Yeniyetmə qatil, dəhşətli aqibət, dünyanı ayağa qaldıran hökm...
Sovet məktəblisinin törətdiyi qanlı cinayətin üstü cəmi 4 günə açıldı
15 Noyabr 2026
Arkadi Neyland 15 yaşına bir gün qalmış — 1964-cü il yanvarın 27-də Leninqradda iki nəfəri öldürdü. Bir gün sonra isə doğum gününü Moskvaya gedən qatarda qarşıladı. Qadına və onun azyaşlı oğluna tutduğu amansız divandan bir neçə saat sonra bu qatara minmişdi. Paytaxtda Suxumiyə bilet aldı və qatarın yola düşməsini gözləyərkən ekskursiya avtobusu ilə şəhəri gəzdi. Bir sözlə, özünü Moskvadan keçərək “Artek” pioner düşərgəsinə gedən sovet əyalət məktəblisi kimi aparırdı.
Yanvarın 30-da Neyland Suxumi dəmiryol vağzalının perronunda yerli əməliyyatçılar tərəfindən saxlanıldı. Onlar onu Leninqraddan göndərilmiş axtarış məlumatlarına əsasən tanıdılar. Şimal paytaxtını lərzəyə salan qanlı cinayətin üstünün açılması üçün dörd gün lazım gəldi...
Arkadi Neyland 1949-cu il yanvarın 28-də Leninqradda anadan olub. Ailə — anası, Arkadinin kiçik bacısı, ögey atası və ögey atasının birinci nikahından olan iki oğlu — kommunal mənzilin bir otağında yaşayırdı. Neyland ailəsinin başçısı müəssisədə çilingər, arvadı isə xəstəxanada sanitar işləyirdi. Onların olduqca cüzi qazancı ailənin normal dolanışığını təmin etmirdi. Üstəlik, ər-arvad içirdilər.
Neylandların yaşayış şəraiti və həyat tərzi 1960-cı illər SSRİ-si üçün qeyri-adi deyildi. Elə Leninqradın özündə on minlərlə insan sıx məskunlaşmış kommunal mənzillərdə yaşayır, maaş gününə qədər qəpik-qəpik qənaət edir, yaxud avansadək tanışlarından borc alırdı. Uşaqlı ailələrin çoxu ya natamam idi, ya da ana ilə ögey atadan, yaxud ata ilə ögey anadan ibarət idi. Belə ailələrin mənzərəsini, bir qayda olaraq, uşaqların tərbiyəsi ilə məşğul olmayan içki düşkünü valideynlər tamamlayırdı.
Arkadi valideyn nəzarətindən kənarda böyüyürdü. Oğurluq və xuliqanlıqla məşğul olan bu uşaq hələ 12 yaşına çatmamış şəhərin Jdanov (indiki Primorsk) rayonunun Daxili İşlər İdarəsi yanında yetkinlik yaşına çatmayanlarla iş üzrə bölmədə qeydiyyata alınmışdı.
Burada kiçik bir haşiyə çıxmaq yerinə düşər...
Sovetvari yuvenal texnologiyalar
2010-cu ilin yayında Rusiya Dövlət Dumasına, xüsusən də “yoxsulluğa” və “lazımi qaydada” tərbiyə verməməyə görə valideynlik hüququndan məhrum etməyə və ya bu hüququ məhdudlaşdırmağa imkan verən federal qanun layihələri təqdim edildi. Bu qanun layihələri cəmiyyətdə birmənalı qarşılanmadı. “Laqeyd” valideynlərə qarşı cəza tədbirlərinin tətbiqini dəstəkləyənlər az deyildi. Dövlətin ailənin daxili həyatına hərtərəfli müdaxiləsinə qarşı çıxanlar isə etiraz edirdilər: ailə çətin vəziyyətdədirsə, onu dağıtmaq yox, ilk növbədə, bu vəziyyətdən çıxmasına kömək etmək lazımdır.
Altmış il əvvələ qayıdaraq Jdanov rayonunun icraiyyə komitəsi və hüquq-mühafizə orqanlarının, eləcə də Arkadi Neylandın oxuduğu məktəbin timsalında dövlətin belə bir ailədəki vəziyyətə necə reaksiya verdiyini izləmək mümkündür.
Ən azı mənzil məsələsindən başlayaq. Uzun illər ərzində bu problem nəinki həll olunmadı, əksinə, tamamilə dalana dirəndi: 1963-cü ildə Arkadinin ögey qardaşlarından biri evləndi və həyat yoldaşını ata evinə gətirdi. Beləliklə, bir otaqda iki ailə cütlüyü və hər iki cinsdən olan üç yeniyetmə yaşamağa başladı. Yaxın gələcəkdə mənzil şəraitinin yaxşılaşacağına dair heç bir ümid də yox idi.
Orta məktəb də, necə deyərlər, əlini üzmüşdü. Arkadi xroniki geridəqalma, oğurluq və xuliqanlığa görə beşinci sinifdən sonra məktəbdən xaric edilmişdi. Hakimiyyət onu Puşkin şəhərindəki internat məktəbinə göndərdi. Lakin “çətin yeniyetmələr” üçün nəzərdə tutulmuş bu dövlət müəssisəsində də Neyland, necə deyərlər, özünə yer tapa bilmədi. Əşyalarını oğurladığı sinif yoldaşları onu bir neçə dəfə “qaranlıq otağa” salıb döydülər. Bundan başqa, Arkadi enurezdən əziyyət çəkirdi. Bu səbəbdən ətrafındakılar onu ələ salır, təhqir və təzyiqlərə məruz qoyurdular. İnternat məktəbinin rəhbərliyi 1964-cü ildə Arkadi Neyland haqqında məhkəməyə təqdim etdiyi xasiyyətnamədə belə yazırdı: “...özünü təlimə çətin yiyələnən şagird kimi göstərib, halbuki axmaq deyildi və bacarıqlı uşaq idi... Şagirdlər onu sevmir və döyürdülər. İnternat məktəbinin şagirdlərindən pul və əşyalar oğurladığı dəfələrlə ifşa olunub”.
Bəzi məlumatlara görə, yeniyetmə internat məktəbindən qaçmış, Moskvada milis tərəfindən saxlanılmışdı. Digər məlumatlara görə isə internat məktəbinin rəhbərliyi valideynlərin Arkadini geri götürməsini təkid etmişdi. Yalnız o məlumdur ki, bundan sonra hakimiyyət Neylandı “Lenpişemaş” istehsalat birliyində fəhlə köməkçisi kimi işə düzəltmişdi. O, 1963-cü ilin sonunadək birtəhər bu işdə qala bildi.
Həmin dövrdə Arkadi təkbaşına gəzən adamlara qarşı qarət məqsədilə iki dəfə quldurluğa cəhd göstərdi, “Soyuzpeçat” köşkündən, hamamdan, məişət xidmətləri evindən və bir neçə bərbərxanadan oğurluq etdi. Bütün bu cinayətlər açıldı və rayon prokurorluğu yeniyetmə barəsində cinayət işi qaldırdı. Lakin iş məhkəməyə çatmadı: prokurorluq yeniyetmənin “səmimi peşmanlığını və yaşını” nəzərə alaraq işi bağladı.
Ancaq bir ay keçməmiş Arkadi Neyland yenidən cinayət işinin fiqurantına çevrildi. Bu dəfə mənzil oğurluğuna görə.
Neyland rayon prokurorluğundan necə qaçdı?
1964-cü il yanvarın 24-də Neyland dostu Kubarevlə birlikdə makulatura toplamaq bəhanəsi ilə Sestroretsk küçəsindəki 3 nömrəli binada mənzillərin qapılarını döyürdü. Mənzillərdən birində heç kimin olmadığından əmin olduqdan sonra açar seçərək qapını açdılar və gözlərinə daha qiymətli görünən əşyaları tələm-tələsik bağlamalara yığdılar. Lakin küçəyə çıxanda həyət süpürgəçisi bağlama daşıyan tanımadığı yeniyetmələri görüb həyəcan qaldırdı. Çiçəyi burnunda “mənzil oğruları” yoldan keçənlər tərəfindən saxlanıldılar.
Onları Jdanov rayon prokurorluğunda dindirdilər. Prokuror köməkçisinin açıq-aşkar diqqətsizliyi sayəsində — o, Kubarevin dindirilməsi zamanı Neylandı dəhlizə göndərmişdi — sonuncu prokurorluğun binasını maneəsiz tərk edə bildi.
Şəhəri lərzəyə salacaq qanlı cinayətin törədilməsinə cəmi üç gün qalırdı.
Sestroretsk küçəsində cəsədlərin fonunda səhər yeməyi
Bütün bu müddət ərzində Arkadi Neyland zirzəmilərdə gizlənirdi. Yanvarın 27-də səhər tezdən bir neçə dəqiqəliyə evə gəlib balta götürdü. Bu, 14 yaşlı yeniyetmənin artıq son həddi aşmağa hazır olduğunu göstərirdi.
Neyland qarət etmək niyyətində olduğu mənzili hələ Kubarevlə birlikdə Sestroretsk küçəsindəki binada “makulatura topladığı” və oğurluq üstündə yaxalandığı gün seçdi. İlk növbədə, onun diqqətini dəri ilə üzlənmiş giriş qapısı cəlb etdi. Mənzilin sahibi, 37 yaşlı Larisa Kupriyanova yeniyetmələri dəhlizə buraxanda Arkadi otaqda yanılı qalan rəngli televizoru görmüşdü. O vaxta qədər bu televizor barədə yalnız eşitmişdi. Neyland ev sahibəsinin qızıl diş qapağı olduğunu da nəzərindən qaçırmadı. Üç yaşlı uşağı da gördü. Lakin bunların heç biri onun planına təsir etmədi...
Yanvarın 27-də səhər Arkadi Neyland Kupriyanovların mənzilinin bağlı qapısının arxasından özünü poçtalyon kimi təqdim etdi. Qapı açılan kimi isə baltayla ev sahibəsinin üstünə atıldı.
Yeniyetmənin əlində balta olduğunu görən Kupriyanova onu əlindən almağa çalışdı. Buna görə də ilk zərbələr qadının əllərinə və çiyinlərinə dəydi. Məhkəmə-tibbi ekspertizası ümumilikdə təxminən 15 yara saydı ki, onlardan beşi ölümcül idi. Balaca Georgiyə isə istintaq zamanı özünün izah edəcəyi kimi, “ayağının altında fırlanmasın deyə” altı zərbə endirdi.
Mənzili axtaran Neyland 54 rubl olan pul kisəsi, üçfaizli istiqrazlar, qızıl qadın bəzək əşyaları və “Zorki” fotoaparatı tapdı. Nədənsə öldürdüyü qadının ərinin və onun birinci nikahdan olan qızının pasportlarını da götürdü. Fotoaparatda lent vardı. Neyland qurbanının ayaqlarını açaraq bir neçə nalayiq şəkil çəkdi: bu şəkilləri pornoqrafiya kimi satmaq niyyətində idi.
Bundan sonra Neyland hamamda əllərini yudu, mətbəxdə yumurta qızartdı və sakitcə səhər yeməyini yedi. Gedərkən mənzili yandırdı, qazı açdı. Hesab edirdi ki, yanğın və qaz partlayışı cinayətin bütün izlərini məhv edəcək. Lakin pilləkən meydançasındakı qonşular yanıq qoxusunu hiss edib yanğınsöndürənləri çağırdılar. Yanğınsöndürənlər operativ gəldilər və cinayət yeri alovdan, demək olar ki, zərər görmədi.
Bunun sayəsində istintaq qrupu paltar şkafının üzərində qanlı barmaq izləri və qətl aləti — dəstəyi yanmış balta aşkar etdi. Binanın onlarla sakini arasında burada tanımadıqları şəxslərin görünüb-görünmədiyi barədə sorğu keçirildikdən sonra Neylandın şifahi portreti tərtib olundu.
Sakinlərin təsviri — “uzunboylu, qalın dodaqlı, 15–16 yaşlarında yeniyetmə” — rayon milis şöbəsinə və prokurorluğa çox yaxşı tanış idi. Beləliklə, Neyland şübhəli şəxslər sırasına düşdü. Əməliyyatçılar onun mənzildən balta götürdüyünü müəyyənləşdirəndə əsas versiyaya çevrildi. Neylandla birlikdə həmin binadakı mənzildən oğurluq etmiş ortağı Kubarev dərhal dindirildi. O, dostunun Sestroretsk küçəsinə qayıdaraq 9 nömrəli mənzili qarət etmək və Suxumiyə, yaxud Tbilisiyə getmək planından danışdı.
Bu şəhərlərə, eləcə də Moskvaya təcili axtarış məlumatları göndərildi...
Yetkinlik yaşına çatmayan şəxsin edam olunması barədə aşağıların tələbi, görünür, yuxarıdan təşkil edilmişdi
Neyland Suxumidə saxlanılan kimi Leninqraddan bir neçə əməliyyatçı ora uçdu. Məlum oldu ki, abxaz həmkarları saxlanılan şəxsi lazımi qaydada axtarmayıblar və o, kamerada bir neçə mühüm maddi sübutu gizlədə bilib: pul kisəsini, öldürülmüş qadının ərinin pasportunu, Kupriyanovların mənzilinin açarlarını və oğru alətlərindən ibarət dəsti. İstintaqın əlinə mənzildən oğurlanmış fotoaparat da keçdi. Neylandın paltarında qurumuş qan ləkələri aşkarlandı. Sonradan onların Kupriyanovanın qan qrupu ilə eyni olduğu müəyyən edildi.
Leninqradda dindirmələr zamanı Arkadi Neyland törətdiyi cinayətin təfərrüatlarını soyuqqanlılıqla, heç bir peşmançılıq əlaməti göstərmədən danışırdı. Aydın idi ki, istintaq təcridxanasındakı məhbuslar Neylanda başa salmışdılar ki, yaşı onu ağır cəzadan qoruyacaq.
Bu arada yeniyetmənin törətdiyi amansız ikiqat qətl geniş ictimai əks-səda doğurdu. Ölkənin hər yerindən SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid Brejnevə vətəndaşlardan və təşkilatlardan məktublar gəlməyə başladı. Onlar xüsusilə ağır cinayətlər törətmiş yetkinlik yaşına çatmayanlara ən ağır cəzanın — ölüm hökmünün tətbiq olunması barədə qanun qəbul edilməsini xahiş edirdilər. Leninqrad sakinlərindən ibarət təşəbbüs qrupu isə “bu əclafın məhv edilməsini” tələb edən petisiya üçün imza toplamağa başladı.
Xalqın səsi yuxarıda eşidildi. Lakin sonrakı hadisələr göstərir ki, çox güman, məktublar və petisiyalar elə yuxarıdan verilən göstərişlə təşkil olunmuşdu. Ötən əsrin 60-cı illərində artmağa başlayan cinayətkarlıq, o cümlədən yeniyetmələr arasında cinayətlərin çoxalması partiya və sovet rəhbərliyini narahat edirdi. Neyland isə “günah keçisi” seçildi.
1964-cü il fevralın 17-də SSRİ Ali Soveti Rəyasət Heyəti hüquqi qaydalara və ənənələrə zidd olaraq, yetkinlik yaşına çatmayanlara qarşı ən ağır cəzanın — güllələnmə yolu ilə edamın tətbiqinə icazə verən fərman qəbul etdi. Bəs qanunun geriyə qüvvəsi olmadığı halda nə etmək lazım idi?
Qəti cəza — ölüm hökmü. Hökm məhkəmədən beş ay sonra icra edildi
Leninqradda şəhərin hakim korpusu arasında yazılı sorğu keçirildi: Ali Sovet Rəyasət Heyətinin fərmanı geriyə qüvvəyə malik hesab edilə bilərmi? Sorğunu təşkil edənlərin istədiyi müsbət cavab əvvəlcədən müəyyənləşdirilmişdi.
İşə mahiyyəti üzrə 1964-cü il martın 23-də qapalı məhkəmə iclasında baxıldı. Törədilmiş cinayətin — ağırlaşdırıcı hallarda qətlin — böyük ictimai təhlükə yaratdığını, Neylandın şəxsiyyətini nəzərə alan məhkəmə, həmçinin “SSRİ Ali Soveti Rəyasət Heyətinin 1964-cü il 17 fevral tarixli 2234 nömrəli fərmanını rəhbər tutaraq”, törədilmiş cinayətlərin məcmusu üzrə yekun qərar çıxardı: ölüm cəzasına — güllələnməyə məhkum edilsin.
Ölkədə hökm, ümumilikdə, məmnunluqla qarşılandı. Lakin hüquqşünaslar arasında və ziyalıların bir hissəsində mənfi reaksiya doğurdu. Xaricdə isə “Neyland işi”, birmənalı olaraq, Sovet İttifaqının beynəlxalq hüquq normalarına və müvafiq sazişlərə əməl etməməsinin nümunəsi kimi şərh olunurdu.
Arkadi Neylandın kassasiya şikayəti təmin edilmədi, əfv olunması barədə vəsatəti isə SSRİ Ali Soveti rədd etdi. Hökm 1964-cü il avqustun 11-də icra olundu.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada