Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Ya öldürür, ya da öldürərək yaşadır...
Sürətlə artan insult bəlasından necə qorunmalı?

 Amerika Nevrologiya Akademiyası məlumat yayıb ki, 2030-cu ilə qədər bütün dünyada insultdan ölənlərin sayı 5 milyona çata bilər. Tədqiqat zamanı 1990-2019-cu illər üçün Ümumdünya Səhiyyə Təşkilatının məlumatları təhlil edilib. Belə ki, işemik insultdan ölənlərin sayı 1990-cı ildə 2,04 milyon olubsa, 2019-cu ildə 3,29 milyona yüksəlib. İşemik insultun 2030-cu ildə 4,9 milyon insanın ölümünə səbəb olacağı proqnozlaşdırılır.

Azərbaycanda da kifayət qədər yayılmış insult xəstəliyi durmadan can almağa davam edir. Bir müddət öncə tanınmış jurnalist Sərxan Kamallı da insultun qurbanı oldu. Hamının sevimlisi olan Sərxan bəyin qəfil ölüm hər kəsi dərindən sarsıtdı. 

Bundan bir müddət əvvəl - iyunun 5-də Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun əməkdaşı, tanınmış vəkil Mübariz Məmmədov da insultdan dünyasını dəyişmişdi. 

Təəssüf ki, siyahı uzundur, saymaqla bitmir... 

İnsult nədir? Hansı növləri var? Onu yaradan risk faktorları hansılardır? İnsultun əlamətləri nələrdir? Müalicəsi necə aparılır? Hansı hallarda ölümlə nəticələnir? İnsultun daha çox artmasına hansı amillər təsir göstərir? İnsanlar insultdan necə qorunmalı, nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı Pressklub.az saytına danışan nevroloq Rəna Abbasova bildirib ki, işemik insult beynin qan dövranının pozulmasıdır.

“Beyin damarlarının tıxanması nəticəsində beynin hansısa bir sahəsində qidalanma pozulması baş verir. Bunun səbəbi kardiogen (ürəyin fəaliyyətinin pozulması), boyunda yerləşən ana damarların kirəclənməsi, yəni aterosklerotik dəyişikliklərdir. Digər səbəblər isə damarların özünün problemləri, orqanizmdə olan sistem, endokrin və s. xəstəliklər nəticəsində ola bilir. Ürəklə əlaqədar olan səbəblər, habelə təzyiqin dəyişməsi, hipertonik kriz, beyin-qan dövranının pozulmasına səbəb olur və beyində işemik insultun yaranmasına gətirib çıxarır”.

Doktor bildirib ki, işemik insultun üç növü var: “24 saat ərzində əmələ gəlmiş nevroloji defisitin bərpa olunmasına  tranzitor işemik atak deyilir. Bu nevroloji defisit, nevroloji pozuntu 24 saatdan artıq olarsa, nevroloji ocaqlı əlamətlər qalarsa, bu, kiçik insult sayılır. 3 həftədən çox bu əlamətlər qalırsa, gec bərpa olunursa və ya geri dönüşü olmursa, bu böyük insult hesab edilir”. 

Müsahibimizin sözlərinə görə, insultun əlamətlərinə əsasən baş gicəllənmə, ürək bulanma, ətraflarda hissiyyatın və hərəkətin pozulması, üz nahiyəsində olan assimetriya, danışıq qabiliyyətin pozulması daxildir. Bütün bu pozulmalar əksər hallarda yüksək arterial təzyiq fonunda baş verir. Bu hallar müşahidə olunan zaman dərhal həkimə müraciət etmək lazımdır.

Doktor işemik insultun risk amillərindən də bəhs edib: “Yaş, irsiyyət, arterial hipertoniya, şəkərli diabet, kardioloji patologiya, çox miqdarda alkoqol istifadəsi, tütün istifadəsi, narkotik dərmanların istifadəsi, artıq çəki, fiziki hərəkətsizlik, oral kontraseptiv preparatların (hamiləlik əleyhinə həblər-red) istifadəsi, böyrək funksiyasının pozulması və s. risk qrupuna aiddir”. 

Nevroloq sonda qeyd edib ki, insultun daha çox artmasına səbəb oturaq həyat tərzi, fiziki aktivliyin az olması, düzgün qidalanmamaq, artıq çəki, həkim tərəfindən təyin olunmuş lazımı dərman preparatlarının vaxtında istifadə olunmaması, yuxu rejiminin pozulması, stress və s. amilləridir. İnsultdan qorunmaq üçün hər bir insan arterial qan təzyiqinə daimi nəzarət etməli, hansısa xroniki xəstəlikləri varsa, mütəmadi həkim nəzarətində olmalı, fiziki aktivliyi təmin etməli, düzgün qidalanmalı, zərərli vərdişlərdən uzaq olmalıdır: “Eyni zamanda yay aylarında isti və bürkü havaların üstünlük təşkil etdiyini nəzərə alsaq, bu cür havalarda xüsusi ilə yaşlı insanlar daha diqqətli olmalı, sərin kölgəli yerdə oturmalı, müəyyən saat aralığında açıq havada olmamalı, bol maye qəbul etməli, yağlı, duzlu qidalardan bir qədər çəkinməli və fiziki aktivliyi artırmalıdır. Risk qrupuna daxil olan şəxslər mütəmadi olaraq həkim nəzarətində olmalıdır. Həkimə gec müraciət olunarsa, xəstəlik ölümlə nəticələnə bilər”.

Yeri gəlmişkən, Ümumdünya insult ilə mübarizə Təşkilatının - Lancet nevrologiya Komissiyasının qlobal yük olan insultu azaltmaq üçün praqmatik həllər haqqında hesabatında deyilib ki, dünyada insult keçirən, bu səbəbdən ölən və ya əlil olanların sayı son 30 ildə təxminən iki dəfə artıb. 

Oklend Texnologiya Universitetinin professoru, komissiyanın həmsədri Valeri L. Feiginin sözlərinə görə, insult dünya əhalisinə böyük ziyan vurur, hər il milyonlarla insanın ölümünə və əlilliyinə səbəb olur. Feigin deyib ki, yaxın onilliklərdə insultun sağlamlığa və iqtisadiyyata təsirlərini dəqiq proqnozlaşdırmaq çətindir, lakin bu qiymətləndirmələr də təcili və təsirli tədbirlər görülmədiyi təqdirdə artan yükdən xəbər verir.

 

Hesabata görə, yüksək gəlirli ölkələrlə fərq artaraq, aşağı və orta gəlirli ölkələrdə insultdan ölənlərin sayı 2020-ci ildə 5,7 milyondan 2050-ci ildə 8,8 milyona qədər kəskin şəkildə artacaq.

 

Proqnozlara görə, 60 yaşdan yuxarı insanlar arasında qlobal ölüm nisbəti 36 faiz, 60 yaşdan aşağı insanlar arasında isə 25 faizdən az olacaq. Hesabatın müəllifləri qeyd edirlər ki, gənclər arasında cüzi azalma diabet və piylənmə səviyyəsinin artması ilə bağlı ola bilər.

 

Yəqin ki, hər kəsin ətrafında insultdan əziyyət çəkən və ya ölən ən azı bir nəfər olub. İnsult ilan kimi səssizcə insanın həyatına soxulur və həyatımızı zəhərləyir. Ya birdəfəlik öldürür, ya da öldürərək yaşadır. Ona görə də maksimum dərəcədə diqqətli olmalı, lazımi müayinələrdən keçməli, sağlamlığımızın qeydinə qalmalıyıq. Xüsusilə risk qrupuna aid olan şəxslər daha diqqətli olmalı, həkimin göstərişlərinə əməl etməlidir.

Həyat gözəldir, vaxtında dəyərini bilməliyik. Sonrakı peşmançılıq fayda verməz...

Günay Elşən