Logo
news content
User
Kateqoriyalar

İcmal

Rusiyanı necə dayandırmaq? 

Mənbə: Nyu-York Tayms

Tərcümə: Novator

ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Putin 7 il qabaqkı müharibədə ona qələbə gətirmiş əməlləri təkrarlayır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi “Nyu-York Tayms”ın siyasi icmalçısı, 2013-cü ildə “Wall Street Journal” qəzetindəki yazılara görə məşhur “Pulitser” mükafatına layiq görülmüş, daha əvvəlki dövrlərdə “Yerusəlim Post” qəzetinin baş redaktoru vəzifəsində çalışmış Bret Stivensdir.

 “Putin 7 il qabaqkı müharibədə ona qələbə gətirmiş əməlləri təkrarlayır” məqaləsinin tərcüməsini təqdim edirik.

2015-ci ildə Suriya prezidenti Bəşər Əsəd öz ölkəsində müharibəni uduzduğunu görəndə hakimiyyətini qorumaq üçün Moskvanın əl-ayağına düşdü, yekunda Rusiyanın Suriyaya hərbi müdaxilə etməsinə nail oldu.

ABŞ-ın o dövrdəki prezidenti Barak Obama bu məsələyə bir qədər barmaqarası yanaşdı.

Həmin ilin oktyabrında Obama bəyan etdi ki, Rusiya ilə İranın Bəşər Əsədi dəstəkləməsi, Suriya əhalisini yerində oturtmağa çalışması heç bir nəticə verməyəcək, əksinə, Moskvanı, Tehranı və Əsədi daha da bataqlığa sürükləyəcək.

Amma vəziyyət başqa cür oldu.

Rusiya prezidenti Vladimir Putinin Ukraynada apardığı müharibəyə komandanlıq edən zabitlərin bir qismi vaxtilə Suriyada döyüşüb. Onlar Ukraynada dinc əhalini qəsdən, ağına-bozuna baxmadan kütləvi şəkildə qətlə yetirməklə məşğuldurlar və beləliklə, həm qəzəbli ukraynalılara, həm də bəzi yanlış hesablamalar aparan ABŞ administrasiyasına gözlənməz zərbələr vururlar.

2016-cı ilin sentyabrında “Nyu-York Tayms” qəzetinin müxbirləri Enn Bernard və Somini Senqupta yazırdılar ki, Suriyanın Hələb şəhərində əsas hədəflərdən biri xilasedici qruplar, onların qərargahları, avtomobilləridir.

Jurnalistlər xilasedicilərin hədəfə alınmasının dərhal hiss olunduğunu qeyd edirdilər: “İnsanlar dağıntılar altında qalır, amma əraziyə ya heç bir xilasedici gəlmir, ya da çox gec gəlir. Adamları, meyitləri dağıntı altından yenə qohum-əqrəba çıxarmalı olur”.

İndi Putin Ukraynada İran dronlarının köməyi ilə məhz belə bir müharibə aparır.

Oktyabrın sonunda Ukrayna paytaxtı Kiyevin meri Vitali Kliçko Rusiyanın endirdiyi zərbələr nəticəsində sakinlərin 80 faizinin susuz qaldığını, üstəlik, neçə-neçə enerji obyektinə ciddi ziyan dəydiyini açıqlamışdı.

Ukrayna İqtisadiyyat Nazirliyinin hesabatına görə, müharibə başlanandan bəri Rusiyanın hücumları nəticəsində 130 minədək bina, o cümlədən 2400 məktəb binası dağıdılıb.

Moskvanın strategiyası aydındır. Putinin ordusu döyüş meydanında bəzi mövqelərdən geri çəkilə bilər. Lakin o, Ukraynanın su təchizatına, enerji infrastrukturuna endirdiyi zərbələrlə terroru genişləndirib soyuq qış aylarında xalqı dondurmağı, ac saxlamağı bacarsa, Ukrayna ordusunun irəliləməsini ləngidə, Kiyevi hansısa formada atəşkəsə razılaşmaq məcburiyyətində qoya bilər.

Bu isə Rusiyanın zəbt etdiyi ərazilərin böyük hissəsinin işğal altında qalması demək olacaq. Və Putin bunu, sözsüz ki, öz hesab-kitabına qələbə kimi yazacaq.

Ukraynada baş verənlər tək bir ölkənin taleyi məsələsi deyil, bu, bütün dünyanın taleyini təhlükəyə atır. Məsələn, Putinin haqqında bəhs etdiyimiz uğurları qazana bilməsi Tayvana göz dikmiş Çin lideri Si Cinpinə, neçə həftədir inqilabi xarakterli etiraz aksiyalarını yatırtmağa çalışan İranın dini lideri Əli Xamneyiyə stimul verə bilər.

Bəs ABŞ prezidenti Cozef Baydenin administrasiyası belə bir vəziyyətdə nə edə bilər? Daha çevik, daha qətiyyətli hansı addımları atmaq olar?

Müharibə başlanandan bəri ABŞ Ukraynaya sürətlə mühüm əhəmiyyətli silahların çatdırılması siyasətini yürüdür. ABŞ-ın “Javelin” və “Stinger” raketləri müharibənin ilk günlərində Kiyev şəhərini işğaldan qorudu. Sonrakı mərhələdə isə HİMARS raket sistemləri müharibənin gedişini köklü surətdə dəyişdi.

ABŞ daima müharibənin tempini və hava şəraitini qabaqlayan siyasət yürütməli, strategiyasını bu yöndə vaxtaşırı yeniləməlidir.

Bir neçə gün əvvəl Bayden administrasiyası bəyan etmişdi ki, tezliklə Ukraynaya 2 ədəd müasir NASAMS zenit-raket kompleksi veriləcək. Artıq bu vəd yerinə yetirilib.

Ancaq başqa məqam da var: “Nyu-York Tayms” qəzetinin əldə etdiyi məlumata görə, növbəti 6 ədəd zenit-raket kompleksi Ukraynaya yalnız bir neçə il ərzində çatdırılacaq.

Halbuki zenit-raket kompleksləri Ukraynaya indi lazımdır.

Əgər Birləşmiş Ştatlar həmin komplekslərin hamısını tez bir zamanda çatdıra bilmirsə, onda heç olmasa Ukraynanı daha uzaq məsafələri izləməyi bacaran pilotsuz uçuş aparatları (PUA) ilə təmin etsin.

Bayden administrasiyası iyun ayından bəri ABŞ ordusunun arsenalında olan, havada daha uzun müddət qala bilən, “Hellfire” raketləri ilə təchiz edilmiş PUA-lardan 4 ədədini Ukraynaya satmağı nəzərdən keçirir. Amma məsələ Pentaqon bürokratiyasında daşa dirənib.

Pentaqon öz texnologiyalarının rusların əlinə keçə biləcəyindən hədsiz dərəcədə ehtiyatlanır.

Satışı təsdiqləmək bu qədər çətindirmi? Ukraynalılara həmin PUA-ları idarə etmək üçün təlimlər keçməyə başlamağın vaxtı deyilmi? Üstəlik, satılacaq aparatların sayını daha da artırmaq yaxşı olmazdımı?

ABŞ Rusiyanın mühüm infrastruktur obyektlərinə əsassız hücumlarını da çox sərt şəkildə qınamalıdır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen haqlı olaraq Rusiyanın bu hücumlarını xalis terror aktı, müharibə cinayəti kimi qiymətləndirib.

Mən neçə aydır Rusiyanın dondurulmuş valyuta ehtiyatlarını Ukraynanın bərpasına yönəltməyə çağırış edirəm.

Biz ruslara onu da başa salmalıyıq ki, hər bir cinayətkar raket hücumuna görə yüz milyardlarla dollar təzminat ödəməli olacaqlar.

Nəhayət, ABŞ administrasiyası İran liderlərini xəbərdar etməlidir ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini kobud şəkildə pozaraq Rusiyaya yenə zərbə dronları versələr, onların PUA zavodlarına hücumlar başlanacaq, o zavodların külü göyə sovrulacaq.

Tehran Ukraynadakı kütləvi qırğınlara şərikliyinin cəzasını almasa ABŞ-dan çəkinməyib başqa şər əməllərindən də qalmayacaq.

İstənilən ölkə bunu bilməlidir: Moskvanın törətdiyi qətliama yardım göstərmək ona baha başa gələcək.

Bütün bunlar mümkün variantlardır. Əlavələr də etmək olar. Tutalım, Ukraynaya ən yaxşı zirehli silahlar, Rusiyanın Krımdakı hərbi obyektlərini çox uzaq məsafədən vura biləcək raketlər vermək olar.

ABŞ administrasiyanın riskləri hesablaması, Amerika cəmiyyətinin hansı addımları dəstəkləməyə, hansı risklərə getməyə razı olduğunu götür-qoy etməsi də doğru addımdır.

Hazırda ən böyük risk isə ondan ibarətdir ki, Putin Suriyada onun işinə yaramış qorxunc strategiyanı tətbiq etməklə Ukraynanı qara büründüyü günlərdə olmazın vahiməyə sala bilər.

Qış yaxınlaşır. Gəlin qar düşməmiş Ukraynanın qalib gəlməsinə yardım edək.