Logo
news content
User
Kateqoriyalar

İcmal

İran idman gücləri qarşısında 
“İndi İrana istənilən formada maksimum təzyiq göstərmək vaxtıdır”

Mənbə: Fox News

Tərcümə: Novator

“İran ehtiyatlı olsa yaxşıdır, peşəkar futbolçu Əmir Nəsr-Azadaninin edam təhlükəsi qarşısında qalması dünyanı heyrətə gətirib… Ölkədə aylardır rejim əleyhinə davam edən aksiyaları futbol ulduzları və azarkeşləri də dəstəkləyir. Dini lider Əli Xamneyinin mollaları isə bu qəzəbi daha da alovlandıra, nəticədə vəziyyət nəzarətdən çıxa bilər”. ABŞ-ın “Fox News” kanalının internet səhifəsinin iranlı futbolçu Əmir Nəsr-Azadaniyə həsr olunan məqaləsində belə deyilir.

Əmir Nəsr-Azadani İranda bu il sentyabrın 18-dən başlanan, həmin ay hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişmiş gənc kürd qadın Məhsa Əmininin ölümünə etiraz olaraq keçirilən aksiyalarla əlaqədar həbs edilib.

“Fox News”un məqaləsində deyilir ki, 26 yaşlı Əmir Nəsr-Azadani dünya səviyyəli ulduz olmasa da, İran gənclərinin sevdiyi, aldığı zədələrə baxmayaraq ciddi karyera qura bilmiş zəhmətkeş bir oyunçudur: “İndi o, minlərlə etirazçıdan biri olmağın cəzasını çəkir. Əslində Əmir Nəsr-Azadani İran xüsusi təyinatlılarının etirazçılarla toqquşduğu ərazinin yaxınlığında olmayıb. O, sadəcə şüarlar səsləndirən kütləyə qoşulub. Amma İran rejimi qadın hüquqlarının müdafiəsinə qalxmış bu futbolçunu dövlətə xəyanətdə təqsirli bilərək edama məhkum edib”.

Məqalədə vurğulanır ki, peşəkar futbolçunun edam olunması təkcə İranı deyil, bütün dünyanı silkələyə, İranı beynəlxalq aləmdə idman ictimaiyyəti, idman gücləri ilə qarşı-qarşıya qoya bilər: “Beynəlxalq Peşəkar Futbolçular Federasiyası  Əmir Nəsr-Azadaniyə ölüm hökmü çıxarılmasından şoka düşdüyünü bəyan edərək qəzəbli açıqlama yayıb, İran rejimini hökmü ləğv etməyə çağırıb”.

Məqalədə ABŞ Futbol Federasiyasının da İrandakı etirazlara dəstək verdiyi, hətta bu məsələdə prezident Cozef Baydenin administrasiyasından daha çox fəallıq nümayiş etdirdiyi bildirilir.

Qeyd olunur ki, idman dünya siyasətində xüsusi yer tutur. Misal kimi son qalmaqallardan biri – bu il Rusiyada həbs edilən, Vaşinqtonla Moskva arasında gərgin danışıqlardan sonra ABŞ-da həbsdə olan rusiyalı silah alverçisi ilə dəyişdirilərək azadlığa buraxılan amerikalı basketbolçu Britni Qrinerin məsələsi xatırladılır.

“Fox News” Ağ evi İranda cərəyan edən proseslərə, o cümlədən Əmir Nəsr-Azadaninin taleyinə daha ciddi müdaxilələrə çağıraraq vurğulayır ki, belə məsələlərdə ABŞ-ın liderliyinə böyük ehtiyac var: “İndi İrana istənilən formada maksimum təzyiq göstərmək vaxtıdır”.