Hərbi təlimlər İrana hansı mesajı verir?
“Təlimlərdə daha geniş məqsədlər, hədəflər qoyulub, İran bundan öz payını götürməlidir”
24 Yanvar 2023
Mənbə: Haaretz
Tərcümə: Novator
“ABŞ-ın İsraillə birgə keçirdiyi hərbi təlimlər həm də İrana mesajdır”. İsrailin “Haaretz” qəzetinin təlimlərlə bağlı dərc etdiyi şərhdə belə deyilir.
Qeyd olunur ki, əslində mesajın açması sadədir: “Tehran öz nüvə fəaliyyətində qırmızı xətti keçsə, ABŞ və İsrail İran rejiminin mövcudluğunu təhdid altına sala bilər”.
Xatırladılır ki, hərbi təlimlər ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın İsrailə səfərindən bir neçə gün sonra start götürüb: “Amerikalı müşavirin İsrail rəsmiləri ilə keçirdiyi görüşlərdə əsas müzakirə mövzusu İran olub. Sallivanın israilli həmkarı Saxi Xaneqbi bu səfərdən bir qədər əvvəl bəyan etmişdi ki, onun fikrincə, ABŞ İranla nüvə razılaşması sahəsindəki uğursuzluqlar fonunda hərəkətsiz dayansa, lazımi tədbirləri görməsə, baş nazir Benyamin Netanyahu İranın nüvə obyektlərinə zərbə endirilməsi haqda əmr verə bilər.
İsrailin baş naziri və digər yüksək çinli məmurları ilə görüşlərində Sallivan ABŞ-ın İsrailin təhlükəsizliyinin qorunması, İrandan gələn təhdidlərə müqavimət göstərilməsi məsələsində həmişəki mövqedə qaldığını vurğuladı. O qeyd etdi ki, ABŞ İranın heç vaxt nüvə silahına yiyələnməyəcəyinə dair öhdəliyinə sadiqdir”.
“Haaretz”in şərhində bildirilir ki, hərbi təlimlər təkcə İranla əlaqəli deyil: “Təlimlərdə daha geniş məqsədlər, hədəflər qoyulub. Sadəcə olaraq İran bundan öz payını götürməlidir”.
Altı günlük hərbi təlimlər yanvarın 23-dən başlanıb. İsraildə və Aralıq dənizinin şərq sahilində reallaşdırılan təlimlərdə ABŞ-ın 6400, İsrailin 1100 hərbçisi iştirak edir. Təlimlərə 100-ü ABŞ-a məxsus olmaqla ümumilikdə 142 təyyarə, o cümlədən bombardmançı və qırıcı təyyarələr cəlb edilib. Prosesin gedişində İsrail və ABŞ-ın hərbi gəmiləri (hər ölkədən 6 gəmi) də təlimlərə qoşulacaq.
2015-ci ildə İranın və daha 6 ölkənin – ABŞ, Rusiya, Çin, Fransa, Almaniya və Böyük Britaniyanın iştirakı ilə Birgə Hərtərəfli Fəaliyyət Planı adlı saziş imzalanıb.
Saziş Tehranın nüvə proqramı ilə bağlı sərt məhdudiyyətlərə əməl etməsi, nüvə obyektlərini beynəlxalq müşahidəçilərin üzünə açması müqabilində Qərbin, o cümlədən ABŞ-ın və beynəlxalq təşkilatların İrana tətbiq etdiyi bir çox sanksiyanı aradan qaldırmasını nəzərdə tutur.
Lakin Donald Trampın prezidentliyi dövründə – 2018-ci ildə ABŞ bu sazişdən çıxıb.
Donald Tramp sazişdən çıxanda İrana qarşı aradan qaldırılmış sanksiyaların da bərpasına qərar verib, üstəlik, sanksiyalara əlavələr də edib. İran buna cavab olaraq uranın zənginləşdirilməsi ilə bağlı məhdudiyyətləri aşaraq nüvə proqramını əvvəlki səviyyəyə qaldırıb, həmçinin nüvə obyektlərini beynəlxalq müşahidəçilərin üzünə qapayıb.
2020-ci ilin yanvarından ABŞ prezidenti olan Cozef Bayden sazişə qayıtmaq xəttini seçib.
2021-ci ildən Avropa İttifaqının vasitəçiliyi ilə dünya gücləri ilə İran arasında sazişin bərpası istiqamətində danışıqlara başlanıb.
2022-ci ilin iyul ayında Avropa İttifaqı danışıqların nəticəsinə uyğun olaraq yekun razılaşma mətni hazırlayıb.
ABŞ və İran yekun mətnə münasibətini avqust ayında bildirib.
İran və ABŞ-ın yekun mətnə münasibəti ictimaiyyətə açıqlanmasa da, iki ölkə arasında gedən müzakirələr danışıqların son mərhələyə çatdığı qənaətini doğurub və nizamlamanın reallaşacağına ümidi artırıb.
2022-ci ilin avqust ayının sonlarına yaxın Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib ki, razılaşma tezliklə baş tutacaq.
Avqustun sonunda Parisdə diplomatlar qarşısında çıxış edən Fransa prezidenti Emmanuel Makron isə İranın nüvə proqramı üzrə razılığın yaxın bir neçə günə əldə olunacağına ümidvar olduğunu söyləyib.
Lakin İranın yekun mətnə təklif etdiyi düzəlişlərin ABŞ-da narazılıqla qarşılandığı aydınlaşıb. Məlumatlara görə, Bayden administrasiyası Tehranın Avropa İttifaqı vasitəsilə təqdim etdiyi son təklifləri qeyri-konstruktiv sayıb. Faktiki olaraq Ağ ev Tehranın son addımını nüvə sazişinin bərpası perspektivinə zərbə, geriyə addım kimi qiymətləndirib.
Beləliklə, İranın nüvə silahı istehsal etməsinin qarşısını almağa yönəlmiş Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası məqsədilə aparılan danışıqlar hələ bir nəticə verməyib.