Putin milyonlarla insanı acından qırır
Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibə bütün dünyanı təhlükə ilə üz-üzə qoyub
24 May 2022
Mənbə: The Washington post
Tərcümə: Novator
ABŞ-ın “Vaşinqton Post” qəzeti Rusiya prezidenti Vladimir Putinin dünyada milyonlarla insanı aclıqla üz-üzə qoyduğunu yazır.
Qəzetin redaksiya heyəti adından dərc etdiyi “Putin dünyada milyonlarla insanı acından qırır” başlıqlı məqalədə bildirilir ki, Rusiya liderinin qəddarlığı günü-gündən daha da artır: “Ukraynada tam əsassız bir müharibə aparan, əli ukraynalıların qanına batan Putin həm də bütün dünyada artan aclığa görə məsuliyyət daşıyır.
Ukrayna Yaxın Şərq və Şimali Afrikanın böyük hissəsinin çörək səbətidir. Putin isə Ukrayna taxılının Odessa limanı və Qara dənizin digər əsas marşrutları ilə daşınmasına əngəl yaradır. Nəticə dəhşətlidir: dünyada ərzağın qiyməti bütün dövrlərlə müqayisədə ən yüksək həddə çatıb. Hazırda 276 milyon insan ərzaq qıtlığından əziyyət çəkir. Bu, 2019-cu illə müqayisədə iki dəfə çoxdur”.
Putinin yaratdığı qlobal ərzaq böhranı üzündən Şri-Lankada insanların sutka boyu anbarların qapısı ağzında ərzaq növbəsinə dayandığını, çarəsiz vəziyyətdə olan bir atanın “Reuters” agentliyinə açıqlamasında “Acından öləcəyik” deyə fəryad etdiyini yazan “Vaşinqton Post” vurğulayır: “Putinin Ukraynaya təcavüzündən sonra ərzaq kəskin şəkildə bahalaşıb, şri-lankalılar isə bu bahalıqla ayaqlaşa bilmirlər. Hökumətin əhaliyə yardım etmək üçün kifayət qədər vəsaiti yoxdur. Şri-Lanka tarixdə ilk dəfədir borclarını ödəməkdən yayınıb”.
Qəzet daha sonra bildirir: “İnkişaf etməkdə olan ölkələrin böyük hissəsinin bu il və ya gələn il kütləvi aclıqla üz-üzə qalıb-qalmayacağı Putinin atacağı növbəti addımlara bağlıdır.
Dünya liderləri Putini ən azı Şri-Lanka, Burkina Faso, Yəmən, Sudan, Livan, Tanzaniya, Uqanda, Misir, Tunis və Kamerun kimi xarici məhsullardan asılı ölkələrdə on milyonlarla insanın qidalanmasına imkan yaradılması üçün Ukraynadan taxıl daşınmasına icazə verməyə çağırır.
BMT-nin Dünya Ərzaq Proqramının rəhbəri Devid Bizli bugünlərdə Biznesin İnkışafına Dəstək Cəmiyyəti ilə keçirilən toplantıdakı çıxışında deyib: “Əgər sizin Ukraynaya münasibətinizdən asılı olmayaraq, heç olmasa dünyanın qalan qisminə ürəyiniz ağrıyırsa, bu limanları açmalısınız”.
BMT-nin Dünya Ərzaq Proqramı taxılın yarıya qədərini Ukraynadan idxal edir. Bu səbəbdən Devid Bizli limanların bağlanmasının dünyada milyonlarla insanı acından öldürəcəyi qənaətindədir.
“Vaşinqton Post” yazır ki, Putin nəinki Qara dənizdə yükdaşımalara mane olur, o, hətta Rusiya gəmilərini Ukrayna taxılını oğurlamağa və satmağa da məcbur edir: “Bir çox ölkələr oğurluq malları almaqdan imtina edib. Oğurluq taxıl Putinin azsaylı müttəfiqlərindən olan Suriyaya göndərilib.
Mayın 19-u Şri-Lankada yüzlərlə universitet tələbəsi ölkə prezidentinin istefası tələbiylə yürüş keçirib.
Eyni zamanda bir sıra ölkələr daha çox pul və ərzaq yardımı göndərmək üçün hərəkətə keçib. ABŞ hökuməti ərzaq böhranının kütləvi aclığa çevrilməsinin qarşısını almaq üçün artıq 2,6 milyard dollar vəsait ayırıb. Amerikalı senatorlar isə Ukraynaya yardımla bağlı qanunun tərkib hissəsi kimi ərzaq və humanitar ehtiyaclara 5 milyard dollara yaxın vəsaitin ayrılmasına səs veriblər.
Ancaq hazırda 20 milyon ton taxıl və qarğıdalı Ukrayna limanlarındakı anbarlarda ilişib qalıb. Dünya bu problemi həll etməkdə acizdir. Putin müharibəsi Putinin yaratdığı qlobal aclığa çevrilmək üzrədir”.