Gözümüz önündəki örnək: Zəlzələlər Yaponiyaya niyə daha az zərər vurur?
13 Fevral 2023
Türkiyədə minlərlə insanın həyatına son qoymuş zəlzələdən sonra bir çoxları yeraltı təkanların daha çox olduğu, amma binaların dağılmadığı Yaponiyanı nümunə göstərir.
Bununla bağlı maraq doğuran suallara cavab verməyə çalışdıq.
Zəlzələ təhlükəsi Yaponiyanın gündəlik həyatına necə yerləşib?
Yaponiya dünyadakı aktiv vulkanların 10 faizinin yerləşdiyi qırılma xətlərinin üzərindədir. Bu ölkədə hər il təxminən 1500 zəlzələ olur.
Dörd böyük adadan ibarət Yaponiyada bu zəlzələlər bəzən okeanın üstündə və ya altında baş verir, sunami adlanan nəhəng dalğalar da əmələ gətirir.
Yaponlar zəlzələ intensivliyini özlərinin "şindo" adlı sistemi ilə ölçürlər. Yaponiyanın digər ölkələrdən ən mühüm fərqi zəlzələ təhlükəsini unutmayıb ona hazırlaşmasıdır.
Son 20 ildə Yaponiyada 6 baldan yuxarı ən azı 28 zəlzələ baş verib.
Ən dağıdıcıları 1995-ci ilin yanvarında Kobedə baş vermiş Böyük Hanşin-Avaji zəlzələsi və 2011-ci ilin martında Fukusimada baş vermiş Böyük Şərqi Yaponiya zəlzələsidir.
Birincisində insan tələfatına yanğınlar, ikincisində isə nəhəng sunami səbəb olub.
Zəlzələdən az zərərlə çıxmaq mümkündürmü?
Yaponiya dünyanın zəlzələyə ən hazır ölkəsi hesab olunur.
Tokio administrasiyası binaların zəlzələyə daha dözümlü hala gətiriləcəyini açıqlayıb; bildirib ki, 2030-cu ilə qədər baş verəcəyi gözlənən 9 bal gücündə çox böyük zəlzələdə insan itkisini və maddi zərəri əvvəlki təxminlərlə müqayisədə 30 faiz azaltmaq üçün tədbirlər görəcək.
Əvvəlki hesablamalarda belə bir zəlzələ zamanı Tokioda 61 min insanın öləcəyi, 194 min binanın zədələnəcəyi təxmin edilib.
Paytaxt administrasiyası yeni ortaya çıxan risk faktorlarına uyğun fəaliyyət göstərməyə davam edir.
Məsələn, zəlzələ zamanı elektrik enerjisinin kəsilməsi təhlükəsini nəzərə alaraq şəhərdəki göydələnlərin hər mərtəbəsində generator və akkumulyator sistemi quraşdırılacaq. Toplanma mərkəzlərində “Wi-Fi” nöqtələrinin yaradılması da nəzərdə tutulub. Bundan başqa, fəlakət zamanı yerli səviyyədə rəhbərlik edə biləcək insanlar yetişdiriləcək.
Davranış və inşaat üçün hansı qaydalar var?
İTU Fəlakətlərin İdarə Olunması İnstitutunun İnşaat mühəndisliyi fakültəsinin müəllimi Fatih Sütçü Yaponiyanın Tokio Texnologiya İnstitutunda zəlzələdən izolyasiya tədqiqatlarını davam etdirir.
Sütçü deyir ki, əslində, bu ölkənin bir çox bölgəsində torpaq tikinti üçün çox da yararlı deyil. Bununla belə, səth tədqiqatlarına və zərurət olduqda, torpağın yaxşılaşdırılmasına böyük əhəmiyyət verilir.
Eyni zamanda, zəif qruntlarda binaların təməlinə 60-70 metr dərinliyə enən dirəklər vurulur. Beləliklə, binanın demək olar ki, üçdə biri yerin altında qalır və tikilinin yükü bərk qrunt təbəqələrinə ötürülür.
Sütçü həmçinin qeyd edir ki, Yaponiyada evlər və binalar zəlzələdə torpaqla birlikdə yırğalana biləcək şəkildə tikilir. O, Yaponiyada 8 min, Türkiyədə isə 100 belə bina olduğunu bildirir. Onlardan dördü İstanbuldakı Başakşehir Çam Sakura Şəhər Xəstəxanasının istifadəsindədir.
Zəlzələylə bağlı məlumatlılıq səviyyəsi niyə bu qədər yüksəkdir?
Yaponiyada fəlakətə hazırlıq sistemi gündəlik həyata inteqrasiya olunub.
Ölkədə istifadə edilən smartfonların, demək olar ki, hamısında zəlzələ xəbərdarlığı sistemi var, bu sistem insanlara zəlzələdən 5-10 saniyə əvvəl özünü qorumaq fürsəti yaradır.
Bundan başqa, “Safety Tips” və ya “Yurekuru” adlı erkən xəbərdarlıq sistemi tətbiqləri də var, arzu edənlər onları da telefonlarına yükləyirlər.
Yaponiyadakı qaydalara görə, hər evdə təcili yardım dəsti olmalıdır. Hələ məktəbə getməyən uşaqlara da təbii fəlakətlərdə davranış qaydaları öyrədilir. Hamı zəlzələ zamanı nə edəcəyini bilir. Məsələn, insanlara masa kimi bərk əşyaların altına girmək, ya da heç olmasa, başlarını yastıqla örtmək, zəlzələ bitənə qədər hərəkət etməmək, küçəyə qaçmamaq, pəncərələrdən uzaq durmaq tövsiyə olunur.
Zəlzələ baş verəndə küçədə olanlara açıq ərazilərdə durmaq, sarsıntılar bitəndən sonra isə bölgənin toplanma yerlərinə və təcili yardım mərkəzlərinə getmək məsləhət görülür. (BBC)