Logo
news content
User
Kateqoriyalar

İcmal

Rus varidatını necə müsadirə etmək?

Tərcümə: Novator

Rusiya dünyada ən çox sanksiyaya məruz qalan ölkədir. 2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edəndə dünya birliyi (ABŞ və Avropa başda olmaqla) Rusiyaya üç minə yaxın sanksiya qoymuşdu. 2022-ci il fevralın 24-də Ukraynaya qarşı total müharibəyə başlayandan Rusiyaya tətbiq olunan sanksiyaların sayı bundan dəfələrlə çoxdur.

ABŞ-ın “Bloomberg” agentliyi 2022-ci ilin fevralından bəri ABŞ və müttəfiqlərinin Rusiya Mərkəzi Bankının ölkədən kənar maliyyə qurumlarında saxladığı 300 milyard dollara yaxın aktivi dondurduğunu bildirir: “Bundan əlavə Rusiyanın ayrı-ayrı tanınmış adamlarının 58 milyard dollarlıq aktivləri də dondurulub. Həmin aktivlər əsasən fərdi evlərdən, yaxtalardan, təyyarələrdən ibarətdir”.

“Bloomberg” xatırladır ki, 2022-ci ilin fevralında Ukraynaya total hərbi hücum başlanandan az sonra Böyük Britaniyanın o dövrdəki nəqliyyat naziri Qrant Şapps sosial şəbəkədə rusiyalı iş adamına məxsus “Phi” adlı superyaxtanın görüntüsünü nümayiş etdirmişdi: “Britaniya hökuməti bu yaxınlarda Londonda Temza çayı sahilində lövbər salmış 58 metrlik həmin yaxtanı dondurulmuş aktivlər sırasına daxil edib. Ancaq Qrant Şapps o yaxtaya minə bilməz. Çünki Britaniya “Phi”ni müsadirə etməyib, sadəcə yaxtanın mülkiyyət statusunu dondurub.

Aktivin dondurulması ilə müsadirəsi arasında fərq var. Dondurulma aktivdən istifadə olunmasını, yerinin dəyişdirilməsini və ya satışa çıxarılmasını qadağan edir. Ancaq bu halda onun qanuni sahibi dəyişmir. Yəni qanunla rusiyalı iş adamı yenə həmin superyaxtanın yiyəsidir. Aktiv müsadirə olunanda isə mülkiyyət hüququ dəyişir: aktiv sahibinin əlindən alınır, mülkiyyət onu müsadirə etmiş orqana keçir. Bundan sonra aktivi müsadirə etmiş orqan ondan istədiyi kimi yararlana, həmçinin onu satışa çıxara bilər”.

Bəs Rusiyanın dondurulmuş aktivlərinin nə qədəri müsadirə olunub? “Bloomberg” yazır: “Çox az bir qismi. 2022-ci ildə Fici və İspaniyada yerli hüquq mühafizə orqanları ABŞ hökumətinin tələbi ilə rusiyalı milyarderlər Süleyman Kərimova və Viktor Vekselberqə məxsus yaxtaları həbs edib. Süleyman Kərimovun adı ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsinin qara siyahısındadır. İdarə onu Rusiyada hökumətin himayə etdiyi korrupsioner oliqarxlardan sayır. Viktor Vekselberq isə bank fırıldaqlarında, çirkli pulların yuyulmasında, Qərbin qoyduğu sanksiyaları pozmaqda ittiham olunur, onun 99 milyon dollarlıq “Tango” yaxtası buna görə həbs edilib.

ABŞ Süleyman Kərimova, Viktor Vekselberqə və digər rusiyalı milyarder Oleq Deripaskaya məxsus evləri də müsadirə edib. “Forbes” jurnalının məlumatına görə, həmin evlərin ümumi dəyəri 635 milyon dollara yaxındır. Bu məbləğ üç rusiyalı milyarderin cəmi sərvətinin çox cüzi hissəsidir. Götürək elə Viktor Vekselberqi. 2023-cü ilin may ayının 26-na olan hesablamaya görə, onun varidatı 7,1 milyard dollar həcmindədir”.

Rusiyanın dondurulmuş aktivlərini xüsusilə müharibədən sonra Ukraynanın dirçəldilməsinə yönəltmək niyyətinin olduğunu xatırladan “Bloomberg” bu baxımdan dondurmanın kifayət etmədiyini, müsadirəyə keçməyin zəruriliyini vurğulayır.

Agentlik bu istiqamətdə atılan ilk addımlara diqqət çəkərək yazır: “Kanada hökuməti prezident Vladimir Putinin yaxın adamı sayılan rusiyalı milyarder Roman Abramoviçin sanksiya altına düşmüş “Granite Capital Holdings Ltd” şirkətinin aktivlərini satmaq üçün məsələ qaldırıb. Hökumət satışdan əldə oluna biləcək 26 milyon dollar vəsaitin Ukraynanın dirçəldilməsinə yönəldiləcəyini, həmçinin Putinin təcavüzkar müdaxiləsi nəticəsində həlak olmuş ukraynalıların ailə üzvlərinə ödənəcəyini açıqlayıb. Ancaq bu iş üzrə məhkəmə prosesi hələ başlanmayıb.

ABŞ-a gəlincə, Konqres 2022-ci ilin sonunda Rusiya aktivlərinin bəzi hallarda Ukraynanın mənafeyi naminə müsadirə edilməsinə icazə verən qanunu təsdiqləyib. 2023-cü ilin fevralında baş prokuror Merrik Qarlənd ilk belə müsadirəyə qol çəkib, nəticədə sanksiya altında olan rusiyalı oliqarx Konstantin Malofeyevin ABŞ-ın Denver şəhərindəki bank hesabından 5,4 milyon dollar çıxarılaraq müsadirə edilib.

Avropa İttifaqında sanksiyadan yayınma cəhdinin çirkli pulların yuyulması və korrupsiya kimi cinayətlər siyahısına daxil edilməsi təklifi müzakirə olunur. Təklif qəbul edilsə, sanksiya altında olan fiziki və ya hüquqi şəxslərin sanksiyadan yayınma cəhdi onların aktivlərinin müsadirəsinə gətirib çıxara bilər.

Böyük Britaniya beynəlxalq normanı pozmadan aktivlərə həbs qoymağın hüquqi yollarını tapmaq üçün məsləhətləşmələr aparır. Beyin mərkəzlərinin Britaniya hökumətinə verdiyi təkliflərdən biri sübuta yetirmə tələbinin çox da yüksək səviyyədə qoyulmadığı yurisdiksiyaları tətbiq etməkdir. Məsələn, İtaliya qanunu mafiya ilə mübarizə zamanı hakimiyyətə imkan verir ki, mafiya üzvü “ictimai təhlükəli” kateqoriyasına aid edilən kimi onun aktivi üzərinə həbs qoysun və aktivi müsadirəyə yönəltsin.

Almaniya kansleri Olaf Şolts isə aktivlərin müsadirə edilməsinin hüquqi baxımdan problemli olduğunu vurğulayıb. O eyni zamanda deyib ki, hətta müsadirə metodu işləsə belə bu yolla iri həcmdə vəsait toplanacağına inanmır”.

“Bloomberg” mövzunu işıqlandırarkən yaxın keçmişə də ekskurs edib: “2003-cü ildə İraqa qoşun yeridib bu ölkənin lideri Səddam Hüseyni devirəndən sonra ABŞ prezidenti Corc Buş İraqın Amerika banklarında saxlanan 1,7 milyard dollar vəsaitinin müsadirəsinə göstəriş vermiş, sonradan vəsaitin bir hissəsi iraqlı dövlət qulluqçularının maaşlarının ödənməsinə yönəldilmişdi.

Bundan bir qədər əvvəl – 1996-cı ildə ABŞ Kubanın vəsaitini də müsadirə etmişdi. Həmin vəsait vaxtilə Kuba ordusunun vurduğu təyyarədə həlak olmuş üç amerikalının ailə üzvlərinə kompensasiya kimi ödəndi”.