Logo
news content
User
Kateqoriyalar

İcmal

Navalnının arxasınca sürünən “Kölgə”...
Əməliyyatçılar müxalifət liderini, onun ailəsini və həmkarlarını qarabaqara izləyiblər

Mənbə: Meduza

Tərcümə: Novator

Rusiyanın Ryazan şəhərində yerləşən “Kölgə” özəl detektiv agentliyinin əməkdaşları hazırda həbsdə olan müxalifət lideri Aleksey Navalnını və onun yaxın çevrəsini izləyirmiş. Bunu “Dosye” mərkəzinin apardığı araşdırma üzə çıxarıb.

1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. O, 2013 və 2014-cü illərdə həbs cəzalarına məhkum edilib, 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzası alıb.

Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri olan Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.

“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.

2021-ci il yanvarın 17-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozma ittihamı ilə onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçib. Fevralın 2-də isə Moskvanın Simonov Rayon Məhkəməsi eyni ittihamla Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Fevralın 20-də Moskva Şəhər Məhkəməsi həbs müddətini 2 il 6 ay 2 həftəyə endirib.

Həbsindən sonra Rusiyada Aleksey Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb. Ardınca Aleksey Navalnıya ekstremist icmanın yaradılması və ona rəhbərlik ittihamı ilə yeni cinayət işi açılıb. Bu iş üzrə istintaq davam edir.

2022-ci ilin martın 22-si isə Navalnıya başqa ittihamlarla yeni hökm oxunub. Paytaxt Moskvanın Lefortovo Rayon Məhkəməsi onu xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluqda və təhqirdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib. Siyasətçiyə 1,2 milyon rubl cərimə də kəsilib.

İttihama əsasən, Aleksey Navalnı 2018-ci ildə toplanmış 350 milyon rubldan çox ianəni aidiyyəti üzrə xərcləməyib və məhkəmə hakimini təhqir edib.

Siyasətçi Vladimir vilayətində, ümumi rejimli koloniyada cəza çəkir.

“Dosye”nin araşdırmasına görə, “Kölgə”nin əməliyyatçıları Navalnını, o cümlədən onun ailəsini və həmkarlarını Rusiya ərazisində və xaricə səfərlər zamanı müşayiət ediblər. Onlar əsasən 2020-ci ilin iyulunda siyasətçinin həyat yoldaşı Yuliya Navalnayanı Kalininqrada səfəri zamanı izləyiblər. Yuliya Kalininqradda olarkən özündə zəhərlənmə əlamətləri hiss edibmiş.

2020-ci ilin avqustunda, yəni Navalnının “Noviçok”la zəhərləndiyi ay “Kölgə”nin əməliyyatçıları onu Novosibirsk şəhərində müşayiət ediblər. Müxalifət liderinin zəhərlənməsindən 5 gün qabaq detektiv qrupu izləməni dayandıraraq Novosibirsk şəhərindən çıxıb. 5 gün sonra Navalnı Tomsk şəhərində zəhərlənib. Bundan bir neçə gün sonra isə “Kölgə”nin əməliyyatçıları Rusiyanı tərk ediblər.

“Dosye”nin araşdırıcıları Navalnını və onun ailəsini izləyənlərin kimliyini də müəyyən edə bilib. Siyahıda Rusiya Federal Təhlükəsizlik Xidməti nəzdindəki Narkotiklərin Dövriyyəsinə Nəzarət İdarəsinin keçmiş əməkdaşları Aleksandr Borzunovun, Aleksandr Zarubinin, Andrey Malikovun, Vyaçeslav Romaşinin adları yer alır.

“Dosye” mərkəzi bildirir ki, “Kölgə” agentliyinin əsas sifarişçiləri Federal Təhlükəsizlik Xidmətinin elmi-texniki xidmət şöbəsinin rəisi general-polkovnik Eduard Çernovoltsev və iri dövlət korporasiyalarıdır.

Aleksey Navalnının, o cümlədən yazıçısı Dmitri Bıkovun və siyasətçi Vladimir Kara-Murzanın zəhərlənməsində şübhəli bilinənlərin məhz Federal Təhlükəsizlik Xidmətinin Kriminalistika İnstitutunun əməkdaşları olduğu və bu institutu Çernovoltsevin kurasiya etdiyi vurğulanır.

“Kölgə” əməkdaşlarından biri – Aleksandr Borzunov “Dosye”yə açıqlamasında Aleksey Navalnını tanımadığını söyləyib.

Agentliyin digər detektivi Aleksandr Zarubin “Kölgə”nin Navalnını izləməsi barədə sualı cavablandırarkən “Dosye” əməkdaşlarından niyə belə qənaətə gəldiklərini soruşub, sonradan isə onlara nömrəni səhv saldıqlarını deyərək telefonu qapadıb.

“Dosye” mərkəzi Rusiya İstintaq Komitəsindən “Kölgə” agentliyinin fəaliyyətinin araşdırılmasını xahiş edib. İstintaq Komitəsi sözügedən məsələ ilə bağlı heç bir şərh verməyib.