Logo
news content
User
Kateqoriyalar

İcmal

“Putinlə sövdələşmə axtarmaq vaxtı deyil”
Ukrayna bu müharibəni udmalı, Rusiyanın təcavüzü isə strateji məğlubiyyətə çevrilməlidir

Mənbə: The Washington Post

Tərcümə: Novator

ABŞ-ın “Vaşinqton Post” qəzeti hazırkı anda Ukrayna məsələsində Rusiya prezidenti Vladimir Putinlə hər hansı sövdələşməyə getməyi yanlış sayır. Qəzet bu mövqeni redaksiya heyəti adından dərc etdiyi “İndi Putinlə sövdələşmə axtarmaq vaxtı deyil” başlıqlı məqalədə ifadə edib.

Məqalədə bildirilir ki, istənilən müharibə əvvəl-axır başa çatır – hamısı olmasa da, əksəri danışıqlarla başa çatır: “Rusiyanın fevralın 24-dən Ukraynada başlatdığı müharibə də belə yekunlaşa bilər, hərçənd Moskva rejiminin keçmiş üzvlərindən biri – Vladimir Bondaryov Ukraynanı Vladimir Putinin yeni ərazilər zəbt etmək ovqatında olduğu vaxt danışıqlardan çəkinməyə çağırıb”.

Bondaryov fikrini belə əsaslandırıb ki, indi atəşkəs əldə olunarsa, Putin bundan toparlanıb yenidən müharibəyə atılmaq üçün yararlana bilər.

Bununla belə “Vaşinqton Post” son zamanlar əks mövqelərin də səsləndiyinə diqqət yönəldir. Qəzet qeyd edir ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bugünlərdə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Qərb dövlətlərini Ukraynanı Putinlə sövdələşməyə təhrik etməyə çağırıb: “Oxşar düşüncələr İtaliyada, Macarıstanda da dolaşır. Bu ölkələr Avropa İttifaqını Rusiya ilə Ukrayna arasında atəşkəs elan olunmasına və sülh danışıqları aparılmasına dəvət edir. “Nyu-York Tayms” qəzetinin redaksiya heyəti də ABŞ prezidenti Cozef Baydenə çağırış edib. Qəzet yazıb ki, Bayden Kiyevə “qələbə ilğımının dalınca düşməməyi” məsləhət görməlidir.

Amma Qərb alyansında bu mövqeni dəstəkləyənlər azlıqdadır və bu, elə belə də olmalıdır. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin bugünlərdə Davos forumunda bəyan etdiyi kimi: “Ukrayna bu müharibəni udmalı, Putin təcavüzü isə strateji məğlubiyyətə çevrilməlidir”.

Əlbəttə, müharibə dünyaya baha oturur. Müharibə nə qədər tez bitsə o qədər yaxşıdır. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya qüvvələri fevralın 24-dək durduğu mövqelərə qayıtsa, Putinlə danışıqlara gedər. Zelenski haqlı olaraq onu da vurğulayıb ki, qəlp sülh xeyirdən çox ziyan verə bilər və vaxtından qabaq nizamlama danışıqları Ukraynanın hərbi cəhdlərini puça çıxarmağa hesablanmamlıdır.

Ola bilsin, Ukraynanın əks-hücumları uğursuz alınacaq və hərbi vəziyyət zamanla elə bir dalana dirənəcək ki, məsələnin danışıqlarla nizamlanması yeganə çıxış yoluna çevriləcək. Ancaq indiki məqamda Ukraynadakı dostlara kömək etməyin ən yaxşı üsulu onlara həyati əhəmiyyətli silahların çatdırılması prosesini sürətləndirmək və durub öz-özünə danışmaqla məşğul olmamaqdır”.