Kadırovun 10 milyonluq atını Ukrayna kəşfiyyatı qaytarıb?
Çeçenistan rəhbərindən qalmaqallı açıqlama
18 May 2023
Mənbə: Euronews
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 2012-ci ildə aldığı və 2014-cü ildə Çexiya tərəfindən Çeçenistan Respublikasının başçısına qarşı sanksiyalar çərçivəsində müsadirə edilmiş təmiz qanlı atı Zazunun geri qaytarılmasını bayram edir.
Bir gün əvvəl Kadırov “Telegram” kanalında Çexiyanın Krabçitsa kəndindəki tövlədə olan atının 18 min dollara sahibinə qaytarılması üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən oğurlanması ilə bağlı maraqlı paylaşım edib.
Martın 7-də Çexiya mediası həqiqətən də Çeçenistan liderinin dondurulmuş əmlakı kimi Krabçitsada olan Zazunun oğurlanması barədə məlumat yayıb. Polisin məlumatına görə, martın 4-nə keçən gecə “oğru sürüşən qapıdan karabinli zənciri çıxarıb və damazlıq ayğırı aparıb”. Başlanan istintaq heç bir nəticə verməyib.
“Dostlar, şad xəbərim var!
2014-cü ildə Avropanın sanksiyalarının ağır yükünü ilk çəkənlərdən biri, Qərb özbaşınalığının qurbanı olmuş, illərlə Çexiya tövlələrinin birində həbsdə yatmış atım Zazunun oğurlanması hekayəsini xatırlayırsınız?
Beləliklə, o zaman həqiqətən nə baş verdiyini indi danışmaq olar. Narahat olmayın, Zazu yaxşıdır.
İlin əvvəlində Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri vasitəçilərdən mənə xəbər göndərərək, Zazunu satın almağı təklif etdilər. Ata bağlılığımı bildilər və uduzmadılar - təbii ki, razılaşdım. Düzünü desəm, düşünürdüm ki, Zazunu birtəhər rəsmi təhvil verəcəklər, onun üzərindən sanksiyalar götürüləcək və sairə. Amma məlum oldu ki, məxfi xidmət orqanlarının cəsarətli planı var – onlar, sadəcə, Çexiya polisi ilə əlbir olaraq, onun Çexiyadakı tövlədən oğurlayıblar. Nəzərinizə çatdırım ki, o zaman hər kəsə qəribə görünürdü ki, necə ola bilər, bu cür bahalı at birdən-birə yoxa çıxsın? Deməli, ola bilərmiş.
İndi Zazu evə qayıdır. Və onun qaytarılması mənə baha başa gəldi ... diqqət: 18 min dollar! Bəli, bəli, o vaxt Çexiyanın hüquq-mühafizə orqanları onu məhz o məbləğdə qiymətləndiriblər. Əsl dəyərini və əla cinsini nəzərə alsaq, bunlar sadəcə qəpik-quruşdur!
Odur ki, dostlar, əgər Avropadan nəsə gətirmək lazımdırsa, Ukrayna xüsusi xidmət orqanlarına müraciət edin. Sürətli, peşəkar, ucuz, sanksiyalardan yan keçərək!))” – Kadırov yazır.
İndi 16 yaşlı ingilis ayğırı “evə gedir”. Kadırov qeyd edib ki, o, xərclənən pula görə peşman deyil, “öz real dəyərini və əla cinsini nəzərə alaraq”. O, atı 10 milyon dollar dəyərində qiymətləndirir.
Jezdci.cz-in məlumatına görə, Kadırov atı 2012-ci ildə Almaniyanın WH Sport International şirkətindən Dubay Dünya Kubokunda iştirak etmək üçün alıb: 2023-cü ildə ümumi mükafat fondu 30,5 milyon dollar olan nüfuzlu at yarışı. Orada Zazu beşinci olub. Ümumilikdə ayğır 36 yarışda iştirak edib, onlardan 9-da qalib gəlib və 1,2 milyon avrodan çox qazanıb.
Çexiya Daxili İşlər Nazirliyi kimi, Ukrayna xüsusi xidmət orqanları da hələ ki, məlumatı şərh etməyiblər.