Roman Abramoviç: yetimlikdən milyarder oliqarxlığa
31 Mart 2022
O, üç yaşında yetim qalıb, amma sonra dünyanın ən varlı adamlarından birinə çevrilib. İndi Rusiya Prezidenti Vladimir Putinlə yaxınlığına görə həm işlərini, həm şöhrətini itirir.
"Mənimlə iki-üç gün maraqlanarlar, sonra həvəsləri keçər. Kim olduğumu unudarlar. Bu xoşuma gəlir," - rusiyalı milyarder Roman Abramoviç 2003-cü ildə İngiltərə Premyer Liqasının klublarından biri "Chelsea"-ni satın alan zaman belə demişdi.
Amma son həftələrdə baş verənlərdən sonra Abramoviç çətin unudular. Britaniya hökuməti rusiyalı milyarderin aktivlərini dondurub. Son illərdə bu qurumdan dəfələrlə tələb olunub ki, onun fəaliyyətini daha yaxından araşdırsın.
Hökumət Abramoviçi Putinin Ukraynaya hücum planına şərik olmaqda ittiham edir.
Bir vaxtlar İngiltərə futbolunda samballı yerə sahib olan, amma bu prosesdə azarkeşlərini iki düşərgəyə bölən Abramoviçin gözdən düşməsini alqışlayanlar da olacaq. Hərçənd rusiyalı oliqarx əvvəllər, xüsusən də həyatının ilk illərində böyük çətinliklərin öhdəsindən gəlmiş biridir.
Bir yaşında anasız qalıb
Roman Arkadyeviç Abramoviç 1966-cı ildə Rusiyanın cənub-qərbində - Ukrayna sərhədindən bir neçə yüz kilometr aralıda yerləşən Saratov şəhərində anadan olub. Romanın cəmi bir yaşı olanda anası İrina qan zəhərlənməsindən ölüb. İki il sonra isə bir inşaat qəzasında atası həlak olub.
Qohumlarının himayəsində böyüyən Abramoviç uşaqlığını Rusiyanın şimal-qərbində, əhalisi kasıb, qışı soyuq olan Komidə keçirib.
"Düzü, uşaqlığımın pis keçdiyini deyə bilmərəm. Uşaq müqayisə edə bilmir - biri yerkökü, digəri konfet yeyir. Hər ikisinin dadı yaxşıdır, uşaq olanda bunların fərqini bilmirsiz," - nadir müsahibələrindən birində ("Guardian") Abramoviç belə deyib.
16 yaşında o, təhsilini yarımçıq qoyaraq məktəbdən çıxıb. Mexanik işlədikdən və orduda xidmət etdikdən sonra Moskvada plastik oyuncaqlar satmağa başlayıb. Daha sonra ətir və dezodorant satışına keçib və SSRİ Prezidenti Mixail Qorbaçovun aşkarlıq siyasətindən - sahibkarlığa yaşıl işıq yandırmasından yararlanaraq varlanıb.
"Vəhşi Qərb"
Sovet İttifaqının dağılması və mədənlərə dövlət nəzarətinin azalması Abramoviçin imkanlarını artırıb. 29 yaşında Abramoviç daha bir fürsət əldə edib - 1995-ci ildə "Sibneft" şirkətini saxta bir hərracda Rusiya hökumətindən təxminən 250 milyon dollara alıb, 2005-ci ildə isə 13 milyard dollara onu yenidən hökumətə qaytarıb.
Vəkilləri Abramoviçin qanunsuz yollarla varlanması iddiasının əsassız olduğunu deyirlər. Amma 2012-ci ildə Britaniyada keçirilən bir məhkəmdə o özü "Sibneft"i almaq üçün dövlət rəsmilərinə rüşvət verdiyini etiraf edib.
1990-cı illərdə - Sovet İttifaqı dağılandan sonra böyük sərvət və siyasi güc toplamış oliqarxların nəhəng alüminium sənayesinə nəzarət uğrunda başlatdığı "alüminium müharibələrində" Abramoviç də iştirak edib.
2011-ci ildə "Üç gündən bir biri ölürülürdü" deyən Abramoviç bu "müharibəyə" istəmədən, həyatına təhlükə yarandığı üçün qatıldığını bildirib.
Amma bu xaosun içində o, yüz milyonlarla dollarlıq sərvət toplamağı da bacarıb.
Siyasətdəki illəri
Rusiyanın keçmiş Prezidenti Boris Yeltsinin yaxın adamlarından olmuş Abramoviç postsovet dövründə Moskvanın siyasi səhnəsində özünə yer edə bilib. Hətta bir müddət Kremldəki mənzillərdən birində yaşayıb.
Deyilənlərə görə, 1999-cu ildə Yeltsin istefa verəndə baş nazir və keçmiş KQB agenti Vladimir Putinin onun yerinə gətirliməsi ideyasını dəstəkləyənlər arasında Abramoviç də olub.
Putin oliqarxlar üzərində hökmranlığını təmin etməyə başlayanda biət etmək istəməyənlərin bəziləri həbsə atılıb, digərləri isə sürgün edilib.
Abramoviç cəzalandırılanlardan olmayıb. O, 2000-ci ildə Rusiyanın şimal-şərqindəki kasıb Çukotka vilayətinin qubernatoru seçilib. Şəxsi vəsaitlərindən sosial xidmətlərə ianələr verdiyi üçün xalqın sevgisini qazanıb, amma 2008-ci ildə istefa verib.
Abramoviç bütün bu müddət ərzində iş adamı statusunu da qoruyub; rəsm əsərləri, evlər və avtomobillər alıb.
London çağırır
2003-cü ildə o, Qərbi Londonun ən böyük futbol klubu "Chelsea"-ni 140 milyon funt-sterlinqə satın alıb. Sakit və hətta utancaq olduğu deyilən biri bu gözlənilməz hərəkətiylə futbol dünyasının məşhur simalarından birinə çevrilib.
Abramoviçin sərvəti "Chelsea"-yə Premyer Liqanın beş, Çempionlar Liqasının iki və Britaniya Federasiyanın beş kubokunu qazandırıb.
Abramoviçin mülkləri arasında Londonun qərbindəki "Kensington Palace Gardens"-də dəyəri 150 milyon funt sterlinqdən çox olduğu deyilən 15 yataq otaqlı malikanə, Çelsidə bir mənzil, ABŞ-ın Kolorado ştatında ferma və Fransa Rivyerasında yay iqamətgahı olduğu bildirilir.
Onun "Solaris" və "Eclipse" adlı yaxtaları ən böyük yaxtalardan sayılır. Üç dəfə boşanan Abramoviçin şəxsi təyyarəsi də var.
İftira iddiası
2006-cı ildə "Guardian" qəzeti Abramoviçdən pulun insanların həyatını necə dəyişdirdiyini soruşanda o, "Xoşbəxtliyi pulla almaq olmur. Amma pul müəyyən qədər müstəqillik qazandırır" deyə cavab verib.
Abramoviçin çox zəngin biri olması bilinən faktdır. "Bloomberg" onun 13,7 milyard dollarlıq sərvətlə dünya üzrə 128-ci yerdə olduğunu yazır. "Forbes" isə o siyahıda rusiyalı milyarderi 142-ci yerdə göstərir.
Amma son zamanlar ən çox müzakirə edilən mövzu onun Putinə yaxınlığıdır.
Keçən il Abramoviç "Chelsea"-ni Putinin göstərişiylə aldığını iddia edən kitaba görə "Harper Collins" nəşriyyatını məhkəməyə vermişdi.
"Putinin adamları" adlı kitabın müəllifi Catherine Beltondur.
Tərəflər məhkəmə olmadan razılığa gəliblər, nəşriyyat bəzi məsələlərə aydınlıq gətirməyə boyun olub.
Amma Putinlə münasibətləri ona başağrısı olmaqda davam edib, xüsusən də Rusiya Prezidenti Ukraynaya hücum əmri verəndən sonra.
"Yaxın münasibətlərinə görə onlar da Putinin təcavüzünə ortaqdırlar. Onların əllərində Ukrayna xalqının qanı var," - Britaniyanın xarici işlər naziri Liz Truss Abramoviçin və digər 6 oliqarxın bu ölkədəki aktivlərini dondurulması fonunda belə deyib.
Oliqarxlara sanksiya tətbiq edilməsi qərarından səkkiz gün əvvəl Abramoviç "Chelsea"-ni satacağını açıqlamışdı.
Bəzi fanatlar Abramoviçi alqışlamağa davam edirlər, amma əksər siyasətçilər ona aid aktivlərin nəinki dondurulmasını, hətta müsadirə olunmasını istəyirlər.
Son günlərdə isə məlum oldu ki, martın əvvəlində Ukrayna-Belarus sərhədində keçirilmiş sülh danışıqlarında yüksək vəzifəli ukraynalı rəsmilərdə və Abramoviçdə şübhəli zəhərlənmə əlamətləri müşahidə edilib.
Abramoviç Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşündə də iştirak edib. (BBC)