Logo
news content
User
Kateqoriyalar

İcmal

Hekayədəki nüanslar

Müəllif: İrena Lasota

Ermənistanla Azərbaycan arasında müharibə iki həftədir davam edir. Baxıram, dostlarımda bu mövzuda fikir ayrılığı yaranıb. Kimisi insan haqlarından, kimisi təcavüzdən, kimisi beynəlxalq müqavilələrdən danışır və hamısı tarixə istinad edir.

Bu müharibənin mövzusu olan Dağlıq Qarabağın tarixi, bəzilərinə görə, eramızdan əvvəl VII əsrə gedib çıxır. Bəziləri hətta bu torpaqlarda erməni-xristianların qədimdən məskunlaşdığını iddia edir.

Qarabağı uzun əsrlər boyu, İranın Rusiya imperiyasına məğlub olduğu XIX əsrin əvvəllərinə qədər müsəlman hökmdarlar idarə ediblər. Birinci Dünya müharibəsindən sonra Qafqazda da yeni dövlətlər yarandı və onların bəlli sərhədləri göstərildi. Lakin o ölkələri işğal edən bolşeviklər sovet respublikalarının sərhədlərini özlərinə uyğun şəkildə dəyişdilər. Dağlıq Qarabağ Azərbaycan Sovet Respublikasının tərkibində qaldı.

SSRİ-nin sonuna yaxın Dağlıq Qarabağın Ermənistana birləşməsi hərəkatı başlayanda atışmalar olsa da, əsl müharibə 1992-ci ilin əvvəllərində qızışdı və iki ildən çox davam etdi. Sovet ordusunda nə ermənilər, nə də azərbaycanlılar döyüş hazırlığı görmüşdülər, onlara bu orduda köməkçi rollar verilirdi. Buna görə yəqin ki, hər iki tərəfə silah-sursat tədarük edən “hibrid” zabitlər və sovet muzdluları olmasaydı, müharibə bu qədər uzun sürməzdi və bu qədər qanlı olmazdı.

1994-cü ildə hər iki müstəqil dövlətin atəşkəs anlaşması ATƏT-in Minsk qrupu mandatı ilə bağlansa da, əslində buna səbəb Yeltsin Rusiyası idi. Atəşkəs sazişi Ermənistanın yalnız Dağlıq Qarabağ ərazisini deyil, Azərbaycanın daha yeddi bölgəsini də ələ keçirəndən sonra bağlandı.

Müharibə hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb oldu. Qarabağdan və Ermənistandan təxminən bir milyona yaxın insan qaçqın düşdü. Ermənistanda isə bu gün bir azərbaycanlı və ya bir müsəlman yoxdur. 25 ildir Birləşmiş Millətlər Təşkilatından Avropa Şurasına qədər bütün beynəlxalq təşkilatlar onlarla qətnamə qəbul edərək beynəlxalq hüququn Azərbaycan tərəfdə olduğunu deyir, hamının tanıdığı ərazilərin ələ keçirilməsini pisləyir və “erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını” tələb edir. Amma bunların heç bir təsiri yoxdur.

Bəzilərinin iddia etdiyi kimi, bu, Ermənistanla Azərbaycan arasında dini və etnik bir müharibə deyil. Yalnız xəritəyə baxın. Cəbhə xəttinin on iki kilometrliyindən keçən boru kəmərlərində neft və qaz Xəzər dənizindən Rusiyaya deyil, Gürcüstan və Türkiyəyə axır. Bakıdan Tbilisiyə, Varşavaya qədər gedən E60 yolu və Bakını Türkiyə ilə birləşdirən müasir dəmir yolu xətti də burdan keçir. Rusiya, İran və Türkiyə həmişə Qafqazda nüfuz uğrunda mübarizə aparıblar. Üçünün də bu müharibədə geosiyasi və iqtisadi maraqları var və hər üçü də tərəflərə çoxlu miqdarda silah satır.

Azərbaycanlılar və ermənilər bir-birlərini öldürmədən əsrlər boyu qonşu olaraq yaşayıblar. Başqa dillərdə danışırlar, başqa məbədlərdə dua edirlər, lakin oxşar yeməklər yeyirlər, oxşar xalçalar toxuyurlar, oxşar musiqiyə rəqs edirlər və onlarla xalqın həmişə birlikdə yaşadıqları Qafqaz mədəniyyətinə aiddirlər.

Dağlıq Qarabağ ara söhbətlərində “mübahisəli” ərazi ola bilər, ancaq siyasi danışıqda belə demək beynəlxalq hüququn pozulmasına razılıq vermək olar. Beynəlxalq hüquqa görə isə Krım Ukrayna torpağı olduğu kimi, Qarabağ da Azərbaycan ərazisidir.

“Reçpospolita” qəzeti, Polşa, 9 oktyabr 2020

Polyak dilindən çevirdi: Hicran Əliyeva