Logo
news content
User
Kateqoriyalar

İcmal

Keçmiş prezidentin qızı Putinə aşiq olub
Duduzile Zuma-Sambudla Rusiya rejiminin xeyrinə dezinformasiyalar yaymaqda ittiham olunur

Mənbə: İndependent Online

Tərcümə: Novator

Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın qızı Duduzile Zuma-Sambudla Rusiya rejiminin xeyrinə dezinformasiyalar yaymaqda ittiham olunur. ABŞ və Böyük Britaniya hökumətlərinin sifarişi ilə aparılmış araşdırma Duduzilenin Afrikada Moskvanın lehinə dezinformasiyalar yayan əsas fiqurlardan olduğunu göstərib. Keçmiş prezidentin qızına qarşı ittihamlar bundan sonra ortaya çıxıb.

Araşdırmanı baş ofisi London şəhərində yerləşən İnformasiya Dayanıqlığı Mərkəzi aparıb. Təşkilat Duduzile Zumanın “Tvitter” şəbəkəsində yazdığı qeydləri (tvitləri) təhlil edəndən sonra belə qənaətə gəlib ki, sabiq prezidentin qızı tək Afrikada deyil, bütün dünyada ictimai rəyi Rusiya hakimiyyətinin xeyrinə kökləməyə çalışır.

Duduzile Zumanın “Tvitter” şəbəkəsində 230 mindən çox abunəçisi var.

İnformasiya Dayanıqlığı Mərkəzi bəyan edib ki, Duduzile Zumanın Kremllə əlaqəsi olub-olmadığını bilmir: “Onun Rusiya prezidenti Vladimir Putinlə, bu ölkənin başqa məsul şəxsləri ilə birbaşa ünsiyyətdə olub-olmadığından, dezinformasiyaları sifarişlə, yoxsa öz təşəbbüsü ilə yaydığından xəbərsizik. Ancaq bir şey tam aydınlığı ilə bəllidir: Duduzile Zuma “Tvitter”in Afrika seqmentində Vladimir Putinin lehinə ən geniş təbliğat aparan şəxslərdən biridir”.

Cənubi Afrikanın ingilisdilli “İndependent Online” nəşrinin yazdığına görə, Duduzile ittihamlara Rusiyanın RT kanalına müsahibəsində cavab verib. O deyib ki, bir sosial şəbəkə istifadəçisi kimi “Tvitter”də sadəcə öz düşüncələrini ifadə edir: “Mənim məsələlərə fərdi baxışım var. Tvitlərimin motivi ilə bağlı müzakirələrin getdiyini yaxşı bilirəm, ancaq yazdıqlarım öz düşüncələrimdir, Moskva buna görə mənə pul ödəmir. Tvitlərimin bütün dünyada insanlara çatması, oxunması məni çox sevindirir. Mövqeyimi əksəriyyət qəbul edir. Bəli, mən Rusiyanı dəstəkləyirəm. Çoxları Rusiyanı dəstəkləyir”.

Duduzile Zuma tutduğu mövqenin Qərb hökumətlərinin Afrikaya, həmçinin digər qitələrdəki ölkələrə ədalətsiz münasibətindən qaynaqlandığını iddia edib: “Uzun müddət Qərbə ən qüdrətli toplum, dünya lideri kimi yanaşılıb. Amma indi vəziyyət dəyişib. İndi dünyaya faktiki olaraq prezident Putin, Rusiya liderlik edir. Bir çoxları, xüsusən də afrikalılar bu gün həqiqətən Putinə meyillənib. Qərb bunu özünə təhlükə kimi görür, ona görə narahatdır”.

1942-ci il təvəllüdlü Ceykob Zuma 1999-2005-ci illərdə Cənubi Afrikanın vitse-prezidenti, 2009-2018-ci illərdə prezidenti olub, Vladimir Putinə yaxın adam kimi ad çıxarıb. Uzun korrupsiya qalmaqallarının postdan sala bilmədiyi Ceykob Zuma 2018-ci ilin fevralında hakim partiyanın (Afrika Milli Konqresi) ultimatumundan sonra istefa vermək məcburiyyətində qalıb.

Həmin ilin mart ayında Ceykob Zumaya korrupsiya, hədə-qorxu ilə pul tələb etmə və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi başlanıb. Ancaq o, bu iş üzrə ifadə verməkdən boyun qaçırıb. 2021-ci ilin iyununda keçmiş prezident məhkəməyə hörmətsizlikdə təqsirli bilinərək 15 ay müddətinə azadlıqdan məhrum olunub. Ceykob Zuma cəzanın bir hissəsini həbsxanada, bir hissəsini səhhəti ilə əlaqədar şərti azadlıqda çəkib.

Sabiq prezident çoxarvadlı şəxsdir (Cənubi Afrika qanunları buna icazə verir). Onun bir neçə rəsmi nikahı var. Qeyri-rəsmi nikahlarının da olduğu bildirilir. Övladlarının sayı barədə dəqiq məlumat yoxdur. Ən azı 20 övladı olduğu deyilir.

Duduzile siyasətçinin rəsmi nikahdan olan qızıdır, 1982-ci ildə doğulub. 2011-ci ildə Ceykob Zuma həbs ediləndə ölkədə baş vermiş qanlı iğtişaşlarda Duduzilenin də xüsusi rol oynadığı vurğulanır. Bildirilir ki, həmin vaxt Ceykob Zuma tərəfdarlarını ayağa qalxmağa və etiraz aksiyaları zamanı aqressiv davranmağa sövq edən həm də Duduzilenin “Tvitter” şəbəkəsi ilə yaydığı ismarışlar olub.