Logo
news content
User
Kateqoriyalar

İcmal

"İranın vurulması Ukraynaya yol açır"
İran əleyhinə əməliyyatların Ukraynaya verdiyi faydaları yaxın zamanda hiss etmək mümkündür

Mənbə: Forbes

Yanvarın 28-i gecə İranın müdafiə sənayesi obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum edilib. Rəsmən etiraf olunmasa da, hücumların arxasında İsrailin dayandığı bildirilir. Hücumlar zamanı İranda raket və dron istehsalı ilə məşğul olan müəssisələrə də zərbələr endirilib.

“Forbes” yada salır ki, 2022-ci ilin fevralından Ukraynada total müharibəyə başlayan Rusiya həmin ilin avqustundan İranın “Şahed-136” dronlarından da yararlanır.

“Şahed-136” zərbə dronudur. Ona “kamikadze dron” da deyirlər, çünki hədəfə zərbə endirəndə özü də məhv olur.

Hər bir “Şahed-136” 36 kiloqram ağırlığında döyüş başlığı daşıya və 2400 kilometr məsafə qət edə bilir. Ona görə belə dronları cəbhə bölgəsindən uzaq məsafədən havaya buraxmaq olur.

“Şahed-136” hədəfi aşkarlayana qədər səmada sərbəst şəkildə dövrə vura bilir ki, bu da Rusiyaya öz canlı qüvvəsini riskə atmadan hücum etmək şansı verir.

“Forbes” yazır ki, Ukrayna dəfələrlə İranın Rusiyaya hərbi yardımına kəskin etiraz bildirib və bu yardımı hərbi cinayətlərdə, soyqırımında iştirak kimi qiymətləndirib: “Ötən ilin avqustundan Rusiyanın İrandan aldığı yüzlərlə “Şahed-136” dronları ilə hücuma məruz qoyduğu Ukrayna bu il yanvarın 28-də İranın müdafiə sənayesi obyektlərinə edilən hücumları sevinclə qarşılayır. Ukrayna Prezidenti Ofisinin müşaviri Mixail Podolyak hücumlardan dərhal sonra “Tvitter” şəbəkəsində yazıb: “İranda partlayış gecəsi. Mən sizə xəbərdarlıq etmişdim”.

Hələ ötən il dekabrın 24-də Mixail Podolyak İranın pilotsuz uçuş aparatları buraxan müəssisələrini məhv etməyə çağırmışdı.

Ötən ilin sentyabrından Rusiya Ukrayna şəhərlərini elektrik enerjisi ilə təmin edən şəbəkələrə də hücum çəkir. Hazırda Rusiya belə hücumları genişləndirmək istəyir və bu işdə ucuz qiymətə aldığı yüzlərlə “Şahed-136” dronuna arxalanır.

Rusiyanın ilin sonunadək İrandan yaxın mənzilli ballistik raketlər almaq planı da var. Plan həyata keçsə, Ukraynanın müdafiəsi xeyli çətinləşə bilər.

Ona görə Kiyevin İrana qarşı əməliyyatları müsbət qarşılaması təbiidir. İranın müdafiə sənayesi obyektlərinin dağıdılması Rusiyanın Ukraynaya hücumlarına mane ola bilər”.

“Forbes”in rəyinə görə, İran əleyhinə əməliyyatların Ukraynaya verdiyi faydaları yaxın zamanda hiss etmək mümkündür: “İrandan aldığı “Şahed”lərin ikinci partiyasını işlətməyə başlasa, Rusiyanın dron ehtiyatı heç olmasa bir müddətə tükənə, işlənmiş dronların yerini doldurmaq prosesi ləngiyə, bu vəziyyət İrandan ballistik raketlərin tədarükünü də gecikdirə bilər.

Yaxın gələcəkdə Rusiyanın Ukrayna şəhərlərinə dron hücumları nəzərəçarpacaq dərəcədə səngiyərsə, onda buna İsrailin məxfi əməliyyatının bəhrəsi kimi baxmağa kifayət qədər əsas yaranacaq”.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.

Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.