Bu yaxınlarda Rusiyanın atdığı bomba Ukraynada qanköçürmə mərkəzinə düşüb, iki nəfər həlak olub, bir neçə adam yaralanıb.

ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Rusiyanın əməllərini araşdırmaq, müharibə cinayətlərinə dair dəlil-sübut toplamaq işində Ukrayna Baş Prokurorluğuna yardım göstərmək məqsədilə yaratdığı qrupun hesabatında bildirilir ki, 2022-ci ildə səkkiz ay işğal altında saxlanmış, müharibəyə qədər əhalisinin sayı 280 min nəfər olmuş Xerson şəhərində ruslar mülki insanları amansız işgəncələrə məruz qoyub. Qrupdakı beynəlxalq hüquqşünasların, müstəntiqlərin rəyinə görə, Rusiyanın təhlükəsizlik orqanları, o cümlədən sovet KQB-sinin varisi olan Federal Təhlükəsizlik Xidməti hələ Xerson tam ələ keçirilməmiş şəhər ətrafında yeni təcridxanalar qurubmuş. Hesabatda ən azı 20 belə təcridxanada ukraynalılara verilən işgəncələr təsvir edilir. Oxuyanda adamın tükləri biz-biz olur.

Hesabata əsasən, işğalçılar təcridxanaya saldığı müəllimlərə, ictimai fəallara, tibb işçilərinə, hüquq mühafizə rəsmilərinə, hərbçilərə elektrik cərəyanı ilə, özü də çox vaxt cinsi nahiyədən ötürməklə divan tutub. Həmçinin neçə-neçə zorlama, zorlama ilə hədələmə, döyülmə, su işgəncəsi (su ilə boğma) olub”.

İşgəncə metodlarının başqa təfərrüatlarına da varan “Vaşinqton Post” qəzeti bütün bu cinayətlərə görə ən böyük məsuliyyəti Ukraynaya hərbi hücum əmri vermiş diktatorun – Rusiya prezidenti Vladimir Putinin daşıdığını yazır. Qəzet qeyd edir ki, ABŞ və Avropa dövlətləri Putinin hərbi cani kimi mühakimə olunmasına razıdır. “Mühakimənin baş tutması üçün isə yəqin ki, həm beynəlxalq qurumların, həm də Ukraynanın himayəsi altında yeni tribunal yaratmaq lazım gələcək”.

Rusiya 2014-cü ildə Ukraynanın Krım bölgəsini tam, Donetsk və Luqansk bölgələrini qismən işğal edib. 2022-ci il fevralın 24-də Ukraynada total hərbi əməliyyatlar aparan Rusiya ölkənin həm Donetsk, Luqansk, həm də Zaporojye və Xerson bölgələrində yeni ərazilər ələ keçirib. Bir ara başqa bölgələrə də, o cümlədən paytaxt Kiyevin ətrafına da baş vuran işğalçılar dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət və başqa cinayətlər törədib.