Logo
news content
User
Kateqoriyalar

İcmal

Kimlər hələ də Rusiya ilə müttəfiqdir?
Rusiya beynəlxalq aləmdə strateji tərəfdaşlar tapmaq istiqmətində həm açıq, həm də gizli iş aparır

Mənbə: Euronews

Tərcümə: Novator

“Euronews” kanalının internet səhifəsində “Putinin Ukraynaya genişmiqyaslı hərbi təcavüzündən bir il sonra kimlər hələ də Rusiya ilə müttəfiqdir?” başlıqlı yazı dərc olunub. Yazının tərcüməsini diqqətinə çatdırırıq.

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan bir ildən çox vaxt ötməsinə baxmayaraq beynəlxalq aləmdə Moskvanın hələ də tərəfdaşları və müttəfiqləri var.

BMT-nin Rusiyanı Ukraynaya qarşı güc tətbiqini dərhal dayandırmağa, bütün qoşunlarını qeyd-şərtsiz geri çəkməyə çağıran 2 mart 2022-ci il tarixli qətnaməsinin əleyhinə beş ölkə – Rusiya, Belarus, Suriya, Şimali Koreya və Eritreya səs vermişdi.

O vaxtdan Rusiya beynəlxalq aləmdə yeni strateji tərəfdaşlar tapmaq və ya mövcud münasibətləri dərinləşdirmək istiqmətində həm açıq, həm də gizli iş aparır.

Bəs Rusiyanın tərəfində kimlər və nə üçün dayanır?

Rusiyanın yaxın müttəfiqi: Belarus

Belarus Rusiyanın qonşusu, həm də ən mühüm hərbi müttəfiqidir. Bu iki ölkə arasında çox sıx mədəni və iqtisadi bağlılıq mövcuddur.

Müharibənin başlanğıcında Belarus Ukraynanın şimalına və paytaxtına hücum çəkmiş Rusiya üçün plasdarm rolunu oynayırdı. O dövrdə Rusiya Belarusda hərbi təlimlər keçirir, bu ölkənin hava məkanından yararlanırdı.

Belə görünür ki, 2020-ci ildə keçirilən və legitimliyi şübhə altına alınan prezident seçkisindən sonra Belarus prezidenti Aleksandr Lukaşenko tamamilə Rusiya prezidenti Vladimir Putindən asılı vəziyyətə düşüb. 2020-ci il seçkisində Belarusda hökumət əleyhinə kütləvi aksiyalar başlanmışdı. Rusiya həmin aksiyaların yatırılmasında həlledici rol oynadı.

Baş ofisi London şəhərində yerləşən “Chatham House” Beynəlxalq Münasibətlər Mərkəzinin Rusiya və Avrasiya proqramı üzrə əməkdaşı Anais Marinin sözlərinə görə, Belarus hakimiyyəti özünü bütünlüklə müttəfiqi Rusiyaya tabe edib: “Hətta o dərəcədə ki, artıq Belarusun beynəlxalq siyasətin ayrıca subyekti olduğu da şübhə doğurur”.

Rusiya Belarusda qoşun yerləşdirmək prosesini davam etdirir. Belarus hərbi qüvvələri Ukrayna ilə müharibəyə qoşulmasa da, Kremlin bu ölkə ərazisindən Kiyevə hücuma keçə biləcəyi ehtimalı hələ də qüvvədə qalır.

Rusiyanın fövqəldövlət statuslu dostu

2022-ci ildə Rusiya Ukraynaya hücuma keçməzdən az əvvəl Moskva ilə Pekin birgə bəyanat qəbul etmişdi.

Çin və Rusiyanın Qərblə düşmənçiliyinin daha da gücləndiyi bir vaxta təsadüf edən bəyanatda iki ölkə arasında dostluğun hüdudsuz olduğu vurğulanırdı.

Çin hələ də Rusiyanın Ukraynaya təcavüzünü qınamayıb, hətta bunu heç “müdaxilə” də adlandırmayıb. Əksinə, o, müharibəyə görə Qərbi günahlandırıb və Rusiyaya qarşı tətbiq olunan sanksiyalara sərt mövqe sərgiləyib.

Bununla belə, Ukrayna müharibəsinin mənfi təsir göstərdiyi ölkələrdən biri də Çindir. Müharibə Çində xüsusilə idxal-ixrac prosesinin nizamını pozub və karbohidrogen qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnib.

Bu yaxınlarda Çin Ukrayna ilə bağlı sülh planı təqdim edib. Planda bütün ölkələrin suverenliyinə hörmətlə yanaşılmasına dair bənd yer alsa da, bunun konkret olaraq Ukraynaya münasibətdə nə anlam daşıdığı göstərilməyib.

Ukrayna prezidenti Vladimir Zelenski sülh planını müzakirə etmək üçün çinli həmkarı ilə görüşmək istədiyini bəyan edib. Amma Çin etibarlı vasitəçi ola bilərmi?

Anais Marinin sözlərinə görə, ən azı Qərbdə Çinin sülh planı Rusiyanın xeyrinə təklif olunmuş bir variant kimi qəbul edilir: “Qərbdə belə düşünürlər ki, Pekinin planı daha çox Ukraynanın Rusiyaya güzəştlərə getməsini nəzərdə tutur. Buna isə nə Kiyev razılaşar, nə də əksər Qərb hökumətləri”.

Hindistan

Çin kimi Hindistan da Ukrayna müharibəsi başlanandan Rusiyadan xam neft və təbii qaz idxalını artırıb. Hindistanın Rusiya ilə dostluq əlaqələri uzaq keçmişə – Qərbin Sovet İttifaqı ilə “soyuq müharibə”də olduğu dövrlərə gedib çıxır.

Dehli Kremldən çoxlu sayda silah alır, üstəlik, Rusiyadan aldığı karbohidrogenin həcmini də artırıb. Bütün bunlar Rusiyanın Ukraynada işğalçı müharibəsinin maliyyələşdirilməsinə yardım edir.

Hindistan Rusiyanın hərbi əməliyyatlarını pisləyən əksər BMT qətnamələrinə qoşulmayıb. Bununla belə, bir ara Dehli Ukrayna müharibəsinə görə Kremli açıq şəkildə tənqid etməyə yaxın idi. Hindistanın baş naziri Narendra Modi 2022-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putinlə görüşəndə ondan sülh yolunu tutmağı xahiş etmiş, “Hazırkı dövr müharibələr dövrü deyil” demişdi.

“Hasar”ın o tayındakı qrup

Bir çox başqa dövlətlər, xüsusilə də Latın Amerikası və Afrika ölkələri iki tərəf arasında balanslı siyasət yürütmək xəttini tutub. Onlar Rusiyanı açıq tənqid etməkdən çəkinərək qeyri-müəyyən sülh çağırışları səsləndiriblər. Eyni zamanda bəzi Latın Amerikası və Afrika ölkələri Kremllə iqtisadi və hərbi əlaqələrini genişləndirib.

Məsələn, Braziliya prezidenti Luis İnasiu Lula da Silva Rusiya ilə strateji əlaqələrdən fəxrlə danışıb, xüsusilə iki ölkə arasında dizel yanacağı və gübrə ticarətinin artdığına toxunub.

Özünü sülhməramlı kimi göstərmək cəhdinə və Rusiya ilə Ukrayna arasında diplomatik danışıqlara vasitəçilik etmək məqsədilə bir neçə ölkədən ibarət qrup yaratmaq ideyasına baxmayaraq, Braziliya prezidentinin bəyanatları Rusiyanın bu müharibədə günahkar olmaması uydurmasına çoxdan dayaq durur.

Lula da Silva 2022-ci ilin may ayında “Time” jurnalına müsahibəsində “Bu oğlan (yəni Ukrayna prezidenti Vladimir Zelenski) da Putin kimi müharibəyə görə məsuliyyət daşıyır” demişdi. Həmin açıqlama Ukrayna rəsmilərinin qəzəbli reaksiyasına səbəb olmuşdu.

Moskvanın bəzi Afrika ölkələri ilə güclənən dostluğu

Ukraynaya hücuma keçəndən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov tez-tez bəyan etməyə başlayıb ki, ABŞ və Avropa Afrika qitəsində müstəmləkə asılılığını bərpa etməyə çalışır. Lavrovun bu iddiası Moskvanın Afrika ölkələrini Qərbdən uzaqlaşdırmaq cəhdinin tərkib hissəsidir.

Lavrov bu tipli bəyanatları qitənin bir neçə iri dövlətinə, o cümlədən Cənubi Afrika Respublikası, Konqo Demokratik Respublikası və Efiopiyaya üz tutaraq səsləndirib.

Vaxtilə Sovet İttifaqı Cənubi Afrika Respublikasında aparteid rejiminin əleyhdarlarından olub. Bu səbəbdən Cənubi Afrika ilə Rusiya arasında çoxdan dostluq münasibəti formalaşıb. Son dövrlərdə isə Rusiya ilə Çin Cənubi Afrika Respublikasının sahillərində birgə hərbi dəniz təlimləri keçirib.

Qərbdən, xüsusilə Fransadan üz çevirmiş daha bir Afrika ölkəsi Malidir. 2021-ci ilin mayında Malidə dövlət çevrilişi baş verib. Həmin vaxtdan Mali hakimiyyətinin arxalandığı qüvvələrdən biri Ukrayna döyüşlərində də fəal iştirak edən Rusiyanın “Vaqner” qrupunun