Ermənistan-Azərbaycan sərhədi: sönməyən alov!
25 Avqust 2021
İranpress, İran 12.08.2021
Müəllif: Məhəmmədəli Talebi
Azərbaycanla Ermənistanın dövlət sərhədində davamlı olaraq atəşkəsin pozulduğuna dair xəbərlər gəlir.
Azərbaycanın Müdafiə Nazirliyi ölkə Silahlı qüvvələrinin mövqelərinin erməni qüvvələri tərəfindən atəşə tutulduğu haqda məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilir ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin Sədərək, Gədəbəy, Kəlbəcər və Daşkəsən rayonlarındakı mövqelərini davamlı atəşə tutub.
Baş verənlər Bakı ilə Yerevan arasında qarşılıqlı inamsızlığın davam etdiyini göstərir. Odur ki, iki ölkə arasındakı qarşılıqlı etimadsızlıq şəraitində ikitərəfli sazişlərin həyata keçirilməsi üçüncü, daha güclü ölkənin iştirakı ilə mümkündür. Amma fakt odur ki, bölgədə atəşkəsin pozulması, gərginliyin davam etməsi Rusiyanın öz qoşunlarını bu regiona yerləşdirməsinə rəğmən baş verir.
Ermənistanla Azərbaycan arasında atəşkəsin davamlı pozulması, insan tələfatları və s. münaqişə tərəflərinin artıq yeni sənəd, yaxud sülh müqaviləsi imzalamalı olduqlarını göstərir. Ermənistanın baş naziri Nikol Paşinyan da son çıxışlarından birində Azərbaycanla mübahisələri diplomatic yolla həll etmək istəyini dilə gətirib. O, Bakı ilə sülh sazişi imzalamağın vacibliyini vurğulayıb.
Nikol Paşinyan Ermənistan hökumətinin hələ bu ilin aprelində keçirilən iclasında demişdi: “Beynəlxalq tərəfdaşların iştirakı ilə əldə edilmiş ilkin razılaşmalar Ermənistanın maraqlarına tam uyğundur. Azərbaycan bu razılaşmaları Ermənistanın qəbul etdiyi şərtlərə həyata keçirərsə, mən yeni sənəd imzalayacağam”.
Baş nazirin bu sözləri Bakı ilə Yerevanın mühüm razılaşmalar əldə etdiklərindən xəbər verir. Amma görünən odur ki, razılaşmaların imzalanmasına, tətbiqinə qədər hərbi qarşıdurmalar davam edəcək. Bəzi ehtimallara görə, Azərbaycan və Ermənistan qoşunları arasındakı gərginlik və toqquşmalar fonunda yeni sənədin imzalanmasına zəmin yaradılır.
Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq baş nazir Serj Sarqsyanın kürəkəni Mixail Minasyan bir müddət əvvəl Paşinyanla Əliyev arasında gizli razılaşmaların olduğunu demiş, bildirmişdi ki, hansı razılaşmaların olduğunu hətta Ermənistan baş nazirinin müavini, Azərbaycan rəsmiləri ilə müzakirələrin əsas iştirakçısı Mqer Qriqoryan belə, bilmir.
“Razılaşmaya əsasən, xüsusi komissiya yaradılıb. O, tərəflər arasında yeni və yekun sərhəd xətlərinin müəyyənləşdirilməsi ilə məşğul olacaq. Yeni sərhəd xətləri Sovet dövrünün xəritələri, coğrafi mülahizələr, eləcə də mövcud real vəziyyət əsasında çəkiləcək. Demək, Azərbaycan bu prinsiplərdən hər hansını əsas götürə bilər”, - deyə Minasyan bildirib.
Tərəflər arasında bəzi razılaşmalar hələ Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkisindən əvvəl reallaşdırılıb. Bununla da Paşinyan rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasına əlavə xallar qazandırıb. Söhbət o cümlədən bir qrup erməni əsirin azad olunmasından gedir.
Ümumilikdə isə Bakı ilə Yerevan hələ qeyd olunan gizli razılaşmalardan yararlanmayıblar.
Bütün baş verənlər fonunda istər Ermənistanı, istərsə də Azərbaycanın təhrik etməyə çalışan bəzi xarici dövlətlərin rolunu da gözdən qaçırmaq olmaz. Onlar nə vaxt öz maraqlarına təhlükə görsələr, bölgədə qarışıqlıq yaratmağa, bununla da öz maraqlarını təmin etməyə çalışırlar.
(Fars dilindən tərcümə - WorldMedia.Az)