
Təslim olmayan keşiş, Krıma çıxan sultan ordusu, imperatorun sirli ölümü... – II YAZI
Lüzumsuz müharibə: rusların Krım məğlubiyyəti
04 Fevral 2025
Avropa dövlətləri koalisiyasının 1814-cü ildə Napoleon Fransası üzərində qələbəsinə ən böyük töhfəni Rusiya verdi. Bu amil Peterburqda zəfər sərxoşluğu yaratdı, bir növ indiki “təkrar edə bilərik” ovqatı kimi. Həmin “sərxoş” nəzərlərin yönəldiyi əsas ünvan zəifləmiş, “Avropanın xəstə adamı” ünvanını qazanmış Osmanlı imperiyası idi. Amma Avropanın digər böyük dövlətləri Rusiyanın Osmanlı ərazilərini qoparmasında, Mərmərə boğazlarını ələ keçirməsində maraqlı deyildilər. Çar I Nikolay bunu nəzərə almadı və başlatdığı Krım müharibəsindəki məğlubiyyət Rusiyanın əsl vəziyyətini, Böyük Britaniya və Fransadan nə qədər geri qaldığını ortaya qoydu. “Radio Svoboda”nın Krım müharibəsi haqqında məqaləsinin tərcüməsini təqdim edirik.
Əvvəli: Burada
(Əsas foto: Sevastopolun mühasirəsində həlak olmuş britaniyalı əsgərlərin memorialı)
Krım məşəqqətləri
1854-cü il oktyabrın 25-də Balaklava döyüşü başladı. Müttəfiq qüvvələr (20 min) rusların (23 min) Sevastopolu mühasirədən qurtarmaq cəhdini dəf etdilər. Ruslar Britaniya düşərgəsini dağıtmağı və rəqibin təchizatını durdurmağı bacarmadılar, hərçənd, əlverişli yollarını kəsdilər. Döyüşün sonunda tərəflər əsasən əvvəlki mövqelərində qaldılar. Amma müttəfiqlər Sevastopolu hücumla almaq planından vaz keçdilər və şəhərin planlı mühasirəsinə başladılar. Bunu rusların uğuru hesab etmək olar.
Aleksandr Menşikovun komandası altındakı rus ordusu Sevastopolu mühasirədən qurtarmaq üçün növbəti cəhdini noyabrın 5-də etdi. İnkerman döyüşünün əvvəlində ruslar üstün qüvvələrlə - 17 min rus 8 min britaniyalıya qarşı - Sapun dağı rayonunda düşmənə hücum etdi. Hücum edənlərin say üstünlüyü müdafiə olunanların yüksəklikdəki uğurlu mövqeyi ilə tarazlaşırdı. Dağlıq ərazinin yalnız bəzi yerlərində hücuma keçmək mümkün idi. General Soymonovun həmlə dəstəsi britaniyalıların sağ cinahdakı düşərgəsinə hücum etdi, amma 12 topun karteçi və uzaqvuran tüfənglərin atəşi ilə geri oturuldu. Sol cinahda general Pavlovun dəstəsinin hücumunu Adamsın briqadası dəf etdi. Həlledici məqamda general Boskenin fransız diviziyası müttəfiqlərinin köməyinə gəldi və uzaqvuran tüfəng atəşi ilə rusları qəti olaraq geri çəkilməyə məcbur etdi. Lakin müttəfiqlərin Sevastopol üzərinə ertəsi günə planlaşdırdıqları əsas hücum ləğv edildi. Rusiya ordusu bunun bədəlini 12 minlik itki ilə ödədi. Qərblilər 4 min itki verdilər.
Baş komandan Aleksandr Menşikovun İnkerman döyüşü haqqında məlumatını alan I Nikolay generalın ruhi vəziyyətindən dilxor olduğunu yazırdı: “O, müttəfiqlər üzərinə uğurlu hücuma daha ümid etmədiyini gizlətmir və hətta Sevastopolun tezliklə düşəcəyini deyir... Etiraf edim, düşüncələrin belə istiqaməti məni dəhşətə gətirir”.
Noyabrın 14-də Balaklavada baş verən fırtına müttəfiqlərə uduzulmuş dəniz döyüşü qədər zərər vurdu. Tufan onlarla gəmini ya batırdı, ya da ağır xəsarət yetirdi. Onların arasında anbarlarındakı silahlar, geyimlər və dərmanlar boşaldılmamış gəmilər vardı. Rəsmi məlumata görə, ölən dənizçilərin sayı 490 nəfər oldu. Xəbəri eşidən imperator I Nikolay baş komandana insanpərvərcə yazdı: “Tufan sağ olsun, bizə yaxşı xidmət etdi, daha birisi arzuolunandır”.
Fırtına koalisiyanın Sevastopolun mühasirəsi işlərini bir müddət yavaşıtdı. Lakin gəmilərin itirilməsinə baxmayaraq, müttəfiq qüvvələr tezliklə təchizat logistikasını bərpa etdilər. Fransa 1855-ci ilin yanvarında Sardiniya krallığını koalisiyaya cəlb etdi. İtaliyalıların gəlişi baharın sonlarına gözlənilirdi. Mühasirədəki Sevastopol qarnizonu həmin vaxt çox çətin vəziyyətdə idi: qida, sursat və qış geyimi çatışmırdı. Şəhər və istehkamlar fasiləsiz artilleriya atəşi altında idi. Menşikovun əmri ilə fevralın 25-ə keçən gecə reydin girişində əlavə olaraq “On iki həvari”, “Svyatoslav”, “Rostislav” xətt gəmiləri, “Kaqul” və “Mesemvriya” freqatları batırıldı.
Finlandiyadan Kamçatkaya qədər
Müttəfiqlər 1854-cü ildə Baltik dənizində də fəallıq göstərdilər. Buraya göndərilən birləşmiş ingilis-fransız eskadrası Fin körfəzini bağlamalı, işlər yaxşı gedərdisə, Sankt-Peterburqa qədər irəliləməli idi. Eskadra 11 vintli və 15 yelkənli xətt gəmisindən, 32 buxarlı və 7 yelkənli freqatdan ibarət idi. Rusiyanın Baltik donanması güclü mina maneəsinin arxasında Kronştadtda və Sveaborqda gizləndi. Müttəfiqlər bu qalalara hücuma keçməyə risk etmədilər, müdafiədə zəif yerləri axtardılar.
1854-cü il avqustun 7-də Aland adalarına üç gün ərzində mühasirə artilleriyasına malik 11 minlik desant çıxarıldı. Bomarsund qalasını iki minə yaxın sayı olan qarnizon müdafiə edirdi. Qalanın bombardmanı avqustun 10-da başladı və dörd gün davam etdi. 120 min mərmi atıldı. Atəş əsasən elə məsafədən açılırdı ki, cavab atəşi oraya çatmırdı. Nəticədə müdafiə istehkamları xarabalığa çevrildi, bu da onların tutulmasını asanlaşdırırdı. Rusların itkisi böyük deyildi: cəmi 53 ölü və 36 yaralı. Amma qalanın komendantı polkovnik Yakov Bodisko artıq avqustun 16-da təslim oldu. Çünki dağılmış qala tikililərinin, odlu sursatların çatışmazlığı və topların çoxunun sıradan çıxması müqabilində müdafiəni davam etdirmək mümkün deyildi. Qarnizonun əsir düşməsinin səbəbləri müharibədən sonra araşdırıldı və bəzi hərbi ekspertlərin şübhəsinə baxmayaraq, imperator II Aleksandr tərəfindən üzrlü hesab edildilər.
1854-cü ilin avqustunda Finlandiyadakı Qanqut (Qanqe) qalası Bomarsund qalasının aqibətini yaşamasın deyə, I Nikolayın əmri ilə rus qarnizonu tərəfindən partladıldı. İmperiya sahillərinə daha bir neçə həmlədən sonra birləşmiş donanma növbəti baharda qayıtmaq üçün getdi.
Britaniyalılar Ağ dənizdə də fəallıq göstərirdilər. Buraya göndərilən freqat və iki şlyupdan ibarət dəstə Rusiyanın ticarət gəmiçiliyinə mane olmalı, fürsət yarandığı halda Arxangelsk limanına hücum etməli idi. Quberniya hakimiyyəti səylərini yalnız şəhərin müdafiəsinə yönəltdi. Dəstə Mudyuq adasına yaxınlaşdı, amma dərinliyi ölçəndə məlum oldu ki, gəmilərin suya oturuşu Arxangelskə hərəkət etmək üçün Şimali Dvinaya keçməyə imkan vermir.
Solovetsk monastrında qarnizon yalnız 50-yə qədər hərbi əlillərdən ibarət idi. 1854-cü il mayın 28-də monastır gəmiləri Arxangelskdən 8 ədəd altıfuntluq top və onların hər biri üçün 60 mərmi gətirdi. İyulun 18-də Solovetsk adaları rayonunda ingilislərin “Miranda” və “Brisk” adlı iki buxarlı freqatı peyda oldu. Xəbərdarlıq atəşi açan gəmilər sahildən atəşə tutuldular. Hətta “Miranda”ya biri dəydi. Ertəsi gün monastırın baş keşişi təslim haqqında danışıqlardan imtina etdi. Gəmilər 9 saatdan artıq davam edən bombardmana başladılar. Monastıra 1800 mərmi atıldı. Amma ingilislər desant çıxarmaqdan və möhkəm qala divarlarına hücum etməkdən vaz keçdilər.
Rusiya ticarətini pozmaq tapşırığını yerinə yetirən Britaniya gəmiləri 1854-cü ilin sentyabrında şimal dənizlərini tərk etdilər.
Daha bir gözlənilməz hərbi əməliyyatlar teatrı ekzotik Kamçatka vilayəti oldu. Petropavlovsk qalasının müdafiəsindən ötrü Ayandan 350 əsgər göndərilmişdi. Kamçatkanı idarə edən general-mayor Vasili Zavoykonun ixtiyarında həm də “Avrora” freqatı və “Dvina” nəqliyyat gəmisi vardı. Yeddi sahil batareyası yaradıldı. Gəmilərdəki və sahildəki topların ümumi sayı 67-yə çatdı. Qala qarnizonu 1016 nəfərdən ibarət idi. 1854-cü il avqustun 29-da ingilis-fransız eskadrası Petropavlovska yaxınlaşdı. Altı gəmidə 2000 matros və 500 nəfərlik desant dəstəsi vardı. Sentyabrın 1-də müttəfiqlər hücuma keçdilər. Freqatlar şəhəri və onlara cavab atəşi açan rus batareyalarını atəşə tutdular. Fransızların desant dəstəsi 4-cü batareya ərazisində sahilə çıxdı, topların məhv edildiyinə əmin oldu, quruda döyüşdən imtina edərək qayıqlarda gəmilərə qayıtdı.
Dörd gündən sonra hücum cəhdi təkrar edildi. 3-cü və 7-ci batareyaların susdurulmasından sonra 350 və 700 nəfərlik iki desant qrupu çıxarıldı. Onlar şəhəri tutmalı idilər. Onlar Nikolsk təpəsində 350 nəfərlik rus dəstəsinin gözlənilməz həmləsinə uğradılar və dənizə tərəf çəkildilər. İki saatdan çox çəkən döyüş britaniyalıların və fransızların məğlubiyyəti ilə nəticələndi. Onlar geriyə çəkilməli və qayıqlarda gəmilərə üzməli oldular. Petropavlovsk ekspedisiyası zamanı müttəfiqlərinin ümumi itkiləri 59 ölü və 151 yaralı oldu. Bu döyüşdə ruslar tərəfində 34 nəfərin ölməsi məlumdur. Koalisiya eskadrası sentyabrın 8-də Avaça körfəzini qəti tərk etdi. Petropavlovskda qələbə müjdəsi 1854-cü ilin noyabrında Peterburqa çatdı. Döyüş iştirakçıları imperator tərəfindən mükafatlandırıldı. Amma möcüzənin təkrarına ümid yox idi: qarnizonu təxliyə etmək qərara alındı. Müttəfiqlər 14 gəmidən ibarət eskadra ilə 1855-ci il mayın 20-də revanş üçün qayıdanda gördülər ki, batareyalar tərksilah olunub, əhali və qarnizon şəhəri tərk edib.
Çarın və müharibənin rüsvayçı sonluğu

1855-ci il yanvarın sonlarında Ömər paşanın 21 minlik türk korpusu Yevpatoriyaya çıxdı. Baş komandan Menşikov general Xrulevə 19 minlik qoşunla Yevpatoriyaya hücuma keçməyi əmr etdi. Ruslar fevralın 17-də şəhəri almağa çalışdılar, amma türk qarnizonu ilə döyüşdə 800 nəfər itirərək geri çəkildilər. Yeni uğursuzluq xəbəri alan imperator Menşikovu dəyişməyi qərara aldı: onun yerinə knyaz Mixail Qorçakov Krımda baş komandan oldu.
Uğursuz müharibə məşəqqətlərinin ağır təəssüratı I Nikolayın səhhətini sarsıtdı. Çar 1855-ci il martın 2-də özünün spartan kabinetində şinellə örtülmüş halda vəfat etdi. Belə versiya da var ki, öz hökmdarlığının yekunundan məyus olan imperator zəhər içmişdi. Amma bunu təsdiq edən hər hansı sübut indiyə qədər aşkarlanmayıb...
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada