Azərbaycanlı nazir: “İndi Ermənistanla da əməkdaşlıq mümkündür”
21 Yanvar 2021
Müəllif: Zülfüqar Ağayev
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirir ki, COVID-19 pandemiyası və qonşu Ermənistanla müharibə üzündən ölkə iqtisadiyyatının artımında düşüş olsa da, bu il iqtisadi artımın bərpası gözlənilir. Xatırladaq ki, ötən ilin sonlarında baş vermiş müharibə Azərbaycanın işğal altındakı ərazilərini geri qaytarması ilə bitib.
Mikayıl Cabbarov nəşrimizə müsahibəsində bildirib ki, Azərbaycan iqtisadiyyatı ötən il 4,3% geriləmə ilə üzləşsə də, bu il ölkədə 3,4%-lik iqtisadi inkişaf gözlənilir: “Bizim 2021-ci illə bağlı proqnozlarımız Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarından daha nikbindir”.
Dünya Bankı 2021-ci ildə ölkədə 1,9, Beynəlxalq Valyuta Fondu isə 2%-lik iqtisadi artım proqnozlaşdırır. Amma artım həm də Azərbaycanda COVID-19 pandemiyasına qarşı vaksinasiya proqramının nə qədər uğurlu olacağından asılıdır. Ölkədə kütləvi vaksinasiyaya bazar ertəsi başlanılıb.
“Azərbaycan iqtisadiyyatının inkişafı üçün vacib olan digər sahələrdəki vəziyyətdən məmnunuq”, - deyə Cabbarov qeyd deyib.
Postsovet ölkələri arasında üçüncü böyük neft hasilatçısı olan Azərbaycanın iqtisadiyyatı 2016-cı ildən bəri ilk dəfə məhz ötən il geriləyib. Buna pandemiyaya qarşı tədbirlər və neftin ucuzlaşması səbəb olub. Üstəlik, bu iqtisadi sarsıntılar fonunda Azərbaycan Ermənistanla apardığı 44 günlük müharibə nəticəsində mübahisəli Dağlıq Qarabağ regionu ətrafında yerləşən və təxminən 30 il idi işğal altında olan rayonlarını geri qaytarıb. Tərəflər arasında hərbi əməliyyatlar Rusiyanın vasitəçiliyi ilə ötən ilin noyabrında imzalanmış atəşkəs müqaviləsi ilə başa çatıb.
Mikayıl Cabbarov hesab edir ki, bu müharibədən sonra bölgədə yeni geosiyasi reallıq yaranıb: “Azad edilmiş ərazilərlə bağlı quruculuq planları, son saziş çərçivəsində regionda sərhədlərin və nəqliyyat əlaqələrinin açılması Azərbaycan iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına böyük töhfə olacaq”. Nazir bu il ölkəsinin azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat (1,3 milyard dollar) vəsait ayırdığını vurğulayıb.
Mikayıl Cabbarovun sözlərinə görə, yeni 10 illik inkişaf planı çərçivəsində Azərbaycanda orta illik iqtisadi inkişaf tempi 7%-ə çatdırılmalıdır. Bununla da 2030-cu ilədək ölkədə ümumdaxili məhsul 2 dəfə artırmalıdır. Nazir bunun iddialı hədəf olduğunu etiraf edir.
44 yaşlı Mikayıl Cabbarov ABŞ-da təhsil alıb. O, 2019-cu ildə Azərbaycanın iqtisadiyyat naziri təyin edilib. Cabbarov bundan əvvəl təxminən 2 il ölkənin vergilər naziri vəzifəsini tutub.
Nazir bildirir ki, Xəzər dənizi sahilində yerləşən Azərbaycanda iqtisadi artım səyləri çərçivəsində 21 dövlət şirkətinin idarə olunması yeni dövlət holdinqinə həvalə edilib “Holdinqə effektivliyi və korporativ idarəçiliyi artırmaq, həmçinin bu dövlət şirkətlərinin mümkün özəlləşdirilməsinə hazırlıq işləri tapşırılıb”.
M.Cavvarovun fikrincə, dövlət şirkətlərinin hamısı özəlləşdirilməsə də, dövlət investor kimi ortaya vahid yanaşma qoyacaq: “Bu, şirkətlərin idarəçiliyində bir çox dəyişikliklər tələb edir”.
“Bu il dövlət şirkətlərinin, o cümlədən SOCAR-ın səhmlərinin satışı nəzərdə tutulmur. Ancaq Azərbaycan yeni özəlləşdirmə proqramı reallaşdırmaq niyyətindədir və biz indiyə qədər təklif etmədiyimiz yeni aktivləri irəli sürəcəyik”, - deyə Azərbaycanın iqtisadiyyat naziri bildirib. Bununla yanaşı, o, səhm satışının nə vaxt həyata keçiriləcəyini deməyib.
“Özəlləşdirmə naminə özəlləşdirmə aparmağı, yaxud konkret müddət üçün özəlləşdirməyə getməyi doğru hesab etmirik. Hədəfimiz işləmək, səhmlərin dəyərini artırmağa imkan verəcək investisiya holdinqi qurmaq idi”, - deyə Mikayıl Cabbarov vurğulayıb.
Onun fikrincə, bir zamanlar işğal altında olmuş ərazilər üzündən 30 ilə yaxın davam etmiş münaqişənin sona çatması ümumilikdə Qafqazda sabitliyi gücləndirəcək, Azərbaycanın regional mərkəz rolunu artıracaq, ticarət dövriyyəsini, tranzit həcmini yüksəldəcək və çiçəklənməyə səbəb olacaq. Mikayıl Cabbarov deyir ki, indi Ermənistanla da əməkdaşlıq etmək mümkündür. Məsələ ondadır ki, Yerevanla Bakı Dağlıq Qarabağ üzündən təxminən 30 il idi mübarizə aparırdılar.
“Prezident İlham Əliyev aydın şəkildə deyir ki, ölkənin ərazi bütövlüyünün bərpasından sonra Azərbaycanın heç bir qonşusu ilə problemi yoxdur. Rusiya, Azərbaycan və Ermənistanın yaratdığı birgə işçi qrup regional nəqliyyat əlaqələrinin bərpası ilə bağlı planları həyata keçirmək məqsədilə bu ay işə başlamalıdır”, - deyə nazir qeyd edib: “Qarşılıqlı əməkdaşlıq regiondakı bütün ölkələrə fayda gətirəcək”.