Putin xəyanətkarları bağışlamır
Priqojin ictimaiyyət arasında populyardır. Əslində Putin ən çox bundan narahat olmalıdır”
26 İyun 2023
Tərcümə: Novator
ABŞ-ın CNN kanalı rusiyalı qiyamçı Yevgeni Priqojinin mümkün taleyini şərh edib.
Prezident Vladimir Putinə sıx bağlı iş adamı Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi birləşməsinin döyüşçüləri iyunun 24-nə keçən gecə Rusiya Müdafiə Nazirliyinə qarşı qiyama qalxıb, Rostov və Voronej vilayətlərində bir çox məntəqəni nəzarətə götürərək paytaxt Moskvaya yön alıblar.
Yevgeni Priqojinə hərbi qiyam təşkili ittihamı ilə cinayət işi açılıb, prezident Vladimir Putin xalqa müraciətində “Vaqner”in üsyanını dövlətə xəyanət adlandırıb.
Həmin axşam “Vaqner” geri çəkilib. Rusiya hakimiyyəti Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə aparılmış danışıqlarda Yevgeni Priqojinə və döyüşçülərinə təhlükəsizlik vəd edib. Yevgeni Priqojinin cinayət məsuliyyətindən azad olub Belarusda yaşayacağı bildirilir.
“Vaqner” Ukraynada aparılan işğalçı müharibədə döyüşür. Bu qrupla Rusiyanın rəsmi hərbi komandanlığı arasında kəskin münaqişə var.
CNN kanalı Yevgeni Priqojin üçün təhlükənin sovuşmadığı qənaətindədir. Kanalın Moskva bürosunun keçmiş rəhbəri Cil Douerti deyir ki, Putin xəyanətkarları bağışlamır: “Prezident Priqojinin Belarusa köçməsinə razılıq veribsə də, istənilən halda onu satqın sayır. Məncə, Putin Priqojini heç vaxt bağışlamayacaq. Ola bilsin, Priqojinin Belarusda öldürülməsinin şahidi olacağıq”.
Ancaq ekspert indiki məqamda Priqojini məhv etməyin asan məsələ olmadığını da vurğulayır: “Çünki hələlik Priqojinin tərəfdarları var. Təkcə “Vaqner” muzdlularını nəzərdə tutmuram. Priqojin ictimaiyyət arasında da populyardır. Əslində Putin ən çox bundan, Priqojinin ictimai dəstəyindən, Rostov-Don şəhərinin küçələrində “Vaqner”çiləri alqışlayan adamlardan narahat olmalıdır”.
CNN qeyd edir ki, Priqojin avtomobillə Rostov-Dondan keçəndə yol qırağına düzülən sakinlər onu alqışlarla yola salıb: “Niyə sadə rusiyalılar hakimiyyəti devirməyə cəhd göstərmiş bir adamı görəndə əl çalır? Bu sualın Putin üçün xoş ola biləcək heç bir cavabı yoxdur”.