Tarixə belə də yazılacaq: Rusiya, uşaq alverçisi
İşğalçı müharibə kütləvi qırğınlar, zorakılıq, qarət və başqa cinayətlərlə müşayiət olunur
08 Dekabr 2022
Mənbə: Nyu-York Tayms
Tərcümə: Novator
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Rusiya ukraynalı uşaqlarla alver edir” başlıqlı məqalə dərc olunub.
Məqalənin müəllifi Nikolas Kristof yazır ki, bu ilin avqustunda Ukraynanın şərqində yerləşən Balakliya şəhərində bir qrup uşaq istirahət adı altında avtobusla rus işğalçılarının təşkil etdiyi pulsuz yay düşərgəsinə yola salınıb.
Şəhər sakini 29 yaşlı Nadya Borisenko “Nyu-York Tayms”a açıqlamasında qızı 12 yaşlı Daryanın da düşərgəyə yola salınan 25 uşaq arasında olduğunu açıqlayıb.
O bildirib ki, işğalçılar uşaqların düşərgəyə aparılmasına razılıq almaq üçün şirnikləndiri vədlər veriblər, həm uşaqların yaxşı dincələcəyini, hədiyyələr alacağını deyiblər, həm də valideynləri uşaqların Balakliyada atəşə məruz qalma təhlükəsi altında olması ilə qorxudublar, düşərgədə uşaqların atışmalardan uzaq, təhlükəsiz şəraitdə saxlanacağını söyləyiblər.
Qadın vurğulayıb ki, ruslar uşaqların iki-üç həftə sonra düşərgədən evə qaytarılacağını bildiriblər: “Ancaq o uşaqlar indiyədək geri qayıtmayıb. Darya da, qalan uşaqlar da Rusiyadadır. Moskva onların öz ailələrinə qaytarılmasına hələ də əngəl törədir”.
Nikolas Kristof yazır ki, bu ilin fevralında Ukraynaya qarşı müharibəyə başlayandan bəri Moskva minlərlə ukraynalı uşağı ailəsindən ayıraraq ya Rusiya ərazisinə, ya da işğal etdiyi ərazilərə aparıb: “Ukrayna hökuməti həmin uşaqlardan 11 min 461 nəfərin kimliyini müəyyənləşdirə bilib”.
Müəllif xatırladır ki, noyabr ayında video bağlantı ilə “Böyük iyirmilik” (G20) ölkələrinin sammitinə qatılan Ukrayna prezidenti Vladimir Zelenski daha on minlərlə uşaq barəsində narahatlıq doğuran məlumatların olduğunu diqqətə çatdırıb. Zelenski deyib ki, Rusiyaya aparılanlar arasında valideynləri Kremlin endirdiyi zərbələr nəticəsində həlak olan uşaqlar da var: “İndi həmin uşaqlar onların valideynlərini öldürmüş ölkədə saxlanır”.
Məqalədə işğalçının minlərlə uşağı ailəsindən ayırıb öz ərazisinə, ya da işğal altda saxladığı ərazilərə köçürməsi müharibə cinayəti kimi qiymətləndirilir: “Uşaqlarla bağlı baş verən bu hadisələr Ukraynanı dəstəkləməkdən yorulmuş amerikalılar və avropalılar üçün bir həyəcan siqnalı olmalıdır”.
Nikolas Kristof qeyd edir ki, Moskva Rusiya ərazisində ukraynalı uşaqların saxlandığını heç də gizlətmir: “Əksinə, televiziya proqramlarında bu, atılmış uşaqların xilası kimi qələmə verilir və rusların ukraynalı uşaqlara necə oyuncaq payladığı fəxrlə nümayiş olunur.
Rusiyanın uşaq hüquqları üzrə ombudsmanı Mariya Lvova-Belova bir ukraynalı oğlan uşağını övladlığa götürməsi ilə öyünür. Ümumiyyətlə oğurlanan uşaqların bir çoxu rus ailələrinə övladlığa verilib. Bu, humanizm deyil, soyqırımıdır.
1948-ci ildə beynəlxalq səviyyədə imzalanmış Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyada deyilir ki, uşaqların bir insan qrupundan digərinə zorla köçürülməsi xalqın məhvinə yönəlibsə, bu, soyqırımıdır”.
Bununla belə məqalə müəllifi Ukraynadan köçürülmüş uşaqlarla bağlı fərqli nüansların olduğuna da diqqət çəkir.
Nikolas Kristof bildirir ki, o, yay düşərgəsində istirahət adı ilə Balakliyadan Rusiyaya aparılmış Daryaya mobil telefonla zəng edib: “Darya mənimlə dustaq kimi danışmırdı. O, məktəbə gedir, dostları var, hər axşam telefonla anasına zəng edə bilir. Ancaq Darya telefon söhbətində Ukraynaya, öz evlərinə dönmək istədiyini də söylədi, “Evimizdən ötrü darıxıram” dedi”.
Məqalədə daha bir nüansa toxunulur: “Rusiya hökuməti ukraynalı valideynlərə gəlib öz uşaqlarını götürməyə icazə verir. Ancaq bir şərtlə ki, onlar Rusiyaya Polşadan, yaxud başqa ölkələrdən keçib gəlsinlər. Bu isə ukraynalı valideynlər üçün min bir əzab-əziyyət deməkdir.
Əvvəla, bundan ötrü xarici pasport və digər sənədlər olmalıdır. Ukraynalı valideynlərin isə bəzisinin sənədi Rusiyanın endirdiyi zərbələr nəticəsində ev-eşik qarışıq yanıb kül olub.
İkincisi, müharibə ukraynalıları müflis edib, valideynlərin çoxu Rusiyaya gediş-gəliş xərcini ödəmək imkanında deyil. Ona görə bəzi valideynlər yolpulu məsələsini həll etsə də, əksəriyyət hələ də bu problemin öhdəsindən gələ bilmir”.
Balakliyadan olan daha bir qadının – Nadya Borisenkonun 12 yaşlı qardaşı oğlu Boqdan da Rusiyada düşərgədədir.
Nadya Borisenko “Nyu-York Tayms”a açıqlamasında deyib ki, orada Boqdana və digər ukraynalı uşaqlara pis baxmırlar: “Amma uşaqlar evə qayıtmaq istəyirlər. Bunu onlar telefonla söhbətləşəndə ağlaya-ağlaya deyirlər”.
Müəllif məqaləsinin sonunda yazır: “Uşaqlara müharibə qəniməti kimi yanaşmaq olmaz. Hökumət uşaqlarla alver etməməlidir. Bu elementar qaydalara əməl edilməməsi Ukrayna müharibəsinin əxlaqi baxımdan da nə qədər ağır bir müharibə olduğundan xəbər verir. Dünya həqiqətin tərəfində möhkəm durmalı və Darya öz evinə – anasına qaytarılmalıdır”.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.
Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.
Sentyabrın 23-dən 27-dək dörd işğalçı rejimdə Rusiyaya birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.
Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.
Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb.
Müqavilələr oktyabrın 2-də Konstitusiya Məhkəməsindən müsbət cavab alıb, oktyabrın 3-də parlamentin aşağı palatasında (Dövlət Duması), oktyabrın 4-də yuxarı palatasında (Federasiya Şurası) təsdiqlənib, müvafiq qanun layihələri qəbul edilib.
Rusiya prezidenti oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan sənədlər paketini imzalayıb.
Ukrayna hərbçiləri isə son vaxtlar fəal əks-hücum əməliyyatlarına başlayıb. Əks-hücumun əsas istiqamətlərindən biri Xeson vilayətidir. Rusiyanın hərbi-siyasi rəhbərliyi məhz bu həmlələri nəzərə alaraq işğal etdiyi bəzi bölgələrdən çəkilmək qərarı verib.
Noyabrın 11-i səhər Rusiya qoşunlarının Ukraynanın Xerson vilayətinin bir hissəsini, o cümlədən bölgənin mərkəzi şəhəri Xersonu tam tərk etdiyi bəyan olunub. Bundan sonra Ukrayna döyüşçüləri martın 3-dən işğal altında olan Xerson şəhərinə daxil olub.
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.
İstər 2014-cü ildə Krım yarımadasının ilhaqına, istərsə də 2022-ci ilin fevralında başlatdığı total müharibəyə görə dünya birliyi Rusiyaya minlərlə sanksiya tətbiq edib.