ABŞ Qarabağda Rusiyaya qarşı
23 Dekabr 2020
ABŞ dövlət katibinin müşaviri Rusiyanın Dağlıq Qarabağda hərbi mövcudluğunu “sabitliyə əngəl” adlandırıb. O, Vaşinqtonun Bakı və Yerevanla danışıqlara başlamaq niyyətində olduğunu da deyib. Halbuki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əvvəlki cəhdləri tamamilə uğursuz olub.
Bu haqda Rusiyada nəşr edilən “Nezavisimaya qazeta” yazıb. “ABŞ dövlət katibinin müşaviri Klark Kuper Rusiyanın Dağlıq Qarabağda hərbi mövcudluğunu “sabitliyə əngəl” adlandırıb”, - deyə qəzet qeyd edir.
Bu açıqlama əslində, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəal rol oynamaq istəyini göstərir. Lakin ABŞ bunun üçün o qədər də geniş imkanlara malik deyil.
Yeri gəlmişkən, Dövlət Departamenti ilk dəfədir ki, Rusiyanın Dağlıq Qarabağla bağlı addımlarını tənqid edir. “Harada Rusiyanın hərbi mövcudluğu varsa, orada qeyri-sabitlik riski yüksəkdir. Bu, əlbəttə ki, bölgənin bütün ölkələri, o cümlədən münaqişə tərəfləri üçün problemləri artırır”, - deyə Kuper bildirib.
Amerikalı diplomat əlbəttə ki, Qarabağ bölgəsini nəzərdə tutur. Məlum olduğu kimi, bir müddət əvvəl bu bölgəyə Rusiya sülhməramlıları yerləşdirilib.
Bununla belə o, Rusiyanı əvəzləməkdən söz açmayıb. Ağ Evin Dağlıq Qarabağ bölgəsində atəşkəsin təmin olunması istiqamətində hələ oktyabrda göstərdiyi uğursuz cəhd zamanı amerikalılar bölgəyə münaqişəyə cəlb olunmamış Avropa ölkələrindən, xüsusilə İsveçdən sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyasını dəstəkləmişdi. İndi isə Kuper danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməsinin tərəfdarı olduqlarını deməklə kifayətlənib.
Azərbaycan Prezidenti İlham Əliyev isə, əslində bu nizamlama formatını rədd edir. O, bu yaxınlarda ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərini Bakıda kifayət qədər soyuq qarşılayıb. O zaman Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun da təmsil olunduğu nümayəndə heyətini qəbul edən Əliyev deyib: “Mən sizi buraya dəvət etməmişəm. Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyəti səmərəsiz olub”.
Azərbaycanın dövlət başçısı Ermənistanın artıq kapitulyasiya aktına imza atdığını xatırladıb, bununla da faktiki olaraq, Minsk qrupunun vasitəçilik rolunun başa çatdığına eyham burub.
Klark Kuperin dediklərinə gəlincə, bu, həm də onu göstərir ki, ABŞ bölgədə aşkar məğlubiyyətə uğramasına baxmayaraq, burada fəaliyyətini məhdudlaşdırmaq niyyətində deyil. Amma Kuperin sözləri sadəcə, Ağ Evi tərk etməkdə olan hökumətin mövqeyidir. O, diplomat karyerası boyu hər zaman Respublikaçılar partiyası ilə sıx əlaqədə olub.
Rusiya üçün yalnız Ermənistanla Azərbaycanın mövqeyi önəmlidir
“Nezavisimaya qazeta”nın da qeyd etdiyi kimi, Cosef Bayden hökumətinin Dağlıq Qarabağ münaqişəsilə bağlı siyasəti hələlik müəyyən deyil. Doğrudur, Bayden müharibənin qızğın vaxtında bu haqda bir sıra açıqlamalar vermişdi. Lakin həmin açıqlamalar daha çox ABŞ-da gedən prezident seçkisinə hesablanmışdı.
Hər halda, Bayden çıxışlarında Rusiya və Türkiyəni Qafqazda “münaqişəni alovlandırmaqda” günahlandırıb. Əvəzində isə o, Qarabağ probleminin hər hansı həll yolundan danışmayıb. Ümumiyyətlə, Ermənistan-Azərbaycan qarşıdurması Baydenin seçki kampaniyasında əsas mövzular sırasında yer almayıb.
ABŞ-ın yeni administrasiyasının Tramp hökumətinin Qarabağ münaqişəsilə bağlı siyasətini davam etdirib-etdirməyəcəyinə cümə axşamı aydınlıq gələ bilərdi. Məsələ ondadır ki, həmin gün dövlət katibi Maykl Pompeo ilə Bayden administrasiyasında bu vəzifəni tutacaq Entoni Blinken arasında görüş olmalı idi. Lakin görüş baş tutmayıb: Pompeo koronavirusa yoluxmuş bir şəxslə təmasda olduğu üçün karantin rejiminə keçmək məcburiyyətində qalıb.
Bütün bunların fonunda məlum olub ki, Klark Kuperin “sabitliyi pozduğunu” düşündüyü Rusiya tezliklə bölgədə hərbi mövcudluğunu artıracaq. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yaxın zamanlarda Ermənistan-Azərbaycan sərhədinə rusiyalı sərhədçilər yerləşdiriləcək. Bunun ardınca isə məlum üçtərəfli razılaşmaya uyğun olaraq, Azərbaycanın Naxçıvan bölgəsilə ölkənin əsas hissəsi arasında nəqliyyat əlaqəsinin yaradılması işinə başlanacaq.
Üstəlik, Vladimir Putin bu günlərdə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ bölgəsində rus sülhməramlılarının artırılacağını istisna etməyib. Lakin o, buna həm Ermənistan, həm də Azərbaycanın razılıq verməli olduğunu xatırladıb.
(Fars dilindən tərcümə - WorldMedia.Az. Məqalənin orijinalı: TasnimNews)