Logo
news content
User
Kateqoriyalar

İcmal

Ermənilər Ağdama hidrogen bombası atıblar? – ERMƏNİ MƏTBUATI

Müəllif: Ruben Vardazaryan

Ermənistan-Azərbaycan münaqişəsində bir məqam var. O məqamı heç cür başa düşə bilmirəm. Bu barədə çoxdan düşünürəm – sentyabrın 27-dən çox-çox əvvəldən. Lakin heç nə anlaya bilmirəm. Bu məqam indi də əsəblərimə toxunur. Yəqin ki, buna məndən başqa heç kim toxunmayıb. Mən isə ilk dəfə bu barədə hələ 2015-ci ildə yazmışam. Nəticədə ayrı-ayrı şəxslər məni məhv etməklə belə, hədələyib. Bu barədə müharibədən sonra da yazmışam. Lakin bu dəfə təhdid almamışam. Söz verirəm ki, suallarıma cavab tapanadək yazacağam...

Ağdam fenomeni

Bəli. Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın erməni silahlı qüvvələrinin nəzarəti altına keçmiş yaşayış məntəqələrinin aqibətini, daha doğrusu, onların sonrakı taleyinə verilən hökmü mən yumşaq şəkildə “Ağdam fenomeni” adlandırıram.

Hörmətli oxucular, etiraf edin ki, xəyallarımızda dəhşətli mənzərələr canlandıran “monqol-tatar yürüşü” haqda çox eşitmişik. Eşitmişik ki, min il bundan əvvəl monqol-tatarlar düşmənin yaşayış məntəqələrini ələ keçirərək talan edib, o torpaqlarda daşı daş üstə qoymayıb, yerlə-yeksan edib. Əminəm ki, siz məhz belə təsvirlər eşitmisiniz.

Ona da əminəm ki, siz də mənim kimi, uşaqlıqdan eşitmisiniz ki, ermənilər bu bölgədə yaşayan qaniçən köçəri barbarlardan fərqli olaraq, yeganə sivil, humanist Avropa xalqıdır. Bu tezisin doğulduqdan cəmi bir neçə həftə sonra bizim canımıza, özü də lap dərin, ta iliyimizə kimi yeridildiyini desəm, yanılmaram. Mənə, sizə – hamımıza. Bunu elə ediblər ki, beynimizin müqavimət göstərmək imkanı qalmayıb.

İndi isə sualım:

Hörmətli oxucu, həyatda özündən neçə dəfə soruşmusan ki, türklərin (ermənilər danışıq dilində azərbaycanlıları da türk adlandırırlar – epress.am) Ağdam şəhəri artıq 30 ildir niyə yoxdur? Yoxdur. Yer planetində artıq Ağdam şəhəri mövcud deyil. Nə üçün?

Məsələn, mən ilk dəfə Ağdamın, sonra Zəngilanın, Cəbrayılın və digər böyüklü-kiçikli Azərbaycan kəndlərinin qalıqlarını gördükdə nə üçünsə, qeyri-ixtiyari özümdən soruşdum: görəsən bu yerlərdə necə döyüşlər gedib ki, bir dənə də salamat ev, qapı, pəncərə qalmayıb? Yəni bizimkilər Ağdam və Zəngilana hidrogen bombası atıblar?

Bu sual məni çox düşündürürdü. Bu üzdən, həmin yaşayın məntəqələri uğrunda döyüşlərin gedişatı ilə tanış olmuş və bu zaman... yerimdə donub qalmışdım.

Ora nəinki hidrogen bombası atılmayıb, heç 90% hallarda tanklar da girməyib. Oralar uzağı iki həftə “Qrad”larla atəşə tutulub.

Başa düşürsünüz?

Elə isə Ağdamı, Cəbrayılı və digərlərini darmadağın edən nə ola bilərdi?

Qarət

Xatırlayıram ki, uşaqlıqda həmişə belə şeylər eşidirdim: “Spartak uşaqları öz “KAMAZ”ında qarətə aparıb”, “Yurik qarətdən nəsə gətirib”, “Yurikin qardaşı qarətdən filan şeyi gətirib”, “Serob qarət zamanı minaya düşüb” və s. Lakin kiminsə bu… “son dərəcə sivil” prosesdən hiddətləndiyini xatırlamıram. Yəni bu, normal, insani, hətta tərifəlayiq bir proses kimi qəbul olunurdu. Əlbəttə. “Bacarırlar, edirlər, axper can”.

Öz uşaqlarını monqol-tatarlarla qorxudan xalqın böyük hissəsi onlardan min il sonra öz evlərini tərk etmiş azərbaycanlıların əmlakını açıq-aşkar, üstəlik, dövlət tərəfindən heç bir qadağa olmadan qarət edirdi.

Möcüzədir…

Yaxşı, tutaq ki, qarətdən qarətə fərq var. Aydındır ki, müharibə acı şeydir.

Lakin buna necə yol vermək olardı ki, Ağdamda heç olmasa görüntü xatirinə bircə divar, damı üstündə olan ev qalmasın? Necə yol vermək olardı ki, müsəlmanlar üçün müqəddəs yerlərdə donuz saxlanılsın, azərbaycanlıların məzarları qazılaraq meyitlərin qızıl dişləri çəkilsin? Özü də hər yanda. Axı necə? Mənim beynim bunları heç cür qavraya bilmir. Suallarım isə əsasən müharibədən sonrakı hərbi-siyasi hakimiyyətə ünvanlanıb.

Hörmətli oxucu, xahiş edirəm, “YouTube” portalını açın və azərbaycanlıların həmin yaşayış məntəqələrinin xarabalıqlarını göstərdiyi xarici jurnalistlərin dəhşətdən rəngi qaçmış üzlərinə baxın. Jurnalistlər söz tapa bilmir, onlar çaşqınlıq içərisindədir. Mənim isə onlardan fərqli olaraq deməyə sözüm, daha doğrusu, verməyə sualım var.

Bu barbarlığa kim yol verib?

Məhv etdiyiniz və ya məhv edilməsinə imkan verdiyiniz bu şəhərlər, abidələr, ziyarətgahlar və adi binalar kimə nə etmişdi?

Bütün bunlardan sonra siz hələ də monqol-tatarlardan danışırsınız?

İndi biz dünyaya nə cavab verəcəyik?

Nə deyəcəyik?

Deyəcəyik ki, Azərbaycanın dörddə birini tornado süpürüb aparıb? Necə? Azərbaycanın ermənilərin əlinə keçmiş mülki obyektlərinin başına nə oyun açdığını görən dünya onların sülhsevər azadlıq mübarizəsi apardığına necə inansın?

Necə?

Sizin fikrinizcə, bütün planet gic yığını və yalnız siz bicsiniz, cənab qarətçilər və vandallar? İndi isə gedin görün Əliyev nələr edir. Qazançı kilsəsini təmir edir. Bilirəm, deyəcəksiniz ki, bu dünyaya nümayiş olunması üçün edilir və s. Olsun. Siz də nümayişkaranə təmir edəydiniz və ya daha dəqiqi, sadəcə dağıtmayaydınız, qoyaydınız necə var, elə də qalsın. Bu, həm nümunəvi olardı, həm də ən əsası insani, humanist.

Tutaq ki, texnikanı, mebeli və ya başqa nələrisə aparırdınız, barı divarları, damları, boruları, səkiləri saxlayardınız. Barı lənətə gəlmiş uşaq bağçalarınını binalarına dəyməyəydiniz.

Hörmətli “Facebook” erməniləri, siyasi baxışlarınızdan asılı olmayaraq etiraf edin ki, gecə-gündüz barbarlardan şikayət edən sivil millət XXI əsrdə müdafiəsiz şəhərləri qarət edib dağıtmaz. Gedin Ağdamın nə vəziyyətdə olduğuna baxın: azərbaycanlılar hər gün canlı efirdə göstərirlər. Onlara inanmırsınızsa, yüz faiz özünüzün o yerlərdə qulluq etmiş qohumlarınız və ya tanışlarınız var. Onlardan soruşun.

Bilirəm, peşəkar “bəraət qazandıran”lar tapılacaq və deyəcəklər ki, “axper can, axı daş çatmırdı, biz o şəhərlərin daşları, boruları, damları ilə, evlərin yorğan-döşəkləri ilə, məscidlərin minarələri ilə səngərlərimizi möhkəmləndirirdik”.

Əlbəttə! Gördük, necə möhkəmləndirmişdiniz.

Daş çatmırdı nə deməkdir axı? Yoxsa sizin fikrinizcə, düşmənin yaşayış məntəqələrinin talan olunması və dağıdılmasına tikinti materialları çatışmazlığı ilə bəraət qazandırmaq olar? İndi onlar Şuşa yaxınlığında Qazançı kilsəsinin xaç daşlarından blindaj tiksələr, sizə necə təsir edər? Siz onları “qaniçən köçəri” adlandırıb vəhşilikdə, vandalizmdə ittiham edərək beynəlxalq ictimaiyyətə müraciət etməyəcəksiniz?

Edəcəksiniz, özü də haqlı olaraq.

Elə isə nə üçün özünüz belə əməllər törətmisiniz?

Hərçənd rahat ola bilərsiniz. Hər halda, köçərilərin ən azı özlərini biabır etməməyə ağlı çatır. Sizin iddia etdiyiniz kimi, nümayiş xatirinə də olsa, nəsə edirlər.

İstənilən halda mən sizin bu daşlarla bağlı bəhanələrinizə inanmıram. O mənada ki, guya azərbaycanlı evlərinin damları və hamamlarının plitələri ilə biz hansısa hərbi təyinatlı tikinti həyata keçirmişik. İkincisi, hətta belə olubsa da, bu yaşayış məntəqələrinin, həm də bu miqyasda dağıdılmasına bəraət qazandırmır.

Qardaşlar, Çernobıla çevrilmiş bu yeddi rayonda bir bina belə, qalmayıb. Başa düşürsünüz? Cəmi iki qarət edilmiş məscid qalıb ki, orada da donuz saxlamısınız.

Keçək əsas məsələyə

Baş verənlərin məni dəhşətə gətirməsi bir yana, bundan da dəhşətlisi odur ki, son onilliklər ərzində Ermənistanda bu barədə heç kim danışmayıb, yazmayıb, heç kim ittiham etməyib. Heç indi də danışmırlar və buna yol vermiş məsul şəxslərdən cavab soruşmurlar. Nə ziyalılar, nə hüquq müdafiəçiləri, nə tarixçilər… Heç kim.

Sanki hamı deyir ki, “yaxşı olub, axper can. Düz ediblər. Azərbaycanlılara bu da azdır”.

Təxminən belə təəssürat yaranır.

Yaxud QORXU. TÜRK adlandırılmaq qorxusu. Yəni əgər sən öz xalqının nümayəndələrini monqol-tatarlar kimi davranmaqda günahlandırırsansa, deməli sən türksən. Əlbəttə, mükəmməl məntiqdir.

Təbii ki, uşaqlıqdan beyni yuyulmuş bəzi oxucular indi düşünəcəklər ki, mən azərbaycanlıları çox sevirəm və bu yeddi rayonda baş vermiş barbarlıq məni buna görə narahat edir. Xeyr!

Burnunun ucundan bir qədər uzağı görə bilən insanları onilliklərlə təhdid etdiyiniz və susmağa məcbur etdiyiniz bu qeyri-insani ittihamı saxlayın özünüzə.

Mən türksevər deyiləm.

Mən düşmən agenti deyiləm.

Mən vətənsiz deyiləm.

Amma mən təbliğatın təsiri altında əzilmiş, dünyagörüşü korlanmış yırtıcı-faşist, eqosentrist də deyiləm.

Mən sadəcə başa düşürəm ki, bu yaşayış məntəqələrinin kimə (azərbaycanlılara, fransızlara, yəhudilərə) məxsus omasının, kimin kimə nə qədər “Qrad” mərmisi atdığının heç bir fərqi yoxdur. Müharibə bitibsə, sən ya ələ keçirdiklərini barbarlar kimi dağıdır, qarət edirsən, ya da insan kimi simanı itirmir, bu biabırçılıqlara yol vermirsən. Xüsusilə də bu rayonları qaytaracağını bildiyin, buna əmini olduğun üçün.

Budur, artıq biz o rayonları qaytarmışıq.

Görüm indi vəziyyətdən necə çıxırsınız.

600% əminəm ki, azərbaycanlıların buraya gətirdikləri müxtəlif xarici məmur qruplarına “məmnuniyyət”lə göstərdikləri bu dəhşət filmi Qarabağ münaqişəsinin nizamlanmasında onsuz da ermənilərin xeyrinə olmayan diplomatik vəziyyətə çox ciddi təsir göstərəcək.

Tərcümə: worldmedia.az

Mənbə: epress.am