İran rejimində ixtilaf
Bir tərəfdə sərt xətt tərəfdarları, digər tərəfdə bu xəttə müqavimət göstərənlər dayanır
17 Yanvar 2023
Mənbə: France Presse
Tərcümə: Novator
Fransanın “Frans Press” agentliyi İran rejimi daxilində ölkədə aylardır keçirilən etirazlarla mübarizə məsələsində fikir ayrılığı yarandığını yazır. Şərh ingilis dilində yayılıb.
ABŞ-ın Denver Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Nadir Haşimi “Frans Press”ə deyib ki, İran hakimiyyətindən onlara daxil olan informasiyalar etirazlarla bağlı gərgin müzakirələrin getdiyini göstərir: “Bu təbiidir, çünki heç bir avtoritar rejim bütünlüklə sərt xətt tərəfdarlarından ibarət olmur, xüsusilə böhran zamanı repressiyanın dərəcəsinə münasibətdə bəzi iqtidar nümayəndələri daha yumşaq mövqeyə yönəlir”.
“Frans Press” vurğulayır ki, İran Ali Məhkəməsinin barəsində ölüm hökmü çıxarılmış bir neçə etirazçının işini ilkin məhkəmə instansiyana qaytarması və aksiyalara dəstək verdiyinə görə tutulan bəzi tanınmış şəxslərin sərbəst buraxılması məhz rejimdaxili debatların, bir sıra rəsmilərin daha yumşaq mövqe seçməsinin nəticəsidir: “Lakin 2022-ci ilin dekabrında edam edilmiş iki aksiyaçının ardınca 2023-cü ilin yanvarında daha iki nəfərin dar ağacından asılması bizə rejimin güzəştsiz mövqeyini də xatırladır”.
Şərhdə qeyd olunur ki, İranda kütləvi etiraz aksiyaları 2022-ci ilin sentyabr ayında hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişmiş gənc kürd qadın Məhsa Əmininin ölümünə etirazla başlasa da, sonradan aksiyalar dini dövlət quruluşunu dəyişmək çağırışları ilə müşayiət olunub: “İranda 1979-cu ilin islam inqilabı nəticəsində qurulmuş dini rejim o vaxtdan bəri bu cür böyük problemlə üzləşməyib. Rejimin aksiyaları zor gücünə yatırtmaq istəyi artıq yüzlərlə insanın ölümü ilə nəticələnib. İranın ədliyyə orqanlarının təsdiqlədiyi məlumata görə, minlərlə adam həbs edilib, 14 məhbus edama məhkum olunub. Barəsində ölüm hökmü çıxarılanların bir çoxu təhlükəsizlik qüvvələri əməkdaşlarını öldürməkdə və ya onlara qarşı sui-qəsdə cəhd göstərməkdə təqsirli bilinib.
Ali Məhkəmə bəzi ölüm hökmlərini qüvvədə saxlayıb. 4 nəfər barəsində çıxarılmış hökm ötən ilin sonu, bu ilin əvvəli icra edilib. 6 nəfərlə bağlı işi isə Ali Məhkəmə yenidən baxılması üçün ilkin məhkəmə instansiyasına qaytarıb”.
ABŞ-da yaşayan iranlı ekspert, “İnqilabdan sonrakı İran” kitabının həmmüəllifi Mehrzad Borucerdi “Frans Press”ə açıqlamasında rejimin bu taktikasını “siyasi hesablama” kimi qiymətləndirib. Onun sözlərinə görə, rejim bir yandan anlayır ki, kütləvi edamlara əl atsa, vəziyyət daha da qızışa, daha çox insan küçəyə axışa bilər: “O biri yandan rejim vəziyyətin nəzarətdən çıxmasına imkan verməmək, etirazçıları qorxu altında saxlamaq üçün edam cəzasının mövcudluğunu xatırlatmağı da zəruri sayır”.
“Frans Press” analitiklərə istinadla molla rejiminin vəziyyəti yumşaltmağa müəyyən cəhdlər etdiyini yazır. Agentlik etirazlar zamanı həbs olunmuş iki tanınmış dissidentin – Məcid Tavakoli ilə Hüseyn Ronaqinin azadlığa buraxılmasının bu cəhdlərin tərkib hissəsi kimi qəbul olunduğunu bildirir: “Hüseyn Ronaqi həbsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı”.
Mehrzad Borucerdi də o fikirdədir ki, rejim xox gəlməkdən, gerçək təzyiq mexanizmlərindən tutmuş uzunmüddətli həbs cəzalarına, edamlaradək ən müxtəlif üsullara əl atır: “Hakimiyyət daha effektli siyasət formalaşdıra bilmək üçün faktiki bütün üsulları sınaqdan keçirir”.
Böyük Britaniyanın Darem Universitetinin Yaxın Şərq və İslam Araşdırmaları İnstitutunun direktoru Anuş Ehteşami “Frans Press”ə müsahibəsində İranda Ali Məhkəmənin bəzi işləri yenidən baxılması üçün ilkin məhkəmə instansiyasına qaytarmasını tək daxili deyil, həm də xarici təzyiqlərlə əlaqələndirib. Anuş Ehteşami də təsdiqləyib ki, rejimin öz daxilində bu proseslərə münasibət birmənalı deyil, fikir ayrılıqları mövcuddur: “Bir tərəfdə sərt xətt tərəfdarları, digər tərəfdə isə edamların etirazı daha da gücləndirəcəyini deyib bu xəttə müqavimət göstərənlər dayanır. Təkrar məhkəmə baxışlarının təyin olunması, bəzi müxaliflərin azadlığa buraxılması etirazları səngitmək məqsədilə atılmış addımlardır. Belə tədbirlər yetərli görünməyə də bilər, lakin çətin duruma düşmüş rejim bununla humanist olduğunu, ictimai etirazlara reaksiya verdiyini nümayiş etdirməyə çalışır”.
Etirazlar zamanı tanınmış şəxslərin də saxlandığını yada salan “Frans Press” aktrisa Təranə Əlidustini misal çəkir: “Onu aksiyalara dəstək verdiyinə görə üç həftəyə yaxın həbsdə saxlayıblar, sonra girov müqabilində sərbəst buraxıblar.
Bəzi analitiklər rejimin tutub-buraxmasına insanların gözünün odunu almaq cəhdi kimi baxır. Nadir Haşimi hesab edir ki, rejim məşhur adamları tutanda xalqın reaksiyasını yoxlayır, sonra elə həmin reaksiyanı nəzərə alıb onları sərbəst buraxır”.
Bununla belə “Frans Press” İran həbsxanalarında hələ də bir sıra məşhur simanın saxlandığını qeyd edir: “Onların arasında Məhsa Əmininin ölüm işinin açılmasına yardım etmiş jurnalistlər də var”.
2022-ci ilin dekabr ayının əvvəlində İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri əxlaq polisinin fəaliyyətini dayandırdığını söyləyib. Lakin “Frans Press” yazır ki, hələlik baş prokurordan savayı bu xəbəri rəsmən təsdiqləyən olmayıb.
Nadir Haşimi “Frans Press”ə açıqlamasında baş prokurorun bəyanatını, sonradan rəsmilərin bu mövzuya qayıtmamasını da rejimdaxili ixtilafın göstəricisi kimi yozub. Onun sözlərinə görə, rejim təmsilçilərinin bir qismi qadınların baş örtüyü məsələsinə daha loyal yanaşmağın tərəfdarıdır, amma buna müqavimət göstərənlər də var.
Anuş Ehtişami agentliyə deyib ki, artıq bəzi hakimiyyət nümayəndələri güzəştlərin vacibliyindən açıq danışmağa başlayıb: “Bunun nə ilə nəticələnəcəyini söyləmək hələ mümkün deyil. Ancaq ümumən rejimin cəmiyyətin istəyinə uyğun qərarlar çıxaracağına, yəni köklü dəyişikliklərə gedəcəyinə inanmaq olmur”.
Nadir Haşimi isə hesab edir ki, tarixə nəzər saldıqda İran rejiminin heç də həmişə güzəştsiz mövqe tutmadığını, lazım gələndə güzəştə getməyi bacardığını görmək mümkündür: “Unutmayaq ki, bu rejim məhz öz mövcudluğunu qorumaq üçün lazımi məqamda nə qədər desən güzəştə getməyi bacardığına görə 44 ildir yaşayır”.