Logo
news content
User
Kateqoriyalar

İcmal

Pandemiya adamların işə münasibətini dəyişib
İndi insanların pandemiyaya qədərki iş tərzinə, iş sisteminə qayıdacağı ehtimalı azdır

Mənbə: Vaşinqton Post

Tərcümə: Novator

ABŞ-ın “Vaşinqton Post” qəzetində COVİD-19 pandemiyasının işə yeni münasibət formalaşdırdığı haqda yazı dərc olunub.

Redaksiya heyəti adından təqdim olunan “Ofisdən kənarda: pandemiya və işə yeni münasibət” başlıqlı məqalədə bildirilir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyayasının sürətlə dünyanı bürüməsi, pandemiyaya çevrilməsi işçi qüvvəsinə çox böyük təsir etdi, milyonlarla insan iş yerini itirdi: “Ancaq sonradan itirilmiş iş yerləri sürətlə bərpa olunmağa başladı. Artıq ABŞ-da pandemiya dövründə itirilmiş 22 milyon iş yerinin hamısı bərpa olunub və bu, böyük irəliləyiş deməkdir.

İş yerlərinin sürətlə bərpası işçi qüvvəsinə tələbatı da artırıb. Bu isə əməkdaşlara on illər ərzində sahib olmadıqları təsir imkanları verib və həmkarlar ittifaqlarının yeni təşəbbüslərlə çıxış etməsinə şərait yaradıb”.

Qəzet yazır ki, indi insanların pandemiyaya qədərki iş tərzinə, iş sisteminə qayıdacağı ehtimalı azdır: “Artıq işçilər daha artığına iddialıdırlar. Onların bir çoxu daha dolğun həyat yaşamaq istəyir və belələrinin karyerasını ənənəvi ofis şəraitində davam etdirəcəyi, saatlarla ofisdə oturub çalışacağı, habelə böyük ambisiyaların ardınca qaçacağı ağlabatan görünmür.

Yüksək məvacib alanlar da iş tərzini dəyişiblər. Onlar işdən çıxmasalar da, yavaş-yavaş köhnə iş rejimindən aralanıblar və iş həftəsini 60 saatdan 40 saata endiriblər.

Orta və gənc nəsil nümayəndələri indi karyerada zirvələri zəbt etməkdən çox cəmiyyətə, millətə, dünyaya xeyir verməyi düşünür. Əmək bazarının bu şəkil alması isə aşağı gəlirli insanlara daha yüksək maaşlı və daha yüngül qrafikli işə keçmək imkanları yaradıb”.

Məqalədə deyilir ki, çoxlu insanın çalışdığı iri ofislərdə qeyri-müəyyənlik hökm sürür: “Pandemiyanın qızğın dövründə işin üçdə ikiyə qədəri məsafədən icra olunurdu. İndi bu göstərici üçdəbir nisbətində qərarlaşıb.

Məsafədən işləyənlərin çoxu hibrid iş qrafikinə keçib, yəni həm evdən, həm də ofisdən çalışırlar. Bu cür qarışıq iş rejimi iri şəhərlərdə daha çox müşahidə olunur.

“Wall Street Journal” qəzetinin məlumatına görə, pandemiyaya qədər ofisdən çalışanların yalnız yarısı şəhərin işgüzar rayonlarına qayıdıb. Qalan hissəsi isə ya məsafədən işləməyi davam etdirmək, ya da hibrid iş rejimində çalışmaq istəyir və onlar bunun tam ştatlı ofis işi qədər məhsuldar olduğuna iddia edir, iş saatlarının hamısını ofisdə keçirmək tələbini mənasız sayırlar.

Məsələyə yanaşmada bəzi şirkətlərdə əməkdaşlarla rəhbərlik arasında gərginlik, mübahisələr yaşanır. Belə şirkətlər indi öz gələcəkləri ilə bağlı həm çevik, həm də düşünülmüş qərar qəbul etmək məcburiyyətindədir”.

“Vaşinqton Post” daha bir qeyri-müəyyənliyin koronavirus infeksiyasının uzunmüddətli təsirləri ilə bağlı olduğunu yazır: “Düzdür, hökm vermək mümkün deyil, amma elə şirkətlər var ki, infeksiyadan ziyan çəkmiş və xəstəlik üzündən iş qabiliyyətini itirmiş işçilərin müalicəsi ilə illərlə məşğul ola bilər”.

Qəzet qeyd edir ki, pandemiya dövründə amerikalı işçilər böyük dəyanət göstərib, hər şəraitə uyğunlaşa bildiklərini sübuta yetiriblər. Buna misal olaraq insanların hətta xəstəxana palatalarından da işlədiyi, ev paltarında “Zoom” proqramı vasitəsilə görüşlərdə iştirak etdiyi xatırladılır. Bildirilir ki, bu keyfiyyətlər gələcəkdə yeni-yeni sınaqlardan keçib daha oturuşmuş xarakter alacaq.