Logo
news content
User
Kateqoriyalar

İcmal

Rusiya almanları necə aldatmaq istəyir?
İnflyasiya və enerji qiymətlərinin artması Kremlin təbliğatının effekt verməsi üçün əlverişli şərait yarada da bilər

Mənbə: EUObserver

Tərcümə: Novator

Redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşən “EUObserver” internet nəşri Rusiyanın Almaniyada apardığı dezinformasiya kampaniyasından yazıb.

Yazı “Siyasi kapital” təşkilatının bugünlərdə yaydığı hesabat əsasında qurulub.

“Siyasi kapital” Macarıstanda fəaliyyət göstərən müstəqil siyasi araşdırmalar institutudur.

Qurumun hesabatında deyilir ki, Rusiya 2022-ci ilin fevralında Ukraynada total müharibəyə başlayandan bəri Kremlin Almaniyada xüsusilə sosial şəbəkələr vasitəsilə təşkil etdiyi dezinformasiya kampaniyası ən yüksək həddə çatıb.

Kampaniyada əsas hədəf Ukraynaya hərbi-siyasi dəstək verən Almaniyada ictimai rəyi parçalamaq, hökuməti Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan çəkindirmək, alman cəmiyyətini bir hissəsi olduğu Qərbin əleyhinə kökləməkdir.

Rusiyanın təşkil etdiyi dezinformasiya kampaniyasında belə bir fikir təbliğ olunur ki, guya NATO SSRİ dağılandan sonra Avropanın şərqinə doğru genişlənməyəcəyi barədə Kremlə verdiyi vədi pozub, yəni Qərb dünyası, xüsusilə ABŞ Rusiyanı aldadıb.

Ukraynanın müstəqil dövlət olmadığı, Qərbin oyuncağına çevrildiyi fikri də fəal şəkildə aşılanır.

Bildirilir ki, 2014-cü ildə Ukraynada etiraz aksiyalarının baş qaldırmasına, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələrin əvəzləməsinə heç də xalq yox, Qərb ölkələrinin kəşfiyyat xidmətləri səbəb olub.

Rusiyanın Almaniyada intensivləşdirdiyi dezinformasiya kampaniyasının tezislərindən biri də odur ki, ABŞ, NATO dünyanı yeni diktatura nizamı ilə idarə etməyə çalışır. Guya koronavirus infeksiyasını da dünyaya Qərb dairələri yayıb və məqsəd insanlar üzərində nəzarəti gücləndirməkdir.

Müharibələrin, o cümlədən Ukrayna müharibəsinin də baiskarı kimi Qərb göstərilir və bununla Qərbin dünyada hegemonluğunu genişləndirməyə çalışdığı iddia edilir.

“EUObserver” nəşri yazır ki, bütün bu cəhdlərə baxmayaraq dezinformasiyalar Almaniyada Rusiyaya rəğbət oyada, Moskvaya qarşı yönəlmiş sanksiyalara ictimai çoxluğun verdiyi dəstəyi sarsıda bilməyib: “Ancaq arxayınlaşmaq da olmaz. Hazırda Avropa İttifaqı məkanında ictimai ovqat Kremli qane etməsə də, Avropa ölkələrində inflyasiyanın güclənməsi, enerji qiymətlərinin artması Kremlin təbliğat cəhdlərinin effekt verməsi üçün əlverişli şərait yarada da bilər”.

“EUObserver” nəşri Avropa İttifaqının Rusiyanın dezinformasiya həmlələrinə müqavimət göstərmək iqtidarında olduğunu vurğulayır və bu istiqamətdə mümkün vasitələrdən daha səmərəli istifadə edilməsinə çağırır.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım yarımadasını zəbt edib, martda yarımadanı Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.

Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.

Sentyabrın 23-dən 27-dək dörd işğalçı rejimdə Rusiyaya birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.

Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.

Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb.

Müqavilələr oktyabrın 2-də Konstitusiya Məhkəməsindən müsbət cavab alıb, oktyabrın 3-də parlamentin aşağı palatasında (Dövlət Duması), oktyabrın 4-də yuxarı palatasında (Federasiya Şurası) təsdiqlənib, müvafiq qanun layihələri qəbul edilib.

Rusiya prezidenti oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan sənədlər paketini imzalayıb.

Ukrayna hərbçiləri isə son vaxtlar fəal əks-hücum əməliyyatlarına başlayıb. Əks-hücumun əsas istiqamətlərindən biri Xeson vilayətidir. Rusiyanın hərbi-siyasi rəhbərliyi məhz bu həmlələri nəzərə alaraq işğal etdiyi bəzi bölgələrdən çəkilmək qərarı verib.

Noyabrın 11-i səhər Rusiya qoşunlarının Ukraynanın Xerson vilayətinin bir hissəsini, o cümlədən bölgənin mərkəzi şəhəri Xersonu tam tərk etdiyi bəyan olunub. Bundan sonra Ukrayna döyüşçüləri martın 3-dən işğal altında olan Xerson şəhərinə daxil olub.