Rusiya ilə döyüşən ruslar
Kreml əleyhdarı olan bu rus könüllülər cəbhənin ön xəttində, daha çox Baxmut şəhəri və onun ətrafında vuruşub
25 May 2023
ABŞ-ın “Nyu-York Tayms” qəzetində bir qrup silahlının Ukraynadan Rusiyaya keçərək apardığı əməliyyatla bağlı məqalə dərc olunub. “Rusiyaya azadlıq” legionunun arxasında duran döyüşçülər kimlərdir?” başlıqlı məqalənin müəllifi qəzetin beynəlxalq şöbəsində çalışan təhqiqatçı jurnalist Maykl Şvirtsdir. O, 2006-cı ildən “Nyu-York Tayms”a keçmiş sovet ölkələrində cərəyan edən proseslərdən yazır. Bir ara Rusiya paytaxtı Moskvada işləyib. 2020-ci ildə Rusiyanın kəşfiyyat əməliyyatları haqda araşdırmaya görə məşhur “Pulitser” mükafatına layiq görülmüş media qrupunun aparıcı simalarından olub.
Bu həftə Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinə hücum oldu. Hücumun məsuliyyətini öz üzərinə götürən döyüşçülər Rusiya vətəndaşlarıdır. Onlar ukraynalılara qoşulub vuruşan könüllülər dəstəsinin üzvləridir.
“Rusiyaya azadlıq” – dəstə belə adlanır. Əsası 2022-ci ilin avqustunda qoyulub. Məqsəd Kremlin həmin ilin fevralından Ukraynada apardığı müharibəyə qarşı çıxan rusiyalıların silaha sarılıb ukraynalılarla bərabər döyüşməsinə şərait yaratmaqdır. Kreml əleyhdarı olan bu rus könüllülər cəbhənin ön xəttində, daha çox Baxmut şəhəri və onun ətrafında vuruşub.
2023-cü il mayın 22-də dəstə Ukraynanın tərəfində döyüşən ruslardan ibarət başqa bir qrupun – “Rus könüllülər korpusu”nun üzvləri ilə birgə sərhədi keçərək Rusiyanın bir neçə yaşayış məntəqəsini azad etdiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi hücumun dəf edildiyini, sağ qalan bütün hücumçuların geri oturdulduğunu, Ukraynaya qaçdığını bildirsə də, elə həmin gün – mayın 23-ü “Rusiyaya azadlıq” legionu Belqorod vilayətində döyüşləri davam etdirdiyini vurğulayıb.
“Bu, “Rusiyaya azadlıq” legionunun Rusiya ərazisində həyata keçirdiyi ilk əməliyyatdır. Getdikcə bizim əməliyyatların miqyası daha da genişlənəcək” – əməliyyatda iştirak etmiş “Sezar” ləqəbli rus döyüşçülərdən biri “Nyu-York Tayms”a belə deyib.
“Sezar”ın 50 yaşı var. Siravi əsgərdir. “Nyu-York Tayms”ın suallarına legionun mətbuat müşavirliyi vasitəsilə cavab verib.
Mart ayında da bir qrup döyüşçü Ukrayna sərhədini keçib Rusiya ərazisində əməliyyat aparmışdı. Miqyası indiki ilə müqayisədə nisbətən kiçik idi. O hücuma görə məsuliyyəti hazırkı əməliyyatda “Rusiyaya azadlıq” legionuna qoşulduğunu təsdiqləyən “Rus könüllülər korpusu” öz üzərinə götürmüşdü.
Ukraynalı hərbçilərin Belqorod əməliyyatında iştirak edib-etmədiyi bəlli deyil. “Rusiyaya azadlıq” legionu Ukrayna Beynəlmiləl Legionunun çətiri altında yaradılmış bir qrupdur. Beynəlmiləl legiona Amerika, Britaniya, Belarus, Gürcüstan və digər yerlərdən olan könüllülərdən ibarət bölmələr də daxildir. Beynəlmiləl legion Ukrayna Silahlı Qüvvələrinin nəzarəti, ukraynalı zabitlərin komandanlığı altında fəaliyyət göstərir.
Adının hallanmasını istəməyən yüksək rütbəli ukraynalı məmurlardan biri “Nyu-York Tayms”a Rusiyadakı əməliyyat haqda danışmağa razılıq verib. O bildirib ki, ukraynalı hərbçilər bu əməliyyata yalnız dövlət sərhədinin mühafizəsini gücləndirməklə dəstək veriblər. Məmurun sözünə görə, ukraynalıların Belqorod vilayəti istiqamətində sərhəd mühafizəsini gücləndirməkdə məqsədi Rusiyanın Ukrayna ərazisinə doğru mümkün əks-hücumunun qarşısını almaq olub. Rusiya ərazisinə keçib əməliyyat aparan döyüşçülərin sırasına isə, məmurun dediyinə görə, ukraynalılar qoşulmayıb.
Məmur qeyd edib ki, Belqorod vilayəti ərazisinə keçən bölmələr itki də veriblər, amma itkilər onların döyüş qabiliyyətini sarsıda biləcək dərəcədə olmayıb. Ukraynalı məmur başqa təfərrüatları açıqlamayıb.
“Rusiyaya azadlıq” indiyədək elə də diqqət mərkəzinə çəkilmiş bir legion olmayıb. Bunun bir səbəbi legiona qoşulan döyüşçülərin ailə üzvlərini Rusiya hakimiyyətinin repressiyasından qorumaq cəhdidir. Həm də Kiyev minlərlə ukraynalını öldürmüş Rusiyanın vətəndaşı olan əsgərlərin şücaətini işıqlandırıb onları şöhrətləndirməyə həvəs göstərmir.
Rəsmilər Ukraynada cəbhə xəttinə yüzlərlə rusiyalının göndərildiyini bildirirlər. Ancaq ukraynalı hərbçilər konkret neçə rusiyalının onların tərəfində döyüşdüyünü açıb-ağartmır.
Ruslar Ukrayna uğrunda müxtəlif motivlərlə döyüşürlər. 2023-cü ilin əvvəlində bir qisim rusiyalı öz müsahibəsində bunu belə izah etmişdi ki, müharibə başlayanda artıq Ukraynada yaşayırdılar və onları övladı kimi qəbul etmiş ölkənin müdafiəsinə qalxmağı özlərinə borc biliblər. Bir qisim isə Ukraynaya müharibə başlayandan sonra köçüb.
Ruslar Ukraynada cəbhəyə yazılmağın asan olmadığını deyirlər. Əvvəlcə onlar ərizə forması doldurmalı, özləri haqda geniş bilgi verməlidirlər. Sonra bu məlumatlar bir neçə mərhələdə yoxlanır, hətta onlar “yalan detektoru” testindən də keçməli olurlar. Ukraynalılar arasında rus döyüşçülərə inamsızlıq hökm sürür. Ukrayna rəsmilərinin sözlərinə görə, Rusiya kəşfiyyatının əməkdaşları dəfələrlə “Rusiyaya azadlıq” legionuna soxulmağa cəhd göstərib.
Rusiya Müdafiə Nazirliyi nümayəndəsinin 23 may açıqlamasına əsasən, hücumda iştirak edən onlarla diversant öldürülüb, qalanları isə geri oturdulub.
Lakin “Sezar” həmin gün sutka boyu döyüşlərin davam etdiyini və Rusiyanın bir piyada bölüyünün məhv olduğunu bildirir. “Sezar”ın dediklərini yoxlamaq imkan xaricindədir.
“Nyu-York Tayms”a açıqlama verən ukraynalı rəsmi deyib ki, hərbçilər Rusiya piyada alayının taleyi ilə bağlı məlumatların təsdiqlənməsini, o cümlədən pilotsuz uçuş aparatı vasitəsilə qeydə alınmış videoları gözləyirlər.
“Mayın 22-də başlanmış əməliyyatın hədəfləri Rusiya ilə Ukrayna arasında demilitarizasiya zonası (döyüş əməliyyatı hazırlanmasının və aparılmasının yasaq edildiyi zona) yaratmaq, Putin rejiminə xidmət edən silahlıları aradan götürmək və Rusiya xalqına ölkə daxilində rejimə müqavimət formalaşdırmağın, onunla mübarizə aparmağın mümkünlüyünü nümayiş etdirmək idi” – “Sezar” belə deyir. Onun iddiasına görə, bu hədəflərin hamısına çata biliblər.