Logo
news content
User
Kateqoriyalar

İcmal

İranda su etirazları: həbslər var

“The Financial Times” qəzeti İranda son həftələr su qıtlığına etirazların rejim üçün “həyəcan siqnalı” olduğunu yazır.

Müəllif Nəcmi Bozorgmehr tarixi İsfahan şəhərinin İranın ən böyük ətraf mühit etirazının mərkəzinə çevrildiyini qeyd edir. Ötən həftəsonu polis Zayanderud şəhərinin qurumuş yatağında eitrazçıların quraşdırdığı çadırları dağıtdı. “Diktatora ölüm” qışqıran onlarla etirazçı həbs olundu.

Şəhərlərə və sənayeyə

Onillər boyunca quraqlıqla mübarizə aparan İranda su resursları sürətlə azalır, əhali artımı isə bu problemi daha da kəskinləşdirir. Ən böyük zərbə İsfahan yaxınlığındakı fermerlərə dəyib. Onlar hökumətin suyu şəhərlərə və sənayeyə yönəltdiyini deyirlər.

“Fermerlər çaya axıtmağa suyun olmadığını bilirlər, amma bu nümayiş hakimiyyət üçün həyəcan siqnalıdır ki, qısa və uzunmüddətli həll barədə düşünsün”, – İsfahanda biznesmen Məsud Sarrami deyib.

Qəzet İsfahan etirazlarının İranın üzləşdiyi iqlim fəsadının miqyasını göstərdiyini qeyd edir. Prezident İbrahim Rəisi Zayanderud çayının canlanması üçün komitə yaradıb. Enerji naziri Əli Əkbər Mehrabyan ötən həftə İsfahan fermerlərindən üzr istəyib, məsələnin həllini vəd edib.

Kompensasiya

İsfahanda ətraf mühit fəalı Fatimə Kazımi deyib ki, bu şəhərdə etirazlar siyasi motivli olmasa da, fermerlər suyun haraya getdiyini dəqiq bilirlər. Su ehtiyatlarının yerli sənayeyə yönləndirildiyi vurğulanır.

Fəalların fikrincə, hökumət ya çayı özünə gətirməli, ya da fermerlərin itkisini kompensasiya etməlidir.

Müəllif İranın iqtisadi vəziyyətinin su böhranını daha da ağırlaşdırdığını yazır. ABŞ-ın sanksiyaları altında əzilən Tehran uzunmüddətli inkişaf planlarına maliyyə tapmağa çalışır. Onun qərb texnologiyalarına çıxışı yoxdur, ənənəvi irriqasiya sistemində islahatlar üçünsə onmilyardlarla dollar vəsait lazımdır. 

Sanksiyalar qaldırılarsa...

Ötən ay Qlazqoda beynəlxalq iqlim konfransında İran deyib ki, sanksiyalar qaldırılarsa, karbon emissiyalarını azaldar.

Tehranda ətraf mühit fəalı Məhəmməd Dərviş deyir ki, mövcud problemlər əhalini yerindən didərgin salmaqla hədələyir. “Hara getməliyik? Bu təkcə 85 milyon əhalisi olan İranın problemi deyil. Bütün dünyaya təsir göstərəcək”, – məqalədə deyilir.

Mənbə: The Financial Times

Tərcümə: Azadlıq Radiosu