Dili gödək Putin
Rusiya lideri Ukraynada məruz qaldığı alçaldıcı uğursuzluğu görə böyük mətbuat konfransından imtina edib
21 Dekabr 2022
Mənbə: The Telegraph
Tərcümə: Novator
Rusiya prezidenti Vladimir Putin bu ilin sonu yerli və əcnəbi jurnalistlər üçün mətbuat konfransı keçirməyəcək. Böyük Britaniyanın “The Telegraph” qəzeti bu qərarı şərh edərək yazır ki, Putinin Kreml təqviminin ən parlaq günlərindən biri kimi baxdığı illik ənənəvi mətbuat konfransını ləğv etmək məcburiyyətində qalması prezidentin durumunun yaxşı olmadığını təsdiqləyir: “Neçə vaxtdır Putin yeni il ərəfəsində böyük mətbuat konfransı keçirib öz uğurlarını nümayiş etdirirdi. Suallar qabaqcadan diqqətlə yoxlandığından dörd saatdan çox davam edən mətbuat konfransında o, hər məsələyə hazırlıqlı olur, saxta məlumatlarını da gen-bol yayır, bir növ dezinformasiya üzrə ustad dərsi keçirdi”.
“The Telegraph” Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə Putinin ənənəvi illik mətbuat konfransını ləğv etməsinin təəssüf doğurduğunu vurğulayır. “Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı bu müharibədə nə qədər irəlilədiyi, Ukraynanın işğalını nə vaxt bitirəcəyi, yaxud hazırda işğalda saxladığı, ukraynalıların hələ geri ala bilmədiyi torpaqlarda adamların onun hakimiyyəti altında necə yaşadığı haqda fikirlərini eşitmək maraqlı olardı”.
“The Telegraph” hesab edir ki, Ukraynada məruz qaldığı bir çox alçaldıcı uğursuzluğu yada salanda Putinin ictimaiyyət qarşısına, o cümlədən həmişə diqqətlə hazırlaşdığı illik mətbuat konfransına çıxmağa cürət etmədiyi təəssüratı yaranır.
Qəzet yazır ki, Putin təkcə döyüş meydanında yox, başqa sahələrdə də çətin vəziyyətə düşüb: “Onun dünyadakı havadarları nə qədər çalışsa da, Qərbin tətbiq etdiyi sanksiyaların Rusiya iqtisadiyyatına dağıdıcı təsirini aradan qaldırmaq olmur. Kremlin maliyyə çatışmazlığını neft pulları hesabına həll edəcəyinə ümidi də doğrulmayıb, sənaye ölkələri böhranla üzləşdiyinə görə dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşüb.
Putinin variantları sürətlə tükənir. Bu səbəbdən onun Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün danışıqlara getməkdə maraqlı olduğu ehtimal edilir.
Bir sıra Qərb lideri, o cümlədən ABŞ və Fransa prezidentləri Cozef Baydenlə Emmanuel Makron münaqişənin sülh yolu ilə həllinə israr edir. Bəziləri hətta Qərb liderlərinin Moskva ilə sülh danışıqlarına başlaması üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq edə biləcəyini deyir. Türkiyə də danışıqların start götürməsi məqsədilə Moskva ilə Kiyev arasında vasitəçiliyə çalışır.
Putin düşünür ki, Ukrayna ilə mübahisəli ərazilər üzrə danışıqların yeni raundu onun bir sıra problemlərinin həllinə yardım edə bilər. Rusiya liderinin danışıqlar təşəbbüsünə açıq olduğunu bəyan etməsini də bununla əlaqələndirmək mümkündür.
Qan tökülməsinin qarşısını almağa yönəlmiş istənilən addım alqışa layiqdir. Amma Qərb liderlərinin Putinin tələsinə düşməməsi də çox vacibdir. 2022-ci ilin fevralında Ukraynaya hərbi hücuma keçməzdən qabaq da Moskva Kiyevlə danışıqlar aparırdı. Amma Minsk razılaşmaları çərçivəsində aparılan o danışıqlar heç bir fayda vermədi, çünki Moskva 2014-cü ildə ilhaq etdiyi Krımdan və Ukraynanın şərqində separatçıların əliylə zəbt etdiyi ərazilərdən qəti şəkildə geri çəkilmək istəmədi. Yaddan çıxarmayaq ki, Rusiya yenə eyni mövqedədir.
Həm də istənilən gələcək sülh razılaşması Putin ordusunun Ukraynada törətdiyi saysız-hesabsız hərbi cinayətləri də əhatə etməlidir. Münaqişəyə son qoymaq üçün danışıqlara getmək yaxşı ideyadır, bir şərtlə ki, despotun qurtuluşuna xidmət etməsin”.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.
Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.
Sentyabrın 23-dən 27-dək dörd işğalçı rejimdə Rusiyaya birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.
Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.
Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb. Müqavilələr oktyabrın 5-də tam qüvvəyə minib.
Ukrayna hərbçiləri isə son vaxtlar fəal əks-hücum əməliyyatlarına başlayıb. Əks-hücumun əsas istiqamətlərindən biri Xeson vilayətidir. Rusiyanın hərbi-siyasi rəhbərliyi məhz bu həmlələri nəzərə alaraq işğal etdiyi bəzi bölgələrdən çəkilmək qərarı verib. Noyabrın 11-də Rusiya qoşunları Xerson vilayətinin bir hissəsini, o cümlədən bölgənin mərkəzi şəhəri Xersonu tam tərk edib. Bundan sonra Ukrayna döyüşçüləri martın 3-də işğal altına düşmüş Xerson şəhərinə daxil olub.
İstər 2014-cü ildə Krım yarımadasının ilhaqına, istərsə də 2022-ci ilin fevralında başlatdığı total müharibəyə görə dünya birliyi Rusiyaya minlərlə sanksiya tətbiq edib.
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.