Qarabağ müharibəsi: Ermənistan üçün dirçəliş şansı
30 Dekabr 2021
İranlı politoloq Həsən Muradxani yazır ki, İkinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan qarşısındakı məğlubiyyətini, işğal olunmuş Qarabağ və ətraf əraziləri itirdiyini nəzərə alsaq, onun tezliklə dirçəlməsi real görünmür. Bununla yanaşı, müharibədən sonrakı proseslərin bir neçə maraqlı aspekti var.
Müharibədən sonra bir maraqlı məqam o qədər də diqqət çəkmədi: savaşda məğlub olmuş Nikol Paşinyan necə oldu ki, yeni seçkidə qələbə qazandı? Bu boyda məğlubiyyətdən sonra onun komandası təxminən 54% səsi necə toplaya bildi?
Ermənistanın sabiq prezidenti Robert Koçaryan son seçkidən sonra verdiyi müsahibədə deyirdi: “Mən dünya tarixində müharibədə məğlubiyyətdən sonra hakimiyyətdə qalmış iki şəxs tanıyıram. Birincisi, 1990-cı il Küveyt müharibəsindən sonra Səddam Hüseyn, digəri İkinci Qarabağ müharibəsindən sonra Nikol Paşinyan”.
Bu yerdə bir maraqlı məqamı da xatırladaq. Paşinyan Ermənistan tarixində ilk ermənistanlı liderdir. Ölkənin ilk prezidenti Levon Ter-Petrosyan Suriyanın Hələb şəhərindəndir, sonrakı rəhbərlər Robert Koçaryanla Serj Sarqsyan isə Qarabağdan. Beləliklə, 30 il ərzində ilk dəfədir ki, ölkəyə rəhbərlik edən şəxslər – istər baş nazir Nikol Paşinyan, istərsə də prezident Armen Sarkisyan əsl ermənistanlıdır.
Bundan başqa, Nikol Paşinyan Ermənistanda bir neçə şeydən bezmiş spektri təmsil edir: Qarabağ müharibəsindən, təcriddən, xaricdəki erməni diasporundan asılılıqdan. Bu “pazl”da tək çatmayan məqam Türkiyə ilə münasibətlərdir ki, bu məsələdə də son günlər “tərpəniş” var. Tərəflər artıq görüşlərə hazırlaşır.
Bəli, ermənilər Dağlıq Qarabağ problemindən bezmişdi. Onlar qarabağlı Koçaryan və Sarqsyanın israrı ilə 30 il idi ki, Azərbaycanla münaqişənin gətirdiyi əziyyətləri çəkir, “DQR”in beynəlxalq səviyyədə tanınmamasının beynəlxalq yükü altında əzilirdilər. Ermənistanın bu 30 ildə bütün diqqətini Qarabağa yönəltməsi, onu əlində saxlaması ermənilərin Cənubi Qafqazdan təcrid olunması ilə nəticələnib. Bununla yanaşı, 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrdən də qopa bilməyən Yerevanın erməni diasporundan daimi asılılığı nəticəsində ölkə ictimaiyyəti daha da parçalanmışdı.
Beləliklə, Nikol Paşinyan, erməni cəmiyyətinin, Ermənistanın 30 illik “regional həbs”dən çıxmasının səbəbkarı ola bilər. Bunun üçün ölkənin həm də dənizə çıxışa ehtiyacı var və bunun ən yaxşı yolu Türkiyəyə qarşı tarixi iddialardan imtinadır. Məhz bu yolla Ermənistan Aralıq dənizinə çıxış əldə edəcək, bununla da “Qafqaz dalanı”ndan qurtulacaq. Hər halda, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Türkiyə arasında yaxınlaşma prosesinin əlamətləri görünür. Yerevanın bu istiqamətdəki son addımları ikitərəfli münasibətlərin bərpası və möhkəmlənməsi ilə yanaşı, həm də Ermənistanın yeni regional və beynəlxalq imic qazanmasına hesablanıb. Beləliklə, Ermənistanın Türkiyə ilə yaxınlaşması onun Qarabağ müharibəsindən sonra məqsədlərinə çatmasına kömək edəcək.
Amma bütün bunlarla yanaşı, Ermənistan-Türkiyə münasibətlərinin düzəlməsi ilə erməni gəmilərinin, həmçinin Azərbaycan gəmilərinin NATO üzvü olan Türkiyənin sularında üzməsi bölgənin tədricən NATO-nun təsir dairəsinə keçməsinə də yol aça bilər. Bu halda NATO-Rusiya qarşıdurması daha da qızışacaq. Ukraynanın NATO-ya üzv olmağa çalışdığı bir vaxtda bu gərginlik onsuz da yüksək həddədir. Deyilənlər də baş verərsə, Rusiyanın reaksiyası kəskin ola bilər.
Bütün bunların fonunda bölgənin daha bir dövləti olan İran da regionun mürəkkəbliyini və həssaslığını nəzərə almaq məcburiyyətindədir.
Tərcümə: Worldmedia.az
Mənbə: Alef.ir