Avrasiyada yeni reallıq: üç dost
27 Dekabr 2021
Müəlliflər: Corcio Kafyero, Emili Milliken
Azərbaycan, Türkiyə və Pakistan arasında güclü üçtərəfli əlaqələr var. Bu münasibətlər hər üç ölkənin təhlükəsizliyi, iqtisadi və diplomatik maraqları üçün getdikcə daha önəmli amilə çevrilir.
2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Türkiyə ilə Pakistanın Azərbaycanı dəstəkləməsindən sonra onlar arasındakı tərəfdaşlıq daha aydın görünməyə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri İmran Xanın rəhbərliyi altında Bakı, Ankara və İslamabad arasında üçtərəfli münasibətlər daha da dərinləşir.
Əslində, bu dövlətlər arasında dərin əlaqələr yenilik deyil. Pakistan 1947-ci ildə müstəqillik qazandıqdan bəri Ankara ilə İslamabad arasında zəngin ikitərəfli münasibətlər mövcuddur. 30 il qabaq Sovet İttifaqının dağılmasından sonra isə Türkiyə ilə Pakistan Azərbaycanı yeni müstəqil ölkə kimi tanıyan ilk iki dövlət olub.
Yaxın tarixə gəlincə, Rəcəb Tayyib Ərdoğan prezidentliyi dövründə Azərbaycana 20-dən çox səfər edib. “Bir millət, iki dövlət” şüarı Bakı ilə Ankara arasında münasibətlərin səviyyəsini göstərir. Türkiyəlilərlə azərbaycanlıların əksəriyyəti münasibətlərini təsvir etmək üçün məhz bu şüarı önə çəkir.
Bu üç ölkə arasında münasibətlərdə mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də hərbi amildir. Türkiyə 2016-2019-cu illərdə Pakistana silah ixrac edən ən böyük dördüncü ölkəyə (ABŞ-ı keçərək) çevrilib. Pakistan isə Türkiyənin silah tədarük etdiyi ən böyük üçüncü bazardır. Türkiyə Pakistana dron detalları, hərbi gəmilər və bombalar daxil olmaqla, hərbi texnologiyalar verir və satır. İslamabadın Ankaranı daimi silah tədarükçüsü kimi görməsinin əsas səbəblərindən biri odur ki, Pakistan hərbi avadanlıqların idxalı nöqteyi-nəzərdən Çin və Qərb ölkələrindən çox asılı olmaq istəmir. Amma onlar arasında hərbi sahədə münasibətlər birtərəfli deyil. Məlum olduğu kimi, Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksləri aldıqdan sonra ABŞ qırıcı istehsalı ilə bağlı texnologiyaların Ankaraya verilməsini dayandırıb. Odur ki, Türkiyə Pakistanla birgə raket və qırıcıların istehsalına ümid edir və bununla bağlı artıq İslamabada müraciət də edib.
Bu arada, ötən il Türkiyə-Pakistan yüksək səviyyəli dialoq qrupunun iclasında hər iki dövlətin rəsmiləri İslamabadın Türkiyənin nüvə proqramına dəstək göstərmək məsələsini müzakirə ediblər.
Son illərdə Türkiyə Azərbaycana da silah tədarükünü xeyli artırıb. Məsələn, 2020-ci ildə Ankaranın Bakıya silah ixracı düz 6 dəfə artıb. İkinci Qarabağ müharibəsinin başlamasından bir ay əvvəl Türkiyə istehsalı olan dronların və digər silah növlərinin Azərbaycana satış həcmi 77 milyon dollara çatmışdı.
Azərbaycan 2000-ci illərin ortalarından bəri əsasən Heydər Əliyev Fondu vasitəsilə Pakistanda mühüm humanitar rola malikdir. Bu xeyriyyə Fonduna Azərbaycanın birinci ledisi Mehriban Əliyeva rəhbərlik edir. Bakı İslamabada əsasən təhsil, ekologiya və səhiyyə sahələrində yardım göstərir. Müzəffərabad şəhərində qızlar məktəbinin tikintisi və Dera İsmayil Xan ərazisinin Tank bölgəsində “Heydər Əliyev Su Təchizatı layihəsi”nin həyata keçirilməsi Fondun reallaşdırdığı layihələrdəndir.
İkinci Qarabağ müharibəsindən sonra Ankara, Bakı və İslamabad üçtərəfli münasibətlərin gələcək inkişafı istiqamətində yeni addımlar atır. Məsələn, Türkiyə Parlamentinin spikeri Mustafa Şentop, azərbaycanlı və pakistanlı həmkarları Sahibə Qafarova və Əsəd Kayser 2021-ci ilin iyulunda Azərbaycanın paytaxtında üçtərəfli görüşdən sonra Bakı Bəyannaməsini imzalayıblar. Sənəddə ölkələr arasında mədəni əlaqələrin, qarşılıqlı hörmət və əməkdaşlığın gücləndirilməsinin vacibliyi bildirilir. Üstəlik, bəyannamədə Azərbaycan, Türkiyə və Pakistanın sülh və sabitliyin bərqərar edilməsindəki rolları vurğulanıb.
Bu arada, türkiyəli, azərbaycanlı və pakistanlı hərbçilər bu ilin sentyabrında Bakıda 8 gün davam etmiş “Üç qardaş-2021” adlı birgə hərbi təlimlər keçiriblər. Hərbi təlimin məqsədi rəsmi olaraq üç ölkə arasında mövcud əlaqələrin gücləndirilməsi və terrorçuluqla mübarizədə yeni üsulların tapılması idi. Amma bu, İran-Azərbaycan münasibətlərində gərginlik yaratmışdı. Çünki Tehran üçtərəfli təlimi özü üçün təhdid kimi qiymətləndirmişdi. İran hökuməti Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yaxın olduğunu anlayır. Amma təlimdə Pakistanın da iştirakı iranlı rəsmiləri narahat etmişdi.
Bu gün əminliklə söyləmək olar ki, Bakının qələbəsi ilə nəticələnmiş İkinci Qarabağ müharibəsinin geosiyasi nəticələri Tehranı bundan sonra da narahat edəcək. Hər halda, gələcəkdə də İranın sərhədləri yaxınlığında üçtərəfli hərbi təlimlərin keçirilməsi Ermənistanın tarixi müttəfiqi olan Tehranda narahatlıq yaradacaq.
İqtisadi əlaqələr
Azərbaycan, Türkiyə və Pakistan qədim ticarət yollarının üzərində yerləşir. “Bir kəmər, bir yol” adlı iddialı təşəbbüsü irəli sürmüş Çin kimi, onlar da qədim ticarət yollarını dirçəltməyə çalışırlar. Məqsəd yeni iş yerlərinin açılması və üç ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsidir. Odur ki, bu il ərzində Azərbaycan, Türkiyə və Pakistanın rəsmiləri ticarət, investisiya, nəqliyyat, turizm və bank sahələrində mövcud əməkdaşlığı fəallaşdırmağın yollarını müzakirə ediblər. 2021-ci ilin yanvarında üç dövlətin xarici işlər nazirlərinin imzaladığı İslamabad Bəyannaməsi məhz belə əlaqələrin dərinləşməsinə istiqamətlənib.
Hazırda bu ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün imkanlardan biri Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardakı vəziyyətlə bağlıdır. İran şirkətləri ötənilki müharibədən sonra bu dağlıq anklavda dağıdılmış infrastrukturun bərpasında iştirak etməyə ümid bəsləsə də, indiyədək bərpa işləri ilə bağlı müqavilələr Türkiyə və Pakistan şirkətləri ilə imzalanıb. Bu, öz-özlüyündə Tehran ilə Bakı arasında ziddiyyətləri göstərir.
Beynəlxalq təcrid risklərinin azaldılması
Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətləri başa düşmək üçün bir məsələni anlamaq lazımdır: bu əlaqələrdə söhbət təkcə silah satışı, ticarət və iqtisadiyyatdan getmir. Ankara-Bakı-İslamabad münasibətlərində diplomatiya və yumşaq güc mühüm əhəmiyyət kəsb edir.
Dövlətlər düşmənlərinə qarşı hərbi və ya diplomatik münaqişələrdə iştirak edən zaman, onların müttəfiq və tərəfdaşlarının dəstəyinin necə önəmli olduğunu nəzərə almaq vacibdir. Odur ki, heç bir dövlət onun maraqlarına yaxın olan məsələlərdə beynəlxalq birlikdən təcrid olunmaq istəmir. Demək, Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli münasibətlər onların qonşu dövlətlərlə mübarizə aparacağı təqdirdə, diplomatik nöqteyi-nəzərdən beynəlxalq aləmdən təcrid olmayacaqlarına zəmanət verir. Bu prinsip son illərdə özünü dəfələrlə göstərib. Məsələn, Ankara ilə İslamabad Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini hər zaman müdafiə edib. Pakistanın Bakıya dəstəyi onun Ermənistanın müstəqilliyini tanımayan yeganə dövlət olmasında da göstərir.
Bu da son deyil. İkinci Qarabağ müharibəsi zamanı Bakı Pakistandan tədarük edilən silahlardan da faydalanıb. Bu, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı əraziləri azad etməsində vacib rol oynayıb. Əlbəttə, 44 günlük müharibədə ən böyük fərq yaradan xarici dövlət Türkiyə olub. Türkiyə istehsalı olan “Bayraktar TB-2” və digər dronlar Azərbaycanın qələbə qazanmasına ciddi rol oynayıb.
Bu arada, Hindistan dövləti Konstitusiyanın 370-ci maddəsini ləğv etdikdən sonra həm Azərbaycan, həm də Türkiyə Pakistanın Kəşmirlə bağlı mövqeyinə ciddi dəstək göstərib. Nəticədə, bu, Yeni Dehli ilə Ankara və Bakı arasında ciddi fikir ayrılığına səbəb olub.
Yeri gəlmişkən, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin sentyabrında BMT Baş Assambleyasında çıxışı zamanı Kəşmir problemini xatırladaraq, onun “mühüm əhəmiyyət kəsb edən məsələ” adlandırıb. Xatırladaq ki, Hindistan hökuməti 2019-cu ildə Kəşmirin muxtar vilayət statusunu ləğv edib.
“Azərbaycan dünya siyasətində aparıcı səsə malik olmasa da, onun Kəşmirlə bağlı mövqeyi Yeni Dehlidə narahatlıq yaradır”, - deyə İslamabadda fəaliyyət göstərən Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Xalid Rəhman bildirib.
Türkiyə hərbçiləri 2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatı çərçivəsində Suriyanın şimalında yerləşən, PKK ilə bağlılığı olan YPG-yə hücum etmişdi. Ankaranın bu əməliyyatını tənqid edən hökumətlər (Macarıstan və Qətərdən başqa) çox olsa da, o vaxt Azərbaycan ilə Pakistan Türkiyəyə dəstək göstərmişdi. Eyni zamanda, beynəlxalq ictimaiyyətin təzyiqinə baxmayaraq, Bakı ilə İslamabad uzun illərdir ki, Ankaranın Kiprlə bağlı mövqeyini də dəstəkləyir.
2021-ci ilin avqustunda Pakistanın dövlət başçısı Arif Alvi MİLGEM layihəsi çərçivəsində Türkiyənin Pakistan üçün istehsal etdiyi sahil patrul gəmisinin suya salınması mərasimində çıxış edib. Həmin vaxt o, Şimali Kipr Türk Respublikası məsələsində Ankaraya dəstəyini dilə gətirmiş, Pakistanın Şimali Kiprlə vəhdət təşkil etdiyini söyləmişdi: “Biz bütün qəlbimizlə türk xalqının yanındayıq”.
Pakistanın Ankara və Bakı üçün əhəmiyyəti
Azərbaycanın Türkiyə ilə sıx müttəfiqliyi Bakının xarici siyasi proqramında hər kəsə yaxşı məlum olan dayaq nöqtəsidir. Eyni zamanda, Türkiyə ilə həmsərhəd olan bu postsovet ölkəsi Ankaranın şərq istiqamətində, yəni Xəzər dənizi hövzəsi və Mərkəzi Asiyada iqtisadi, geosiyasi təsirinin artmasında mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, istər Ankara, istərsə də Bakı İslamabadı öz müdafiə sisteminə daxil etməyə çalışır.
“Pakistan Azərbaycanı istehsal etdiyi hərbi avadanlıqlar, xüsusilə “JF17 Thunder” qırıcıları üçün növbəti perspektivli bazar kimi görür”, - deyə müdafiə və təhlükəsizlik məsələlərinin təhlili üzrə “Royal United Services” İnstitutunun elmi işçisi Umar Kərim nəşrimizə bildirib. Onun sözlərinə görə, Azərbaycan hərbi sahədə lazımi resurslara malikdir: “Amma o, Rusiyadan asılılığı azaltmaq məqsədilə silah tədarük etdiyi ölkələri şaxələndirmək niyyətindədir. Əlbəttə ki, bu mənada Türkiyə ilə Pakistan Bakı üçün faydalı alternativlərdir. Beləliklə, Nigeriya və ya Argentina kimi, Azərbaycan da Pakistan silahlarının alıcısı ola bilər”.
Bütün bunlarla yanaşı, nüvə silahına malik olan 9 dövlətdən biri, islam aləminin müəyyən hissəsində yumşaq gücə malik ölkə ilə müttəfiqlik təbii ki, xüsusi üstünlüklər qazandırır.
“Bakı əsasən İslamabadın diplomatik gücünə arxalanır”, - deyə “TRT World”də çalışan Turan Qafarlı nəşrimizə müsahibəsində vurğulayıb. O, qeyd edib ki, Pakistanın müsəlman ölkələri arasında gücü və təsiri böyük üstünlükdür: “Bundan başqa, Pakistanın nüvə silahına malik olması böyük üstünlük verir. Pakistan əhalisinin 250 milyon nəfər olduğunu da nəzərə alsaq, İslamabadın bundan sonra da Bakı üçün mühüm əhəmiyyət kəsb edəcəyini söyləyə bilərik”.
Gələcək
Azərbaycan, Pakistan və Türkiyə bütün təhdidlərlə eyni anda mübarizə apara bilməz. Amma onları mədəniyyət, tarix və hərbi, iqtisadi və enerji sahələrində üçtərəfli əməkdaşlığı yeni zirvələrə çatdırmaqla bağlı qətiyyətli mövqe, istər “sərt güc”, istərsə də “yumşaq güc” nöqteyi-nəzərdən ümumi prinsip və baxışlar birləşdirir. Buraya islamofobiya və müsəlmanların dünyanın müxtəlif hissələrində təqib edilməsinə qarşı mübarizə də daxildir.
Hazırda Pakistanın qarşısında duran əsas problemlər xaos təhlükəsi və Əfqanıstandan olan qaçqınlar məsələsidir. İslamabad Əfqanıstan problemində milli maraqlarının müdafiəsinə daha ciddi ehtiyac duyularsa, böyük ehtimalla, yardım üçün məhz Bakı və Ankaraya müraciət edəcək. Söhbət “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyətə qayıtması ilə ölkədə yaranmış qeyri-müəyyən vəziyyətdən gedir.
Beləliklə, Ankara, Bakı və İslamabad arasında iddialı tərəfdaşlıq böyük Avrasiyada yeni reallığın yaradılmasına istiqamətlənib. Bu, hər üç dövlətin milli maraqlarının irəli çəkilməsinə yardım göstərə bilər. Onlar irəli getdikcə, digər güclərin (Rusiya, İran, Tacikistan, Qətər və s.) bu üçtərəfli əməkdaşlığın dərinləşməsinə necə baxdıqlarını öyrənmək vacib olacaq. Yəni həmin güclər üçtərəfli əməkdaşlığın dərinləşməsinin milli maraqlarına ya faydalı olduğunu, ya da təhdid yaratdığını düşünəcək. Bu üçtərəfli əməkdaşlığa hər hansı dövlətin qoşulub-qoşulmayacağını isə zaman göstərəcək.
Bir sözlə, Azərbaycan ilə Pakistan Türkiyənin artan rolunu xarici siyasi maraqları üçün müsbət amil kimi dəyərləndirir. ABŞ-ın Çin və Rusiyaya qarşı olan geostrateji balanslaşdırma oyununda ilişib qalmaqdansa, Ankara ilə daha dərin tərəfdaşlıq Bakı və İslamabad üçün daha böyük imkanlar yarada bilər.
Tərcümə: Worldmedia.az
Mənbə: The New Arab