“Pentaqon dosye”sində açılan sirlər: Putin və ya Zelenski ölsə, Kreml vurulsa... nələr olacaq?
Dünya mediası və siyasi isteblişment bunu müzakirə edir
14 Aprel 2023
Dünya mətbuatı internetdə yayılan və çoxlarının əminliklə “Pentaqonun məxfi məlumatları” adlandırdığı onlarla sənədi araşdırmaqda davam edir və orada bir-birindən maraqlı məqamlar tapır: məsələn, Putinin və ya Zelenskinin öləcəyi halda nələrin baş verməsi barədə kəşfiyyatın təxminləri, ABŞ-ın ərəb müttəfiqlərinin Rusiya ilə əməkdaşlığı haqda eyhamlar, yaxud da Ukrayna ordusundakı çatışmazlıqlar haqqında məlumatlar.
BBC sızan sənədlərdə yer alan bəzi məlumatlar haqqında artıq yazıb, məsələn, Ukrayna müharibəsində tərəflərin itkiləri, ABŞ xüsusi xidmətlərinin müttəfiq ölkələrin rəhbərlərini izləməsi, Qərb ölkələrinin kiçik xüsusi təyinatlı qüvvələrinin Ukraynada olması və ya Serbiyanın Ukraynaya silah verməyə mümkün razılığı haqqında.
Sızmaya aidiyyatı olan rəsmi şəxslər, bir qayda olaraq, sənədlərin məzmununu şərh etmirlər və ya oradakı məlumatların yalan, ya da köhnəlmiş olduğunu deyirlər. Belə bəyanatla çıxış edən sonuncu şəxs Ukraynanın müdafiə naziri Aleksey Reznikov olub.
Amma jurnalistlər internetə sızan onlarla sənədin içində maraqlı bir şey tapan kimi mətbuatda yeni məlumatlar yayılır.
Prezidentlərin ölümü və Kremlə zərbə
“New York Times” qəzeti müharibədəki vəziyyəti radikal şəkildə dəyişəcək hadisələr – məsələn, Vladimir Putinin ölümü, Volodimir Zelenskinin ölümü, Rusiyanın hərbi rəhbərliyinin zorla devrilməsi və ukraynalıların Kremlə zərbəsi – zamanı ABŞ kəşfiyyatının təklif etdiyi hərəkətlər planı haqqında yazır.
Nəşr yazır ki, bu ssenarilər nəticələri proqnozlaşdırılmayan (wild card) hadisələrdir, müxtəlif aralıq variantlarla bərabər kəskin eskalasiyadan sülh danışıqlarına qədər yekunlara səbəb olar bilər. Birləşmiş Ştatlar kəşfiyyatı belə hadisələrin ehtimalını və nəticələrini qiymətləndirmir, sadəcə onlar baş verəcəyi halda komandanlığa və siyasətçilərə davranış variantlarını təklif edir.
Sənəd 24 fevral tarixlidir və “Bir il” kimi qeydə malikdir, yəni, çox güman, müharibənin bir illiyi ilə əlaqədar tərtib olunub.
“Hipotetik ssenarilərin birində Ukrayna Kremlə zərbə endirir. Mümkün nəticələrin geniş spektri müəyyən olunub. Hadisə eskalasiyaya səbəb ola bilər – Putin cəmiyyətin hiddətinə tam səfərbərliklə cavab verər və taktiki nüvə silahının tətbiqi barədə düşünər. Ya da əhalinin qorxusu onu sülh danışıqlarına təhrik edər”, - NYT Amerika kəşfiyyatının mülahizələrini təkrar edir.
Ticarət edən afrikalı müştərilər
NYT-ın haqqında danışdığı daha bir məxfi məlumat Mali hökumətinin neft almaqdan ötrü Rusiya ilə apardığı danışıqlar haqqında hesabatdır.
17 fevral tarixli sənədə görə, malililər Rusiyanın energetika nazirliyi və ÇVK “Vaqner” ilə əlaqəli şirkətlə danışıqlar zamanı rusların təklif etdiyi qiymətlə razılaşmayıblar və sövdələşməyə davam ediblər.
Ərəblərin manevrləri
Britaniyanın “Times” qəzeti məxfi sənədlərdə yer alan məlumatlar içində ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinin – Misir və BƏƏ-nin Rusiya ilə münasibətləri qaydaya salmaları haqda məlumatı qabardır.
Sızan məlumatlara görə, Misir Rusiya üçün “Qrad” raketlərinin istehsalını nəzərdən keçirə bilər. Bu barədə BBC də daxil, bir çox nəşrlər daha əvvəl yazıblar.
“Times” yazır: “Rusiya rəsmi şəxslərinin qeydə alınan danışıqlarına görə, BƏƏ onlarla ABŞ və Britaniya kəşfiyyatına qarşı əməkdaşlıq etməyə razılıq verib”.
BƏƏ bu ittihamları dərhal rədd edib.
“Times” yazır ki, BƏƏ (eləcə də Səudiyyə Ərəbistanı) özlərinin Putin Rusiyasına və Çinə rəğbətlərini gizlətməyə xüsusi səy göstərmirlər. Amma yenə də ABŞ ilə və bir az da Britaniya ilə münasibətləri korlamağı çətin ki, istəsinlər.
Bununla belə, qəzetin fikrincə, sənədlərdəki xəbərlər simptomatikdir: “Sənədlər ərəb dünyasının təhlükəsizlik arxitekturasında və onun ABŞ ilə münasibətlərində tektonik dəyişikliklər haqqında tezisə əlavə sübutdur”.
Ukraynanın hücum üçün yetərli qüvvəsi yoxdur?
Amerikanın “Washington Post”unun ardınca Britaniyanın “Daily Telegraph” qəzeti Ukraynanın böyük və uğurlu hücum üçün qüvvəsinin yetərli olmaması barədə Amerika kəşfiyyatının qiymətləndirməsi əks olunan sənədə xüsusi diqqət ayırır.
“Sənəddən aydın olur ki, əks-hücum planlarının reallığı ilə bağlı ABŞ-ın ciddi şübhələri var. Onlar bu əməliyyatın kiçik ərazilərin azad edilməsinə səbəb olacağından narahatdırlar. Sənəddə ehtimal olunur ki, Ukrayna hərbçilərinin yetərincə hazırlıqlı olmamaları ilə yanaşı silah-sursat çatışmazlığı hücuma mane ola bilər və gərəksiz itkilərə səbəb olar”, - “Daily Telegraph” yazır.
Eyni zamanda qəzet xatırladır ki, sənədin tarixi fevralın əvvəlinə aiddir və o vaxtdan vəziyyətin dəyişməsi mümkündür.
Ukrayna HHM qüvvələrinin döyüş qabiliyyətinin “ayıldıcı mənzərəsi”
“Washington Post” qəzetinin şərhçisi, qırx ildən çoxdur ki, beynəlxalq siyasətdən, müharibə və kəşfiyyatdan yazan Devid İqnatius da Ukrayna ordusunun silah-sursat çatışmazlığı haqqında düşüncələrini bölüşür. İqnatius, məsələn, Ukrayna ordusunda zenit raketlərinin sayından və istifadəsindən bəhs edən 23 fevral tarixli sənədi qeyd edir və “bu rəqəmlər qorxuncdur” yazır.
Şərhçi sənədin məzmununu açır: Altı kilometrdən yüksəkdə uçan hava hədəfləri ilə mübarizədə Ukrayna sovetin “Buk” və S-300 sistemlərindən istifadə edir. Bu zaman əgər əvvəlki istifadə temp davam edərsə, amerikalıların fevral hesablamalarına görə, ukraynalıların “Buk”u martın 31-də, S-300 raketləri isə mayın 2-də qurtarmalıdır.
“Sənəddə qeyd olunur ki, əgər Ukrayna bu əskikliyin yerini doldurmasa, Rusiya havada üstünlük əldə edəcək və yerüstü hədəflərə maneəsiz hücum edə biləcək. Bu da o deməkdir ki, Ukrayna nə əks-hücum üçün qüvvələrini cəmləyə, nə də öz şəhərlərini müdafiə edə biləcək”, - “Washington Post” şərhçisi yazır.
İqnatius qeyd edir ki, Ukraynanın müharibə tələbatını sürətlə və effektli ödəmək üçün Qərbin də ehtiyatı və istehsal gücü kifayət qədər deyil.
Sənədlərin həqiqiliyi ilə bağlı isə İqnatius onların məzmununun məlum faktlarla uyğunluğuna, eləcə də prezident administrasiyasından anonim həmsöhbətinin “ilk baxışda həqiqi görünürlər” deməyinə söykənməyi təklif edir.
“Ukrayna üzrə kəşfiyyat sənədləri, hər şeydən göründüyü kimi, vəziyyəti dəqiq əks etdirirlər və ayıldıcı mənzərə təsvir edirlər”, - Amerika jurnalistikasının veteranı belə yazır.
Hazırladı: Yadigar Sadıqlı