Logo
news content
User
Kateqoriyalar

İcmal

Moskvanın gözə girən barmağı
İnformasiya müharibəsi Rusiyanın qonşuluğundakı ölkələrin siyasətinə necə təsir edir

Tərcümə: Novator

“Euronews” telekanalının internet səhifəsində “Moskvanın barmağı: informasiya müharibəsi Rusiyanın qonşuluğundakı ölkələrin siyasətinə necə təsir edir?” başlıqlı yazı dərc olunub. Məqalənin tərcüməsini təqdim edirik.

2022-ci ilin fevralında Rusiya Ukraynaya total hərbi təcavüzə girişəndən bir çox ölkə təbliğat-təşviqatı, dezinformasiyanı ciddi təhdid kimi qəbul etməyə başlayıb. İnformasiya müharibəsi xüsusilə Rusiyaya qonşu ölkələrin siyasi gündəmində əsas məsələlərdən birinə çevrilib. Bu ölkələrdə siyasilər durmadan təbliğat-təşviqatdan, dezinformasiyadan danışırlar. Analitiklər isə deyirlər ki, Kremlin xeyrinə yönəlmiş təbliğatı qonşu ölkələrdə ictimai rəyə yeritməyə çalışan elə ilk növbədə həmin ölkələrin öz siyasi qüvvələridir.

Bu baxımdan Gürcüstan və Moldovada vəziyyət daha gərgindir. Hər iki ölkədə siyasi rəqiblərin Kremlin xeyrinə informasiya müharibəsi aparılması, Rusiya dezinformasiyasından istifadə olunması mövzusunda sərt qınaqlarına rast gəlinir.

Gürcüstan da, Moldova da Avropa İttifaqına üzv olmaq niyyətindədir. Hər iki ölkədə siyasi meydan faktiki Rusiyapərəstlərlə Qərbyönlülərə bölünüb.

Qərb fondlarının dəstəyi ilə Cənubi Qafqazda yaradılmış resurs və təlim mərkəzləri şəbəkəsinin – Qafqaz Tədqiqatları Resurs Mərkəzinin direktor müavini Dastin Gilbretin sözlərinə görə, Gürcüstan cəmiyyətində və mediasında qütbləşmə daha aydın duyulur: “Gürcüstanda Avropa İttifaqına üzv olmaq istəyi çoxdur, lakin ictimai xadimlərin Qərb əleyhinə təbliğata qoşulması təhlükəsi də var. Məsələ bundadır ki, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qurduğu hökumətin təmsilçiləri tez-tez ABŞ və Avropa İttifaqı rəsmilərini aşağılayan ifadələr işlədir, Vaşinqtonun Tbilisini müharibəyə sürükləmək istədiyini vurğulayır. Kütləvi şəkildə olmasa da buna inananlar var. Özü də Gürcüstanda dezinformasiyalar əsasən əhalinin içindən qaynaqlanır, hökumət adamları isə bu təbliğata əlavə güc verir. Ciddi problemdir”.

Gilbretin fikrincə, Rusiya-Ukrayna müharibəsinin nə ilə bitəcəyi Gürcüstandan ötrü həyati əhəmiyyət daşıyır: “Tbilisidə əmindirlər ki, bu, eynilə 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsi kimi bir savaşdır. Moskva Kiyevə qalib gəlsə, tək Ukrayna yox, Rusiyanın digər qonşuları həmişəlik rus imperiyasının təsir dairəsində qala bilər. Ona görə Kremlin hazırda müşahidə edilən hərbi uğursuzluğu postsovet dövlətlərində suverenliyin möhkəmlənəcəyinə ümidlər yaradır”.

Müstəqil jurnalist və siyasi icmalçı Razi Jantenin fikrincə, Moskva Gürcüstan siyasətinə “yumşaq güc” yolu ilə təsir göstərməyə çalışır: “Moskvanın tətbiq etdiyi metodlar Rusiya haqda müsbət imic yaratmağa yox, Qərbə münasibətdə mənfi rəy formalaşdırmağa yönəlib. Məsələn, Rusiya Avropa dəyərlərini gürcü mədəniyyətinə, ənənələrinə təhlükə kimi təqdim edir, cinsi azlıqların hüquqları və digər bu kimi məsələlər ətrafında manipulyasiyalar aparır.

Ancaq unutmaq olmaz ki, Gürcüstanda vətəndaşların 80 faizi ölkənin Avropa İttifaqına üzvlüyünü istəyir. Artıq heç bir media, dezinformasiya bu tendensiyanı dəyişmək gücündə deyil. Bunu Kreml də yaxşı anlayır. Ona görə Rusiya gürcüləri başqa həqiqətə inandırmağa o qədər də cəhd göstərmir. Kreml əsas işini Gürcüstanın liderləri, rəhbərliyi ilə aparır. Qarşıda bizi təlatümlü, gərgin aylar gözləyir, çünki ölkənin taleyi həll olunur, geosiyasi, tarixi yol müəyyənləşir. Gürcüstanın Rusiyanın təsiri altına düşə biləcəyi riski var”.

Razi Jante hesab edir ki, Moskvanın təsiri altına düşsə, Gürcüstanda idarəetmə daha da avtoritarlaşacaq: “Cəmiyyət Avropaya inteqrasiyadan imtinanı qəbul etməyə hazır deyil, ona görə hökumət belə bir variant ortaya qoysa, xalqla qarşıdurma qaçılmaz olacaq. O halda hakimiyyətin Rusiyanın dəstəyinə arxalanıb etirazların qarşısını daha qəddar üsullara almağa əl atacağını da proqnozlaşdırmaq mümkündür”.

Moldovaya gəlincə, Rusiyayönlü təşviqat materialları bu ölkədə siyasi mübarizənin mühüm hissəsinə çevrilib. Moldovada da analitiklər təbliğat kampaniyalarının Avropayönlülərlə Rusiyapərəstlər arasındakı parçalanmanın təsiri altında formalaşmasından gileylidir.

Almaniyanın Fridrix Ebert Fondunun Moldovadakı təmsilçisi Feliks Hettin sözlərinə görə, qarşıdurmanı qızışdıran Moldovanı idarə etmiş keçmiş rejimin revanşizm cəhdidir: “Moldovada hazırkı hökumətə ən böyük təhlükə köhnəfikirli, Rusiyapərəst, pulpərəst siyasi qüvvələrdən, oliqarxlardan gəlir. Onlar hakimiyyətə qayıtmaq istəyirlər. Fikrimcə, ən böyük problem ondadır ki, bu qüvvələr öz siyasətlərini yürütmək üçün Rusiyanın tezislərindən yararlanır”.

Feliks Hettin sözlərinə görə, qütbləşmiş mühit moldovalıları güvənilə biləcək bir etibarlı informasiya mənbəyi axtarışına çıxmağa vadar edir: “Rəsmi mənbələr belə bir mənbə rolunu oynamağı yetərincə bacarmır. Ölkədə sosial-iqtisadi durum ağırdır, bu da cəmiyyətdə gərginliyi artırır, hakimiyyətlə xalq arasında münaqişə yaradır, dezinformasiya ilə effektiv mübarizə aparmağa mane olur”.

Hett hesab edir ki, həm Rusiya, həm də Avropa ilə sıx bağlılığı olan Moldova cəmiyyətində əsas diqqət dövlət institutlarına inamın bərpasına yönəldilməlidir.

Moldova prezidenti Maya Sandu Avropaya inteqrasiyanın əsas carçısına çevrilib. O, Rusiya təbliğatına qarşı dövlət səviyyəsində mübarizə aparmaq üçün ayrıca qurum – Vətənpərvərlik Mərkəzi yaratmağı təklif edir.

Bu təklifi səsləndirməzdən bir qədər əvvəl Maya Sandu Moskvanı Moldovada dövlət çevrilişi hazırlamaqda, sabitliyi pozmağa çalışmaqda günahlandırmışdı.

Rusiya Moldova rəhbərinin iddialarını rədd edir. Moskva başqa dövlətlərin daxili işinə qarışmadığını vurğulayır.