ABŞ Cənubi Qafqazda Rusiyanın hərbi mövcudluğunu niyə qəbul edir?
07 Sentyabr 2021
Müəllif: Taras Kuzio
Əgər “oksimoron” (bir-birinə zidd ifadələr, paradoks – red.) bir varlıq olsaydı, o, rusiyalı sülhməramlı olardı. Avrasiyada son 30 ilin hadisələri göstərir ki, Moskva münaqişələri həll etmir. Əksinə, o, öz maraqları naminə münaqişələr yaradır.
Ermənistanla Azərbaycan arasında Qarabağ regionu üzündən ötən ilin payızında baş vermiş müharibə məhz Kremlin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs müqaviləsi ilə başa çatıb. Nəticədə Rusiya Cənubi Qafqazın düz göbəyinə öz sülhməramlı kontingentini yerləşdirib. Kontingentin 4000 nəfərdən ibarət olduğu gümün edilir. Amma bu, Moskvanın böyük revizionist strategiyasının yalnız bir parçasıdır.
Bu gün Rusiya “hərb budağ”ını bütün postsovet məkanına uzatmaqdadır. Məsələn, Avropada Ukraynanın Donbas regionu Rusiyanın hərbi təcavüzünün qurbanıdır. Görünən odur ki, şimalda yerləşən Belarusu da ilhaq gözləyir.
Yaxın Şərqə gəlincə, Rusiya prezidenti Vladimir Putin qanlı Əsəd rejimini dəstəkləyir. Mərkəzi Asiya ölkəsi olan Tacikistanda isə Rusiya üçün mühüm əhəmiyyət kəsb edən hərbi baza var. ABŞ-ın öz ordusunu Əfqanıstandan çıxarmasından və “Taliban”ın bu ölkədə hakimiyyəti ələ keçirməsindən sonra Moskva Tacikistanın Əfqanıstanla sərhədinə də əlavə hərbi birləşmələr göndərir.
Qayıdaq Cənubi Qafqaza. Rusiya artıq guya sülhü qorumaq üçün Avropanın enerji sahəsinin şaxələndirilməsində strateji önəm kəsb edən bölgəyə yerləşib. Avropa Moskvanın enerji resurslarından çox asılıdır. Bu asılılıq onun xarici siyasətinə də təhdid yaradır. Bu yaxınlarda Rusiyadan Almaniyaya qədər uzanan “Şimal axını-2” qaz kəmərinin tikintisinin başa çatması Avropanın Kremldən asılılığını daha da artırıb. Avropa İttifaqına (Aİ) üzv dövlətlərin əksəriyyəti bunu milli təhlükəsizliklərinə təhdid kimi görür. Məhz bu üzdən, Azərbaycan mühüm əhəmiyyət kəsb edən alternativ enerji mənbəyinə çevrilib.
Azərbaycan ötən ilin dekabrından öz qazını yeni kəmər vasitəsilə Cənubi Avropa ölkələrinə nəql etməyə başlayıb. Maraqlıdır ki, bu gün Rusiyanın hərbi birləşmələri Moskvanın Avropadan asılılığını azaldacaq ölkədə “təsadüfən” peyda olur. Bu, həm avropalı, həm də amerikalı siyasətçilərdə ciddi narahatlıq yaratmalıdır. Amma problem ondadır ki, Rusiyanın bu mövcudluğunu normal qəbul etməyə başlayıblar.
Ermənistanla Azərbaycan arasında ötən il baş vermiş müharibədə Moskva Yerevanı dəstəkləyirdi. Ermənistan Rusiyadan istər hərbi, istərsə də iqtisadi baxımdan çox asılıdır. Üstəlik, Moskva bu ölkədə hərbi bazalarını artırır, bu ölkəyə böyük həcmdə silah-sursat göndərir. Bundan başqa, Yerevan Avrasiyada Rusiyanın rəhbərlik etdiyi bütün inteqrasiya layihələrində yer alır. Söhbət Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gedir. Rusiyanın bölgədə hərbi mövcudluğunu artırmasında böyük və fəal erməni lobbisinin də əli var.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski erməni lobbisini ABŞ-dakı ən nüfuzlu üç xarici lobbidən biri adlandırıb. Həmin erməni lobbisi Ermənistan-Azərbaycan müharibəsindən bir il qabaq – 2019-cu ildə ABŞ-ın Yerevana 60 milyon dollarlıq hərbi yardım ayırmasında ciddi rol oynayıb. Bu, 2018-ci ildəki yardımla müqayisədə 40% çox idi.
Ümumiyyətlə, erməni lobbisi ABŞ siyasətində hər zaman fəal rol oynayıb. O, ermənilərin Sovet İttifaqından müstəqillik qazanmasına da dəstək olmuşdu. Həmin vaxt Litva diasporu da öz ölkəsi üçün eyni şeyi etmişdi.
Taleyin istehzasıdır ki, bu gün erməni lobbisi Qarabağda sülhün zəmanətçisi kimi, məhz rusiyalı sülhməramlıları qəbul edir. Ötən ilki müharibəyə qədər Rusiya ilə bərabər ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ ilə Fransa rusiyalı sülhməramlıların təkbaşına Qarabağa yerləşməsini çətin ki, qəbul edərdi. Söhbət 1990-cı illərinin əvvəllərində bu problemi həll etmək məqsədilə yaradılmış qurumdan gedir. Bu gün isə onlar narazı olsalar da, rusiyalı sülhməramlıların bölgədə mövcudluğunu qəbul edirlər.
Bütün bunlar azmış kimi, ABŞ Konqresinin erməni lobbisi ilə əməkdaşlıq edən üzvləri Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsində qeyri-konstruktiv mövqedən çıxış edirlər. Konqresin Kaliforniyadan olan üzvü, Nümayəndələr palatasının nüfuzlu kəşfiyyat komitəsinin sədri Adam Şifti misal göstərmək olar. O, Konqresi qondarma “Artsax respublikası”nın müstəqilliyini tanımağa çağırıb. Xatırladaq ki, ermənilər Azərbaycanın 1994-2020-ci illərdə Ermənistanın işğalı altında olmuş Qarabağ regionunu məhz belə adlandırırlar. Halbuki, qondarma “Artsax respublikası”nı rəsmi Yerevan belə tanımayıb. Əks təqdirdə, bu, beynəlxalq hüquq normalarının pozulması olardı.
Qondarma qurumun müstəqilliyinin tanınması Azərbaycan üçün qəbuledilməz idi. Bu, münaqişənin həlli səylərini heçə endirərdi. Amma münaqişənin “dondurulmuş” vəziyyətdə qalması Moskvanı qane edir. Ümumiyyətlə, “dondurulmuş münaqişə”lər Rusiyaya öz sülhməramlılarını həmin bölgələrdə sonsuzadək saxlamaq imkanı yaradır.
Əslində, erməni diasporunun kompromisə qarşı çıxması təəccüblü olmamalıdır. Ermənistanla Azərbaycan arasında münaqişənin tarixi bu iki ölkənin Sovet İttifaqından müstəqillik qazandığı ilk illərə gedib çıxır. O zaman Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi, nəticədə Azərbaycan və yaxın müttəfiqi Türkiyə Ermənistanla sərhədlərini bağlamışdı. Ermənistan sərhədlərinin təxminən 80%-i məhz bu ölkələrin payına düşür. Belə bir vəziyyətdə Ermənistanın dövlət büdcəsindən qondarma “Artsax respublikası”na böyük miqdarda maliyyə vəsaiti ayrılırdı...
Belə bir vəziyyərdə bu münaqişənin həlli Ermənistana böyük fayda verəcək. Çünki məhz bu problem üzündən Ermənistan regional enerji və logistika layihələrindən kənarda qalıb. Amma erməni lobbisi Ermənistanın təcridi ilə nəticələnmiş mövqeyə israrla dəstək verir. Axı o, Ermənistanda son 30 ildə yaşanan iqtisadi təlatümlərin əziyyətini çəkmir. Odur ki, daha radikal şərtlər irəli sürür.
Dayanıqlı sülhlə bağlı istənilən addım bir fakla əsaslanmalıdır: Azərbaycanın azad etdiyi rayonlar onun suveren ərazisidir. Rəsmi Yerevan ABŞ-dakı radikal erməni diasporunu, ona lobbiçilik edən qüvvələri daha az dinləyərsə, Ermənistan böyük ehtimalla, çiçəklənən gələcəyini təmin edə bilər.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: International Business Times