Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Yeni-köhnə plan: ABŞ indiki torpaqlara necə sahibləndi?
Bayrağın yeni ulduzları kimlər olacaq...

 Prezident seçkilərində qələbəsindən keçən iki ay ərzində Donald Tramp Kanadaya, Danimarkaya və Panamaya qarşı ərazi iddiaları irəli sürməyə macal tapıb. Seçilmiş ABŞ prezidenti bildirib ki, onun fikrincə, kanadalılar öz ölkələrinə ABŞ-ın 51-ci ştatı kimi baxırlar; Panama kanalını qaytarmağı vəd edib; nəhayət, deyib ki, Danimarkaya məxsus Qrenlandiyaya ABŞ nəzarət etməlidir. Son halla bağlı Tramp əvvəlcə adanın pulla alınmasından danışıb, sonra isə güc tətbiqini də istisna etməyib. 

 

ABŞ tarixində ərazi alışı da olub, torpaqların tutulması da, müstəqilliyini elan edən respublikanın referendumu da.

 

Luiziananın alınması

ABŞ-ın müstəqilliyi 13 koloniyanın (indi onlar şimal-şərq ştatlarıdır) Böyük Britaniya qarşı mübarizəsi ilə başladı. 30 il keçməmiş ABŞ ərazisi iki dəfədən çox böyüdü. Hindu tayfaları ilə müharibədən sonra imzalanan Qrinvill müqaviləsinə əsasən, ABŞ indiki Ohayo ştatının çox hissəsinə nəzarəti ələ keçirdi. Missisipi çayından şərqdəki ərazilər tədricən mənimsənildi. Amma ən böyük qazanc 1803-cü ildə baş verdi: Luiziana alındı. 

1763-cü ildə Fransa Missisipidən qərbdə yerləşən dənizarxası ərazisini - müasir ABŞ-ın bütün ərazisi boyu şimaldan cənuba uzanan və faydadan çox zərəri olan Luiziananı İspaniyaya verdi. İspaniya bu torpaqlardan fayda görməyəndə onu 1800-cü ildə yenidən fransızlara qaytardı. Fransa da onu 1803-cü ildə ABŞ-a satdı. 

 Dənizarxası mülkü saxlaya bilməyəcəyini anlayan Napoleon Bonapart - o zaman hələ imperator yox, birinci konsul idi - sərfəli sövdələşməyə getdi: xeyirsiz əraziyə görə 15 milyon dollar. Prezident Tomas Ceffesonun imzaladığı müqaviləyə əsasən 2,1 milyon kv km ərazi əldə olundu: bu, bütün 13 koloniyanın ərazisindən çox idi. 

 

Floridanın alınması

İspaniya XIX əsrin əvvəllərində də xeyirsiz ərazilərdən qurtulmaqda davam edirdi. Krallıq Napoleon müharibələri zamanı Cənubi Amerikadakı mülkləri üzərində nəzarəti itirməyə başladı. Floridada da əmin-amanlıq deyildi. General Endrü Cekson (gələcək 7-ci prezident) seminol tayfasının Amerika ərazisinə hücumunun qarşısını almaqdan ötrü ispanların iki fortunu ələ keçirdi. İspaniya da Fransadan nümunə götürüb, Floridanı Birləşmiş Ştatlara satmağı qərara aldı.

Daha doğrusu, havayı verdi. Amma Amerika tərəfindən dövlət katibi Con Kuinsi Adamsın (daha bir gələcək prezidentin) imzaladığı müqavilənin bəzi şərtləri vardı. Birincisi, ABŞ əhalinin İspaniya hökumətinə qarşı pul iddialarını təmin edəcəkdi (cəmi 5,5 milyon dollar ödənildi). İkincisi, Ştatlar Texas və Şimali Amerikadakı digər ispan koloniyalarına iddialardan vaz keçməli idi. 

 

Müstəqilliyini elan edən Texas

Texasa iddia etməmək vədi tam yerinə yetirilmədi. Texasın ingilisdilli sakinləri artıq müstəqil olan Meksika hökumətinə qarşı 1835-ci ildə üsyan qaldırdı. Narazılığın əsas səbəblərindən biri Meksikada köləliyin ləğvi idi.

 Yarım il ərzində üsyançılar hökumət ordusunu məğlub etməyi, hətta prezident Santa-Annanı əsir almağı bacardılar. Tərəflər 1836-cı ildə Texas Respublikasının müstəqilliyi haqqında müqavilə imzaladılar. Bu zaman xeyli ərazinin statusu qeyri-müəyyən qaldı. Birləşmiş Ştatlar rəsmən nə müharibəyə, nə sonrakı sərhəd toqquşmalarına qarışmırdı, lakin Texasa daim könüllü dəstələri göndərilirdi. 

ABŞ və Texas hökumətləri 1845-ci ildə birləşmə barədə razılığa gəldilər və Texas bərabər hüquqlu dövlət kimi birliyə daxil oldu. Amma bu qansız genişlənmə Meksika ilə müharibəyə apardı.

 

Meksika torpaqları

 Texasın birləşdirilməsindən sonra ABŞ və Meksika arasında münasibətlər sürətlə pisləşdi. ABŞ müharibəyə hazırlaşırdı, eyni zamanda da Meksika ərazilərinin alınması barədə - 25 milyon dollara Kaliforniya və 5 milyon dollara Nyu Meksika - danışıqlar aparırdı. Bu müddət ərzində Meksikada hakimiyyət dəyişdi və yeni hökumət ərazi satışı təklifini təhqiramiz saydı. Mexiko ardınca Texasa iddialarını dilə gətirdi.

Meksika qoşunları mübahisəli əraziyə daxil oldular və Amerika patrulu ilə döyüşə girdilər. Bundan sonra ABŞ prezidenti Ceyms Polk Konqresə bildirdi ki, düşmən “bizim ərazimizə daxil olub və Amerika torpağında amerikalı qanı axıdıb”. 

Müharibə Meksika ordusunun darmadağın olunması ilə yekunlaşdı. Savaşın lap əvvəlində, 1846-cı ilin avqustunda ABŞ Kaliforniya və Nyu Meksikanı ilhaq etdi. 1848-ci ildə imzalanan sülh müqaviləsinə görə, Meksika bu əraziləri ABŞ-a verirdi. Texas da nəzərə alınsa, Meksika suveren ərazisinin yarısından çoxunu itirdi. 

ABŞ-da bir çox siyasətçilər Meksika ilə müharibənin əleyhinə çıxırdılar. General Uillis Qrant deyirdi ki, Vətəndaş müharibəsi (1861-1865-ci illər) Meksika ərazisinin ilhaqının nəticəsi və “günahların cəzası” idi. 

 

Alyaskanın alınması

 Qitənin şimal-qərbində yerləşən ərazini birinci rus tacirləri mənimsəməyə başladılar. Xüsusi yaradılmış Rusiya Amerika şirkəti 1799-cu ildən etibarən Alyaskanı idarə edirdi. 

Rusiya imperiyası Alyaskanın təbii resurslarla zəngin olduğunu bilirdi, amma Peterburqda onu da dərk edirdilər ki, bu ərazini saxlamaq asan olmayacaq. “Şimali Amerika Ştatları mütləq bütün Şimali Amerikaya yayılacaqlar və buradakı mülklərimizi gec, ya tez onlara verməli olacağımızı nəzərdən qaçırmaq olmaz”, - Şərqi Sibirin general-qubernatoru Muravyov-Amurski 1853-cü ildə yazırdı. 

Bir il sonra ABŞ Rusiyaya Alyaskanı satmağı təklif etdi. Sövdələşmə 1867-ci ildə baş tutdu. Rusiya 1,5 milyon kv km sahəsi olan əraziyə görə 7,2 milyon dollar aldı. Bu pulların böyük qismi ölkənin dəmiryolu infrastrukturunun yaxşılaşdırılmasına yönəldi. 

 

İspan adaları

 ABŞ 1898-ci ildə, o zaman İspaniya koloniyası olan Kubaya kömək etməyi qərara aldı. Amerikalı könüllülər Kuba üsyançılarına kömək etməyə gedirdilər, adanın yaxınlığında isə “Men” zirehli gəmisi var-gəl edirdi. Gəmini məhv edən partlayış (müasir tarixçilər detonasiyanın xarici təsirsiz baş verdiyini düşünürlər) müharibə üçün bəhanə oldu. 

ABŞ savaşı qazandı və sülh müqaviləsinin şərtlərinə görə Kubanı, Puerto Rikonu, Filippini və Quamı əldə etdi. Kuba 1902-cü ildə müstəqil oldu, amma ABŞ təsiri altında qaldı. Filippin 1946-cı ildə suverenlik qazandı. Puerto Riko və Quam ştat olmadılar, amma hələ də ABŞ-a məxsusdurlar. 

 

Havay adalarının ilhaqı

XIX əsrin sonlarına qədər Havay müstəqil krallıq idi. 1893-cü ildə ABŞ Dövlət departamentinin dəstəyi ilə adalarda çevriliş baş verdi. Kralı devirdilər, monarxiyanın yerini respublika tutdu və ABŞ-a birləşmək tərəfdarları hökumətdə yer aldılar.

Amerika-İspaniya müharibəsi zamanı ABŞ prezidenti Uilyam Mak-Kinli Havayların ilhaqı barədə müqaviləni imzaladı. İki il sonra adalar özünü idarə edən ərazi statusunu qazandılar. 1959-cu ilin avqustunda isə ABŞ-ın 50-ci, bu gün üçün sonuncu ştatı oldular. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/c5ye88elj1eo