Rüstəm İbrahimbəyov “Şərəf və ləyaqətə görə” “Nika” mükafatina layiq görülüb - FOTO
26 Aprel 2021
Ötən bazar günü Moskvanın Crocus City Hall konsert zalında “Nika” milli kinomükafatının təqdimetmə mərasimi bizim üçün xüsusilə əlamətdar olub. Belə ki 2020-ci il üçün Eldar Ryazanov adına “Şərəf və ləyaqətə görə” xüsusi nominasiyasının qalibi Azərbaycan SSR və Rusiyanın əməkdar incəsənət xadimi, MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, yazıçı, dramaturq və kinorejissor Rüstəm İbrahimbəyov seçilb. Mükafatı kinorejissor Andrey Konçalovski təqdim edib.
Rüstəm İbrahimbəyov çıxışına uşaqlıq xatirələri ilə başlayıb: “Beş yaşım olanda mənim indiki yaşım qədər yaşı olan qonşumuz, söhbət 1944-cü ildən gedir və bəziləri işə gedən, bəziləri isə cəbhədə olan valideynlərimiz bizi ona tapşırmışdılar, vaxtaşırı uşaqları başına toplayıb deyirdi: “Uşaqlar, siz elə yaşamalısınız ki, dəfninizə ləyaqətli adamlar gəlsinlər”. Uşaqlıq xatirəsi ilə bağlı fikrini tamamlayaraq “Şərəf və ləyaqətə görə” “Nika” mükafatının sahibi qeyd edib: “Mən deməliyəm ki, bütün ömrüm boyu Bakı həyətlərindən birinin əsas nəsihətçisinin bu öyüdünü yerinə yetirməyə çalışıram. Və belə görünür ki, bu, məndə alınır. Şadam ki, seçimlərində kifayət qədər ciddi olan həmkarlarım aradabir özümə qəribə görünən davranışımı təqdir edərək mənimçün son dərəcə dəyərli olan bu mükafata layiq görüblər. Çox sağ olun! Mən çox təsirlənmişəm. Hamıya təşəkkür edirəm!”.
Mükafatı təqdim edən Andrey Konçalovski vurğulayıb ki, hazırda onun Rüstəm İbrahimbəyova təşəkkür etmək imkanı yaranıb. Söhbət 51 il əvvəl ekranlara çıxdığı vaxtdan şedevr adını qoruyub-saxlamaqda davam edən “Səhranın bəyaz günəşi” ekran əsərinin yaranma tarixçəsindən gedir. Vaxtilə Rüstəm İbrahimbəyov, Valentin Yejov və Andrey Konçalovskinin birlikdə yazmağa başladıqları bu filmin ssenarisi bir müddət sonra Yejovla İbrahimbəyovun öhdəsinə qalıb. “Nika” təqdimatında A. Konçalovski taleyindən razılıq, həmkarlarına isə təşəkkür edib ki, o vaxt onun maraq dairəsini başqa yaradıcı nəsnələr doldurub və qələm dostları ikilikdə şedevr yaradıblar.
“Nika” milli kino mükafatı 1988-ci ildə kinorejissor Yuliy Qusmanın təşəbbüsü ilə təsis edilib və o vaxtdan hər il təqdim edilir. Pandemiya səbəbindən ötən il təqdimetmə mərasimi baş tutmadığına görə builki mərasim 2019 və 2020-ci illərin seçimlərini əhatə edib.
aki.az