Logo
news content
User
Kateqoriyalar

İcmal

Otbiçən maşın səsinə öyrəşən qulaqlar...
Havada üstünlüyü ələ ala bilməyən Rusiya İran dronlarına üz tutmağa məcbur qalıb

Mənbə: Nyu-York Tayms

Tərcümə: Novator

ABŞ-ın “Nyu-York Tayms” qəzeti Rusiya-Ukrayna müharibəsində istifadə edilən İran dronları barədə məqalə yayıb. Məqalənin müəllifi Ostin Rəmzi yazır: “Rusiyanın Ukrayna paytaxtı Kiyevə son hücumları adamların qulağını bir səsə öyrəşdirib. O, otbiçən maşın, yaxud motosiklet səsinə bənzəyir və İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) işə düşdüyünü xəbər verir.

Analitiklərin fikrincə, Rusiyanın ilk dəfə iki ay əvvəl Ukraynada tətbiq etdiyi İran dronlarını yenidən işə salması Moskvanın yüksək dəqiqlikli silahlarının tükəndiyini göstərir”.

Məqalədə Rusiyanın yararlandığı “Şahed-136” adlı İran dronlarının xarakteristikası da verilir. Bildirilir ki, “Şahed-136” zərbə dronudur: ”Ona “kamikadze dron” da deyirlər, çünki hədəfə zərbə endirəndə özü də məhv olur.

Qanadı üçbucaq şəklindədir. Hər bir “Şahed-136” 80 funt (36 kiloqram) ağırlığında döyüş başlığı daşıya və 1500 mil (2400 kilometr) məsafə qət edə bilir. Ona görə belə dronları cəbhə bölgəsindən uzaq məsafədən havaya buraxmaq olur.

Ancaq “Şahed-136” yavaş hərəkətlidir, səsi bərk çıxır və alçaqdan uçur. Bu xüsusiyyətləri onu hava hücumundan adi müdafiə vasitələri ilə vurmağa imkan verir”.

Müəllif hərbi ekspertlərə istinadla qeyd edir ki, Ukrayna ordusu dronları vura bilir: “Amma Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, eyni vaxtda bir neçə dronla hücuma keçəndə Rusiyanın uğur qazanmaq imkanları artır”.

Rusiyanın İran dronlarından istifadə etməsinin səbəblərindən söz açarkən Ostin Rəmzi vurğulayır ki, Ukraynaya qarşı müharibə səkkiz aydır davam edir və bu müddətdə rus ordusu havada üstünlüyü ələ ala bilməyib: “Rusiyanın pilotlu təyyarələri Ukrayna səmasında böyük risklərlə üzləşdiyinə görə Moskva pilotsuz təyyarələrdən yararlanmaq qərarına gəlib.

“Şahed-136” hədəfi aşkarlayana qədər səmada sərbəst şəkildə dövrə vura bilir. Bu, Rusiyaya öz canlı qüvvəsini riskə atmadan hücum etmək şansı verir. Tehran Moskvaya silah tədarük etdiyini rəsmən boynuna almasa da, ABŞ rəsmilərinin fikrincə, İrandan Rusiyaya ilk hərbi yük hələ avqust ayında göndərilib”.

Məqalədə Ukraynanın da PUA-lardan yararlandığı, Türkiyə istehsalı olan “Bayraktar-TB2” dronları ilə Rusiyanın tanklarına, raket sistemlərinə zərbələr endirdiyi xatırladılır: “ABŞ da Ukraynaya kamikadze dronlar – “Switchblade” zərbə dronları verib”.

Ostin Rəmzi Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadla yazır ki, əslində 80 funtadək ağırlıqda döyüş başlığı daşımaq gücü zərbə dronu üçün o qədər də yetərli sayılmır: “Amma “Şahed-136”nın hədəfi dəqiq nişan almaq qabiliyyəti onunla hesablaşmaq, dağıdıcı gücünü ciddiyə almaq məcburiyyəti yaradır.

İran PUA-larının törətdiyi partlayışların canlı şahidi olmuş ukraynalı zabitin sözlərinə görə, “Şahed-136” tutalım, barıt anbarı yanında özüyeriyən artilleriya qurğusunu vurduqda bir döyüş başlığının törədə biləcəyindən daha güclü partlayışa bais ola bilir”.

Məqalədə daha çox Rusiyanın artilleriya zərbələrinə öyrəşmiş ukraynalılar üçün döyüş dronlarının yeni təhlükə olduğu, amma Ukrayna ordusunun da məsələyə seyrçi qalmadığı, PUA-ları vurmaq qabiliyyətini günü-gündən təkmilləşdirdiyi bildirilir.