Logo
news content
User
Kateqoriyalar

İcmal

Müharibə rus mədəniyyətini xarabazara çevirir
Savaş təkcə Ukrayna dağlarında-düzlərində deyil, dünyanın ən böyük mədəniyyətlərindən birinin qəlbində də gedir

Mənbə: The Guardian

Tərcümə: Novator

Böyük Britaniyanın “The Guardian” qəzetində “Ukrayna müharibəsi rus mədəniyyətini xarabazara çevirir” başlıqlı məqalə dərc olunub. Müəllif londonlu yazar Uilyam Feədir. Məqalənin tərcüməsini təqdim edirik.

Rusiya təkcə Lev Tolstoy, Sergey Raxmaninov demək deyil, həm də İosif Stalin, Lubyanka türməsi, füsunkarlığından çox qan üstündə bərqərar olmuş ölkə deməkdir.

Ruslar mədəni irsi uca tutsalar da, ölkədə yaradıcı adam olmaq hər zaman həyatını təhlükəyə atmaq anlamına gəlib: yaradıcılıq aktı eyni zamanda azadlıq aktıdır.

Sovet dövründə düşündüyünü dilə gətirmək əvvəlcə pəncərəsiz qaranlıq otağa salınmaqla, sonra Sibirə sürgün olunmaqla nəticələnirdi. Bu gün Rusiya prezidenti Vladimir Putinin Ukraynada apardığı işğalçı müharibənin əleyhinə çıxan rusları da eyni aqibət gözləyir. 1906-1911-ci illərdə çar Rusiyasında Nazirlər Kabinetinə sədrlik etmiş Pyotr Stolıpinin sözləri ilə desək, Rusiyada 10 ildən bir hər şey dəyişir, 200 ildə isə heç nə dəyişmir.

Qərblilərə elə gələ bilər ki, rus yazıçıları daim senzura altında yazıb, təxminən sovet dövründəki sayaq bir senzura altında. SSRİ-də bir neçə üstüörtülü misraya görə şairlərin zirzəmilərdə necə güllələndiyini, Sibirdə donub ölməyə məhkum edildiyini tarixdən yaxşı bilirik. Bizə elə gələ bilər ki, həmişə belə olub. Amma müasir dövrdə, ən azı Ukrayna müharibəsinədək vəziyyət fərqli idi.

Putin hakimiyyətinin ilk çağlarında Rusiyada yazarlara dövlətə qarşı çıxacaq qədər azadlıq verilib. 1999-cu ildə mərkəzi hakimiyyətə gələndə Putin Sovet İttifaqının səhvlərindən nəticə çıxarmış adam təsiri bağışlayır, rus ədəbiyyatına, mədəniyyətinə fərqli yanaşma nümayiş etdirirdi. Hökumət yazıçıları nəzarətdə saxlamağa çalışmır, əksinə, onların siyasi dəyərini tanıyırdı. Çünki Putinin xarici aləmə təqdim etmək istədiyi yeni Rusiya üçün yaradıcı adamların varlığı faydalı idi.

Putin hakimiyyətinin ilk dövründə ədəbi-mədəni mühitə belə mülayim yanaşma iki kökə dayanırdı. Birincisi, Rusiyada ədəbiyyata tələbat əvvəlki kimi deyildi. SSRİ dövründə yazılan və nəşr olunan əsərlərin, o cümlədən musiqinin, kinonun ciddi siyasi çəkisi vardı. Stalin qiraət həvəskarı idi, ədəbiyyata maraq göstərirdi. Sovet hökumətinin mədəniyyətin hər sahəsini nəzarətə götürməsində əsas məqsəd isə o idi ki, xalq dövləti yeganə gerçəklik, gerçəyi yalnız dövlət kimi anlayıb qəbul etsin.

Putində və onun Kremlə yığdığı digər başkəsənlərdə müasir rus ədəbiyyatına sovet dövründəki sayaq bağlılıq yoxdur. Ona görə onların vecinə də deyildi kim nə yazır. Bunu bilməyə, yəni ədəbiyyata ehtiyacları yox idi. Bu gün rusiyalıların əksəri ilk növbədə televiziya və internetin təsiri altındadır. Putini rusiyalı yazıçıların romanları narahat etmirdi, çünki bu ölkədə ədəbiyyat daha maarifləndirmək, yeni ideyalar yaymaq rolunu oynamırdı.

Putinin yazıçılara tolerant münasibətinin ikinci səbəbi onun fərqli bir diktatura qurmaq kələyində idi. O, sovet hökuməti kimi insanların həyatını başdan-başa nəzarətə götürməyə cəhd göstərmirdi, ona dünyanın, eləcə də rusların ölkədə Avropa sayağı demokratiya qurulduğuna inanması, yəni bu kələyə aldanması bəs edirdi.

Təsadüfi deyil ki, Kremlə hakimiyyətin legitimliyi haqqında suallar ünvanlananda dərhal ölkədə azad mətbuatın olduğunu, müntəzəm demokratik seçkilərin keçirildiyini, ədəbi mühitin çiçəkləndiyini vurğulayırdı. Bir sözlə, yazıçılara, xüsusən dissidentlərə istədiyini yazmaq imkanının verilməsi Putinin öz marağına uyğun idi.

Bu yaxınlarda tanınmış rus yazıçısı və dissidenti, İsveçrədə yaşayan Mixail Şişkinlə söhbətim oldu. Dedi ki, 2000-ci illərdə dövlət yazıçıları dəstəkləyir, əsərlərin xaricdə çap olunmasına yardım edirdi. Federal Mətbuat və Kütləvi Kommunikasiyalar Agentliyi (“Rospeçat”) bu istiqamətdə dövlət vəsaiti hesabına layihə həyata keçirirdi. Tərcümə İnstitutu rusca çıxan kitabların başqa dillərə çevrilib xaricdə yayılması məqsədilə nəşriyyatlara maliyyə ayırırdı. Şişkinin fikrincə, bu prosesdə əsl məqsəd hakimiyyətin avtoritar mahiyyətini gizlətmək, onu dünyaya başqa biçimdə təqdim etmək idi: “Yeni hibrid diktatura özünü azad ölkə kimi qələmə verməyə çalışır və yazıçılarla işi SSRİ dövründəkindən fərqli aparırdı”.

2013-cü ilə qədər Şişkin bu prosesin içində olub. Həmin il isə o, Nyu-York Beynəlxalq Kitab Sərgisində Rusiyanı təmsil etməkdən boyun qaçırıb və “Rospeçat”a açıq məktubunda bunu Kremlin xalqı, rus mədəniyyətini təhqiramiz vəziyyətə salması ilə əsaslandırıb. Açıq məktubda Kremlin siyasi kursunu tənqid atəşinə tutan Şişkin Rusiya vətəndaşı olmaqdan xəcalət çəkdiyini də vurğulayıb.

2022-ci ilin fevralından isə yerli-dibli hər şey dəyişib. Rus tankları Ukraynaya soxulandan Putin hakimiyyətinin praqmatik tolerantlıq dövrü birdəfəlik başa çatıb. Bundan təxminən bir il qabaq “Rospeçat” ləğv edilib, onun səlahiyyətləri Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə (“Roskomnadzor”) verilib. “Roskomnadzor” Rusiyada interneti nəzarət altına almış azman, qəddar bir təşkilatdır.

“Cyber Partisans” adı altında fəaliyyət göstərən, beloruslardan ibarət haker qrupunun əldə etdiyi bilgiyə əsasən, “Roskomnadzor” tək Rusiyada yox, Belarusda da “arzuolunmaz internet resurslarına” senzura qoyur.

Rusiyada Putinə qarşı çıxmaq gündən-günə daha təhlükəli işə çevrilib. O biri yandan insanların buna ehtiyacı da hər gün artır. Yazıçı, əslində hər kəs həqiqəti söyləməyə borcludur. Susmaq yaradıcı intihara bərabərdir. Rusiyanın neçə-neçə böyük mədəniyyət xadiminin Avropaya, ABŞ-a axışmasının kökü də bundadır. Mühacirət onlara Rusiyada duymadıqları təhlükəsizliyi və azadlığı verir.

Paradoksa baxın. Putin müharibəni Ukraynada rus mədəniyyətini və dilini neonasist təqibindən qurtarmaq cəhdi kimi qələmə verir. Əslində isə müharibə ən yaxşıların, düşünən beyinlərin rus torpağından qaçışını sürətləndirib.

İndi Boris Akunin Londondan, Lüdmila Ulitskaya Berlindən yazır. Sənətkarlar ölkəni tərk etdikcə Rusiya mədəniyyəti solğunlaşır, zənginliyini, rəngarəngliyini itirir, yerində yalnız Putinpərəst boz tiplər qalır.

Rusiya prezidenti yanında fəaliyyət göstərən Mədəniyyət və İncəsənət Şurasına yığılmış bir qrup tanınmış sənət adamının, yazıçının Putin rejiminə, habelə onun Ukraynada apardığı işğalçı müharibəyə dəstəyini görəndə adamda belə bir təəssürat yaranır ki, Rusiya “mədəni Potyomkin kəndi”nə çevrilmək təhlükəsi qarşısında qalıb.

Rəvayətə görə, Rusiyanın Qara dəniz hərbi donanmasının qurucusu və ilk komandanı general Qriqori Potyomkin 1787-ci ildə kraliça II Yekaterinada xoş təəssürat oyatmaq məqsədilə kraliçanın Osmanlı imperiyasından ilhaq edilmiş Krıma səfəri zamanı Dnepr çayı boyunca saxta evciklər tikdirib və bununla da idarə etdiyi ərazidə firavanlığın hökm sürdüyünü göstərməyə çalışıb. Tək kraliça yox, onunla birgə səyahətə çıxan əcnəbi zadəganlar, həmçinin Avstriya imperatoru bu gözlənməz “nailiyyətə” heyran qalıb. Potyomkinin ehtimal olunan bu fırıldağı “Potyomkin kəndi” ifadəsinin gözdən pərdə asmaq mənası verən bir termin kimi tarixə düşməsi ilə nəticələnib.

Putinin “mədəni Potyomkin kəndi” də gözqamaşdıran bir fırıldaqdır.

Qərbdə çoxları Putinin müharibəsinə cavab olaraq rus mədəniyyətini boykot etməyə çağırır. Amma bu taktika yalnız Putinin “Qərb həmişə Rusiyaya nifrət edib, həmişə də belə olacaq” ritorikasının xeyrinə işləyə bilər. Əksinə, düşünən insanlar hər yerdə rus dissidentlərini dəstəkləməli, onların kitablarını almalı, konsertlərinə, sərgilərinə getməlidir.

İnsanlar rus dissidentləri ilə Kremlin havadarları arasında fərq qoymağın vacibliyini də unutmamalıdır. Müharibə müəyyən mənada Rusiya cəmiyyətini iki yerə bölüb: mənəvi əqidəsi olanlar və olmayanlar. İndi savaş təkcə Ukrayna dağlarında-düzlərində deyil, dünyanın ən böyük mədəniyyətlərindən birinin qəlbində də gedir.