Logo
news content
User
Kateqoriyalar

İcmal

Amerika Cənubi Qafqaza qayıtdığını sübut edə bilər
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: “Region Moskvanın nəzarətində qalarsa, yeni münaqişələrin şahidi ola bilərik”

Müəllif: Robert Sekuta, 2015-2018-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri (STARS AND STRIPES, ABŞ)

Ermənistanla Azərbaycan arasında müharibə ötən il atəşkəs müqaviləsinin imzalanması ilə başa çatıb. Tərəflər arasında atəşkəs bəyanatının imzalanmasına Rusiya prezidenti Vladimir Putin vasitəçilik edib. Müharibənin başa çatmasının birinci ildönümündə Azərbaycanın paytaxtı Bakıda azərbaycanlıların bayram etdiyinin şahidi oldum. Onlar bayraqlar yelləyir, Xəzər dənizinin sahilində yerləşən bulvar boyu bayram edirdilər.

Lakin bu, sülh deyil. Üçtərəfli bəyanatın imzalanmasının birinci ildönümündən bir neçə gün sonra iki ölkə sərhədində yavaş-yavaş “közərən” vəziyyət yenidən alovlanıb. Atəşkəsin bərqərar olmasına yenə də Moskva vasitəçilik edib. Beləliklə, Putin administrasiyası regiona təsir rıçaqları sayəsində burada imkanlarını getdikcə artırır. Amma bu, bölgədə qeyri-sabitliklə müşayiət olunur. Rusiya məhz bu vəziyyətdən istifadə edir, guya regionda uğur qazandığını göstərir. Bu gün Rusiya qüvvələri bu bölgənin müxtəlif hissələrində “sülhməramlı” kimi fəaliyyətdədir. Amma onlar münaqişələrin uzanmasına, alovlanmasına imkan verməklə, əsl niyyətlərini ortaya qoyurlar. Odur ki, region Moskvanın nəzarətində qalarsa, burada yeni münaqişələrin şahidi ola bilərik.

Bütün bunların fonunda son həftələrdə Cənubi Qafqazda ABŞ-ın bir az fəallaşdığını görürük. Vaşinqton yüksək rütbəli rəsmilərini bölgəyə göndərib, onlar Ermənistan və Azərbaycan liderləri ilə istər ikitərəfli, istərsə də ATƏT-in Minsk qrupu çərçivəsində görüşlər keçiriblər. Amma ümumi fikir belədir ki, ABŞ regionda cərəyan edən proseslərdə iştirak etmir.

Reallıq ondan ibarətdir ki, bu gün tərəflərin bir araya gəlməsi, dayanıqlı sülh uğrunda mübarizə üçün diplomatik vasitələrə, eyni zamanda diplomatik çəkiyə ehtiyac var. Bu xüsusiyyətlərə malik olan yeganə beynəlxalq oyunçu isə məhz ABŞ-dır. Bu gün onun qarşısında bu kontekstdə yeni imkanlar pəncərəsi açılıb. Nəzərə alsaq ki, Birləşmiş Ştatlarda yaxın vaxtlarda seçki də gözlənilmir, Vaşinqton Cənubi Qafqaz regionuna daha ciddi diqqət ayıra bilər. Bəli, o, hərəkətə keçə bilər və keçməlidir.

Lakin ABŞ-ın müdaxilə imkanlarının olması və buna ehtiyacın duyulması hələ bu işin asan olduğu anlamına gəlmir. Hazırda ermənilər hirslidirlər. Son müharibədən sonra onlar əziyyət çəkirlər. Bu gün erməni xalqı öz gələcəyindən, təhlükəsizliyindən narahatdır.

Azərbaycana gəlincə, o, sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu bildirir. Türkiyə də dəfələrlə bəyan edib ki, Yerevanla normal diplomatik və iqtisadi münasibətlər qurmağa hazırdır. Lakin bu da kifayət deyil. Çünki əsas problemləri məhz Ermənistanla Azərbaycan həll etməlidir. İndi ermənilərlə azərbaycanlılar təkcə tarixə, ötən 30 ildə baş vermiş hadisələrə deyil, həm də irəli aparacaq yolun necə tapıla biləcəyinə, sülh şəraitində yaşaya biləcəkləri gələcəyi necə qura biləcəklərinə nəzər yetirməlidirlər. Bunun üçün isə tərəflərin 2020-ci ilin noyabrında imzalanmış bəyanatın şərtlərinə əməl etməsinə, sənədin mahiyyətinə uyğun davranmasına ehtiyac var.

Üçtərəfli bəyanatın müsbət məqamlarından biri Ermənistanla Azərbaycanın Rusiya ilə birgə nəqliyyat əlaqələrinin açılmasını müzakirə etməsidir. İndi Yerevan Azərbaycanın mülki təyyarələrinin onun hava ərazisindən istifadə etməsinə imkan yaradıb. Söhbət Bakı ilə Azərbaycanın eksklavı olan Naxçıvan arasındakı uçuşlardan gedir. Bu, onu göstərir ki, irəliləyişə nail olmaq mümkündür.

Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında Ermənistan vasitəsilə yerüstü əlaqələrin qurulması isə əslində, bütün Avrasiyada yük daşımalarının asanlaşdırılmasına töhfə verəcək. Bu, Avropa ilə Mərkəzi, Şərqi və Cənubi Asiya arasında yük daşımalarını asanlaşdıracaq. Nəqliyyat əlaqələrinin yaxşılaşması isə iqtisadi artıma və hər bir ölkənin daha da çiçəklənməsinə səbəb olacaq.

Amma bunun üçün Bakı ilə Yerevan miqyaslı və çətin işlərin öhdəsindən gəlməlidir. Bu mənada, mühüm əhəmiyyətə malik məsələlər var: ritorikanın yumşaldılması, münaqişənin davam etdiyi illər ərzində yaranmış düşmənçiliyin azaldılması, əhalinin real və dayanıqlı sülh üçün lazım olan addımlara hazırlanması.

ABŞ nifrətin aradan qaldırılması işində müxtəlif ölkələrə yardım göstərib. Bu işdə onun böyük təcrübəsi və geniş resursları var. Odur ki, Vaşinqtonun bu regionda da iştirakı arzulanandır. Uzun müddət ərzində belə təəssürat yaranıb ki, ABŞ hökuməti bu bölgədəki proseslərdən uzaq durur. Nəhayət, Vaşinqtonun bölgədə daha fəal olmağa, effektli əlaqələr qurmağa can atdığını göstərən əlamətlər var. Məsələn, o, Ermənistanla Azərbaycanın istər ikitərəfli danışıqlar, istərsə də beynəlxalq tədbirlər vasitəsilə irəli addımlamalarına yardım göstərməyə çalışır. Odur ki, indi hər iki ölkə ABŞ rəsmiləri ilə görüşlərdən yararlanmağa çalışmalıdır.

Sonda qeyd etmək istərdim ki, digər beynəlxalq məsələlərdən fərqli olaraq, Cənubi Qafqazdakı vəziyyət böyük maliyyə vəsaiti və ya qoşun yerləşdirilməsini tələb etmir. Vaşinqton bu regionda məqsədyönlü, nəzərəçarpan səylərlə uğur qazana, liderliyini, ona olan inamı bərpa edə bilər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az. Məqalənin orijinalı: STARS AND STRIPES)