Logo
news content
User
Kateqoriyalar

İcmal

İran azadlıq yolunda 
“Biz İranı azad edəcəyik” deyən Bayden, sözünü düzəldib “iranlılar özlərini azad edəcəklər” söyləmişdi

Mənbə: The Washington Post

Tərcümə: Novator

ABŞ-ın “Vaşinqton Post” qəzetində “İrana qlobal təzyiq güclənir” başlıqlı məqalə dərc edilib. Məqalənin müəllifi Ceyson Rezayan 2012-2016-cı illərdə “Vaşinqton Post”un Tehranda müxbiri olub. İran hakimiyyəti onu casusluqda ittiham edərək həbsə atıb. 2016-cı ilin yanvarında azadlığa çıxanadək Ceyson Rezayan 544 gün həbsdə saxlanıb. Hazırda o, CNN kanalının müxbiri və “Vaşinqton Post”un beynəlxalq məsələlər üzrə şərhçisidir.

Ceyson Rezayanın “İrana qlobal təzyiq güclənir” məqaləsinin ingiliscədən tərcüməsini oxucuların diqqətinə çatdırırıq.

Bu yaxınlarda ABŞ prezidenti Cozef Bayden bir çıxışında dedi: “Biz İranı azad edəcəyik”.

Əslində Bayden administrasiyasının planında belə bir məsələ yoxdur. Amma o biri yandan get-gedə daha çox sayda ABŞ rəsmisi və başqa dövlətlərin rəsmiləri İran İslam Respublikasının təcridini gücləndirmək məsələsindən bəhs edir. Niyəsini anlamaq çətin deyil. Üç aydır İranda etiraz hərəkatı baş qaldırıb. Ölkədə ən müxtəlif qruplar illərdir pozulan insan hüquqlarının tanınması uğrunda mübarizəyə qalxıb. Bu prosesdə dünyanın diqqətini ən çox cəlb edən qadınların fəallığı, nümayişlərə qoşulması, böyük mübarizə əzmi göstərməsi və geri çəkilmək istəməməsidir.

İran İslam Respublikasında gender aparteidi hökm sürür. Ölkədə elə bir dövlət quruluşu formalaşıb ki, rejim istəsə belə, qadınların tələbini yerinə yetirə bilməz. Bu, İran hökumətini çağdaş dünyanın nəbzini tutmaq qabiliyyətindən də məhrum edib.

İranlı qadınların hüquqlarına məhəl qoymayan rejim dünyada gender bərabərliyi prinsipinə meyili də yanlış başa düşür və 21-ci əsrin ən həssas siyasi məqamlarından birini dəyərləndirməyi bacarmır.

Dünya ölkələrinin əksərində artıq qadın hüquqlarını müdafiə etməyin zəruriliyi heç bir mübahisə, şübhə doğurmur. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu xanımlarının çoxu iranlı qadınların mübarizəsini tarixi hadisə adlandırır, onu açıq şəkildə dəstəkləməkdən çəkinmir, çünki onların nəzərində bu, tam haqlı bir mübarizədir.

İrandakı mübarizəyə bu cür yanaşılması Tehran rejiminin törətdiyi vəhşiliklərə, hakimiyyətdən sui-istifadə hallarına diqqəti daha da artırıb. Hüquq müdafiəçiləri İranda hicab qaydalarına riayət etməmə ittihamı ilə tutulan və üç gün sonra dünyasını dəyişən gənc qadının ölümünə etiraz olaraq sentyabrın 18-dən başlanmış kütləvi aksiyaları yatırtmaq cəhdlərinin indiyədək 300-dən çox adamın ölümü, 14 min nəfərin həbsi ilə nəticələndiyini deyirlər.

Getdikcə İrandakı bu vəziyyətlə bağlı mövqe sərgiləyən hökumətlərin, beynəlxalq təşkilatların sayı artır. Bir müddət əvvələdək onların diqqəti demək olar yalnız İranın avtoritar teokratlarının nüvə silahına yiyələnməsinə imkan verməmək üzərində köklənmişdi. İndi isə dünya liderləri İranın öz sərhədləri daxilində apardığı dağıdıcı fəaliyyətin də qarşısını almağın yollarını axtarır.

Tehrana təzyiqlər artdıqca artacaq. Çünki İran rejimi qadın hüquqları məsələsində də beynəlxalq aləmin önəm verdiyi metodu – konsensusa gəlməyi yox, kor-koranə şəkildə əks istiqaməti tutub gedir.

Yazının girişində xatırlatdığımız kimi Bayden belə demişdi: “Biz İranı azad edəcəyik”. Amma ABŞ prezidenti dərhal sonra sözünə düzəliş verib onu da əlavə etdi ki, iranlılar tezliklə özlərini azad edəcəklər.

Bəli, rejimin vəhşiliklərinə son qoymaq, İranı azad etmək üçün təkcə qlobal müxalifət kifayət deyil. Ancaq bu müxalifət hər halda Baydenin sonrakı əlavəsində qeyd etdiyi kimi iranlıların tezliklə özlərini azad etməsinə böyük yardım göstərə bilər.