Logo
news content
User
Kateqoriyalar

İcmal

Taktiki nüvə silahı: fərqi nədir?
Strateji nüvə başlığı ilə bir, hətta bir neçə şəhəri tamamilə məhv etmək olar

MƏNBƏ: CNN

TƏRCÜMƏ: Novator

2022-ci il fevralın 24-də Ukraynada yeni işğalçı müharibəyə başlayan Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə Ukrayna dövlətini və onun müttəfiqlərini nüvə silahı ilə təhdid edib. Ehtimala görə, söhbət strateji yox, taktiki nüvə silahından gedir.

Taktiki nüvə silahı nə deməkdir, onun strateji nüvə silahından fərqi nədir? ABŞ-ın CNN kanalının internet səhifəsi bu mövzuda məqalə yayıb.

Yazıda Rusiyanın ümumilikdə 4477 nüvə başlığının olduğu qeyd edilir. Bura həm açıq, yəni raketlərə bərkidilmiş, döyüş hazırlığı vəziyyətinə gətirilmiş, həm də ehtiyatda (anbarlarda) saxlanan nüvə başlıqları daxildir.

Başlıqların 1900-a qədərinin taktiki nüvə silahı kateqoriyasından olduğu bildirilir.

Qeyd olunur ki, taktiki başlıqlar döyüş meydanında məhdud istifadə üçün nəzərdə tutulub: “Belə başlıqlardan birini işə salmaqla, məsələn, tank karvanını və ya təyyarədaşıyan gəmi qrupunu məhv etmək mümkündür.

Bir taktiki nüvə başlığının partlayış gücü 10 min tondan 100 min tonadək trotil partlayışına bərabərdir.

Rusiyanın strateji nüvə başlıqlarının partlayış gücü 500-800 min ton trotil partlayışına ekvivalentdir. Belə strateji nüvə başlığı ilə bir, hətta bir neçə şəhəri tamamilə məhv etmək olar”.

Məqalədə bildirilir ki, taktiki nüvə silahı bəzən “aşağı güc” kimi qiymətləndirilir, amma ekspertlərin bəzisi bu yanaşmanı qəbul etmir: “Çünki partlayış gücü 10-100 min ton trotil partlayışına ekvivalent olan silah böyük dağıntılar törətmək üçün yetərlidir. 1945-ci ildə ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombaları buna əyani sübutdur. Həmin bombalar 15 və 21 min ton trotil partlayışına ekvivalent, yəni Rusiyanın indiki taktiki nüvə silahlarına bərabər gücdə olub.

ABŞ hökumətinin arxivlərindəki sənədlərə əsasən, 1945-ci il partlayışları zamanı bir göz qırpımında Xirosimada 70 min, Naqasakidə 35 min adam ölüb. Daha sonra on minlərlə insan radiasiyanın təsirindən həyatını itirib.

ABŞ-ın Nyu-Cersi ştatındakı Stivens Texnologiya İnstitutunun elm və texnologiya tədqiqatları üzrə direktoru Aleks Vellerşteynin sözlərinə görə, nüvə başlıqları arasında əsl fərq partlayış gücündə deyil, hansı məqsədlə istifadə olunmasındadır: “1945-ci ildə ABŞ Yaponiyaya nüvə zərbələrini bu ölkənin komandanlığını sarsıtmaq, onu təslim olmağa məcbur etmək məqsədilə endirmişdi”.

Bəzi mütəxəssislər nüvə silahları arasında heç bir fərqi qəbul etmir. ABŞ-ın keçmiş müdafiə naziri Ceyms Mettis nüvə başlıqları arasında bir fərq görmədiyini vurğulayır. O, 2018-ci ildə Konqresdə dinləmələr zamanı bildirmişdi ki, taktiki nüvə silahı adlı anlayış yoxdur, istənilən nüvə silahı nə vaxt istifadə edilməsindən asılı olmayaraq dərhal strateji oyun qaydalarını dəyişdirmək gücündədir.

Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (İCAN) Vladimir Putinin təhdidinə cavab olaraq bəyan edib ki, 1945-ci ildə əhalisi az olan və nisbətən təcrid edilmiş Yaponiya ilə müqayisədə indiki Avropa nüvə silahının tətbiqi baxımından daha təhlükəli bir məkandır”.