İsveçdə Rusiya təcavüzünə qarşı həyəcan siqnalı
16 Yanvar 2022
Baltik dənizində İsveçə məxsus olan Qotland adasında təhlükəsizlik tədbirləri gücləndirilib.
İsveçin Müdafiə Nazirliyi bidlirib ki, bu tədbirlər Rusiyanın regiondakı hərbi fəallığının artması ilə bağlıdır.
Yanvarın 14-dən başlayaraq adanın inzibati mərkəzi Visbi şəhərində hərbçilər zirehli transportyorlarla patrul keşiyi çəkirlər.
France Press agentliyi xəbər verir ki, şəhərin küçələrində ahzırda 10-dək zirehli texnika var.
Bundan başqa adaya əlavə əsgəri qüvvələr gətirilir.
Xəbər verilir ki, İsveç tərəfinin bu müdafiə tədbirlərindən az əvvəl Baltik dənizinə Rusiyaya məxsus üç böyük desant gəmisi daxil olmuşdu.
Gəmilərin gəlişi NATO ilə Moskva arasında Ukraynaya görə gərginliyin artdığı vaxta təsadüf edib.
ABŞ və NATO ilə Rusiya arasında bu həftə keçirilən danışıqlarda nəticə əldə olunmayıb.
ABŞ və NATO Rusiyanın irəli sürdüyü tələbləri birmənalı şəkildə rədd ediblər.
Moskva NATO-dan Ukrayna və Gürcüstanın, habelə heç bir keçmiş sovet respublikasının alyansa üzv olmayacağına, keçmiş sovet məkanında hərbi təlimlərin keçirilməyəcəyinə dair yazılı qarantiya tələb edir.
İsveçin müdafiə naziri Peter Hultkvist yanvarın 14-də deyib:
"Silahlı qüvvələr İsveçin ərazi bütövlüyünün qorunması, habelə İsveçi və onun maraqlarını müdafiə etmək iqtidarında olduğumuzun nümayişi üçün bütün zəruri tədbirləri görür”.
Rusiya İsveçin də NATO üzvü olmasına qarşıdır
İsveç NATO üzvü olmasa da alyansla bir sıra sahələrdə əməkdaşlıq edir.
Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra İsveç müdafiə tədbirlərini gücləndirib.
Ölkədə hərbi mükəlləfiyyət və ya icbari hərbi xidmət bərpa olunub.
Müdafiə tədbirlərinin çərçivəsində Qotlanddakı hərbi qarnizon bərpa olunub.
Qotland adası Rusiyanın Kalininqrad vilayətinin 200 kilometrliyinə yerləşdir.
Son vaxtlar İsveçdə, habelə qonşu Finlandiyada NATO-ya üzvlük məsələsinə dair ictimai müzakirələr aparılır.
Bu iki ölkənin hökumətləri NATO-ya daxil olmaq hüquqlarını özlərində saxladıqlarını bildirirlər, lakin əlavə edirlər ki, hazırda buna ehtiyac yoxdur.
Moskva Finlandiya və İsveçin NATO-ya qoşulacağı təqdirdə “ciddi nəticələrin olacağı” ilə hədələyib.