Logo
news content
User
Kateqoriyalar

İcmal

Həyəcan siqnalı: ABŞ-da son 40 ilin ən böyük inflyasiyası

Ötən ay Birləşmiş Ştatlarda istehlakçı qiymətləri 2021-ci ilin yanvarı ilə müqayisədə 7.5 faiz artıb. Bu, 1982-ci ildən bəri ən böyük illik sıçrayış sayılır.

Bir ay öncəylə müqayisədə isə yanvarda inflyasiya 0.6% yüksəlib.

“Qazın qiyməti artanda...”

ABŞ Prezidenti Co Bayden dünən – fevralın 10-da Virciniyada bir tədbirdə inflyasiyaya toxunub. “Qazın qiyməti artanda bunu hiss edən ailədən gələn biri üçün... bu vacibdir”, – Bayden deyib.

“Financial Times” yüksək inflyasiyanın Baydenin prezidentlik dövrünün güclü iqtisadi göstəricilərinə – iş yerləri və maaş artımına kölgə saldığını yazır. Nəticədə prezidentin reytinqi azalır, onun 1.75 trilyon dollarlıq sosial xərcləmə paketinin irsinə də töhfəsini verir. Bəzi konqresmenlər bu paketin qiymətləri daha da şişirdəcəyindən qorxurdular.

Bayden administrasiyasının iqtisadi komandası 2021-ci ildəki sıçrayışdan sonra inflyasiyanın tədricən azalacağını gözləyirdilər.

Fed neyləməlidir?

Ağ ev inflyasiyanı cilovlamaq üçün bir sıra tədbirlərə əl atıb. Bayden aparıcı rəsmiləri ABŞ limanlarında yüklərin boşaldılması problemini həll etməyə yollayıb, OPEC üzvlərini neft hasilatını artırmağa çağırıb və sairə.

“İnflasiya ram edilməyən deyil, Federal Ehtiyatlar (Fed) həmişə nəsə edə bilər. Məncə, daha çətin sual budur ki, Fed neyləməlidir, yumşaq eniş təşkil edə bilərmi?” – Fed-in keçmiş rəsmisi, hazırda Brukinqs İnstitutunda işləyəDon Kohn qəzetə deyib.

Məqalədə qeyd edilir ki, qiymət artımının son aylar genişlənməsinə baxmayaraq, bəzi sahələrdə, məsələn, yeni və ikinci əl maşınların qiymətində səngimə müşahidə olunur.

Davamlı inflyasiya son aylar yaxşı görünən əmək bazarının, eləcə də maaş artımının faydasını kölgələyib.

Faiz dərəcəsi artırılacaqmı

“New York Times” qəzeti yazır ki, son 40 ildə ən yüksək inflyasiya Amerika iqtisadiyyatının demək olar, bütün sahələrinə toxunur, siyasətçilər buna daha çevik reaksiya verməlidirlər.

Yanvar ayı üçün İstehlakçı Qiymət İndeksi açıqlanan kimi bazarlarda düşüş qeydə alınıb. İnvestorlar Fed-in mart toplantısında faiz dərəcəsini artıracağını gözləyirlər. Pul borc götürüb xərcləməyin bahalanması tələbə təsir göstərə, iqtisadiyyatı, qiymətlərə yavaşıda bilər.

Qəzet Uol Stritin ilin sonunadək faiz dərəcəsinin 1.75 faizdən çox qaldırıla biləcəyini gözlədiyini yazır. Bir çox iqtisadçılar isə ilin sonunadək inflyasiyanın yavaşıyacağına inanırlar.

“Moody’s Analytics”in iqtisadçısı Ryan Svit hesablayıb ki, inflyasiya bir təsərrüfata aya 276 dollar ziyan vurur. Pandemiyadan öncə inflyasiya 2 faiz civarında idi.

Qəzet istehlakçıların qeyri-adi sürətlə məhsul aldığını yazır. Amma son data onların xərcləri azalda biləcəyini göstərir.