Tələyə düşən nasist, soyqırım qurbanının vəfa borcu, məzara gedən sirr - II YAZI
Yəhudi kəşfiyyatı hitlerçi polkovniki necə cəllada çevirdi...
28 Yanvar 2026
Əvvəli: Burada
İsraillilər etibar edə biləcəkləri bir nasist tapa bilməzdilər, amma işləyə biləcəkləri bir nasisti görürdülər: son dərəcə dəqiq və qətiyyətli, novator planları uğurla həyata keçirmək təcrübəsi olan və sirr saxlamağı bacaran birini. Skorsenini cəlb etmək qərarı müəyyən şəxsi ağrılarla müşayiət olunurdu, çünki bu tapşırıq Avstriyada doğulmuş və Holokostdan güclə xilas olmuş Raanana həvalə edilmişdi. Bu Avstriya yəhudisinin əsl adı Kurt Vaysman idi. Nasistlər 1938-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra o, 16 yaşında Britaniyanın idarə etdiyi Fələstinə göndərilmişdi. Anası və kiçik qardaşı isə Avropada qaldılar və həlak oldular.
Fələstindəki bir çox yəhudi kimi, Kurt Vaysman da Almaniyadan qisas almaq ümidi ilə Britaniya ordusuna qoşuldu. O, Kral Hərbi Hava Qüvvələrində xidmət etdi. 1948-ci ildə İsrail dövləti yaradıldıqdan sonra ivrit adı götürmək ənənəsinə uyğun olaraq Co Raanan adını qəbul etdi və yeni dövlətin kiçik hava qüvvələrinin ilk pilotları sırasında yer aldı. Gənc zabit qısa müddətdə aviabaza komandiri, daha sonra isə hava qüvvələrinin kəşfiyyat rəhbəri oldu.
Raananın özünəməxsus tərcümeyi-halı — o cümlədən Kral Hərbi Hava Qüvvələri (RAF) üçün psixoloji müharibə sahəsində gördüyü bəzi işlər — Harelın diqqətini çəkdi və o, 1957-ci ildə Raananı Mossadın sıralarına cəlb etdi. Bir neçə il sonra Raanan Almaniyaya göndərildi ki, gizli xidmətin oradakı əməliyyatlarına rəhbərlik etsin; xüsusi diqqət isə Misirdə çalışan alman alimlərə yönəlmişdi. Məhz buna görə məşhur nasist xüsusi təyinatlı Skorseni ilə əlaqə yaratmaq və onu əməkdaşlığa cəlb etmək əməliyyatını hazırlayıb idarə etmək Raananın üzərinə düşdü.
İsrailli kəşfiyyatçı ilkin tərəddüdünü aşmaqda çətinlik çəkirdi, lakin əmr aldıqdan sonra İspaniyaya “əməliyyatöncəsi kəşfiyyat” üçün yola düşən qrup formalaşdırdı. Qrup üzvləri Skorsenini, onun evini, iş yerini və gündəlik vərdişlərini müşahidə edirdilər. Komandaya yaşı 20-dən bir qədər çox bir alman qadın da daxil idi; o, peşəkar, daimi Mossad agenti deyil, “köməkçi” idi. İvrit dilində “saayanit” (kişi olarsa “saayan”) adlandırılan bu tip şəxslər böyük teatr tamaşasında epizodik rol alan aktyorlar kimi, tələb olunan istənilən rolu oynayırdılar. Saayanitlər çox vaxt gizli Mossad agentinin sevgilisi rolunda çıxış edirdilər.
Mossadın daxili hesabatlarında sonradan onun adı Anke kimi göstərilmiş, gözəl, şən və naz-qəmzəli biri kimi təsvir olunmuşdu. Bu isə qarşıdakı tapşırıq — cütlük oyunu — üçün ideal idi.
1962-ci ilin əvvəllərində bir axşam varlı və yaraşıqlı — hərçənd üzündə çapıq olan — Skorseni Madriddəki dəbdəbəli barlardan birində xeyli cavan həyat yoldaşı İlze fon Finkenştaynla birlikdə idi. Qadının nasist keçmişi də qüsursuz sayılırdı: o, Hitlerin istedadlı maliyyə naziri olmuş Yalmar Şaxtın bacısı qızı idi.
Bir neçə kokteyl içib dincəldikləri vaxt barmen onları xidmət etdiyi almandilli bir cütlüklə tanış etdi. Qadını 20-dən bir qədər çox yaşı vardı, cazibədar biri idi, onu müşayiət edən kişi isə təxminən 40 yaşlarında, səliqəli geyimli adam idi. Onlar alman turist olduqlarını söylədilər, lakin eyni zamanda dəhşətli bir əhvalat danışdılar: guya az əvvəl ağır bir küçə qarətindən güclə xilas olublar.
Əlbəttə, onlar mükəmməl alman dilində danışırdılar; kişi Skorseni kimi bir az Avstriya ləhcəsi ilə. Yalan adlar demişdilər, amma əslində onlar Mossad agenti (adı hələ də gizli saxlanılır) və onun “köməkçisi” Anke idilər.
Daha çox içki içildi, bir qədər açıq flört başladı və çox keçmədən Skorseninin arvadı hər şeyini — pulunu, pasportunu və baqajını — itirmiş gənc cütlüyü gecəni onların dəbdəbəli villasındа keçirməyə dəvət etdi. Yeni gələnlərdə qarşısıalınmaz nə isə vardı. İki cütlük arasında cinsi yaxınlıq hissi havada dolaşırdı. Lakin dördü evə daxil olduqdan sonra, zarafatcıl flörtün yekunlaşıb cütləşmə mərhələsinə çatdığı kritik anda, qonaqpərvər Skorseni gənc cütlüyə silah tuşlayaraq, dedi: “Mən sizin kim olduğunuzu və niyə gəldiyinizi bilirəm. Siz Mossadsınız və məni öldürməyə gəlmisiniz”.
Gənc cütlük heç reaksiya belə vermədi. Kişi dedi: “Siz yarı haqlısınız. Biz Mossaddanıq, amma əgər sizi öldürməyə gəlsəydik, siz çoxdan ölmüşdünüz”.
“Yaxud bəlkə, — Skorseni cavab verdi,— mən sizi elə indicə öldürməyi üstün tutaram”.
Bu vaxt Anke söhbətə qarışdı: “Bizi öldürsəniz, sonrakılar sizinlə içki içməyə vaxt itirməyəcəklər. Beyninizi partlatmazdan əvvəl onların üzünü belə görməyəcəksiniz. Bizim sizə təklifimiz sadəcə kömək etməyinizdir”.
Bir saat kimi uzun görünən bir dəqiqədən sonra Skorseni silahı endirmədi, amma soruşdu: “Nə cür kömək? Sizə nəsə lazımdır?”
Hətta bu gün də adı açıqlanmayan Mossad zabiti Skorseniyə İsrailin məlumata ehtiyacı olduğunu və bunun qarşılığında ona səxavətlə ödəniş ediləcəyini bildirdi.
Hitlerin sevimli komandosu bir neçə an düşündü və israillini təəccübləndirərək dedi: “Pul məni maraqlandırmır. Kifayət qədər varımdır”.
Mossad əməkdaşı Skorseninin istədiyi başqa bir şeyi də eşidəndə daha da təəccübləndi: “Mən istəyirəm ki, Vizental adımı öz siyahısından silsin”.
Vyanada yaşayan məşhur nasist ovçusu Simon Vizental Skorsenini müharibə cinayətkarı kimi siyahıya salmışdı, lakin ittiham olunan şəxs heç bir cinayət törətmədiyini iddia edirdi.
İsrailli zabit heç bir yüksək rütbəli nasistin məsumluğuna inanmırdı, amma casusluq missiyası üçün agent tovlamaq işi həm də vaxtında deyilmiş yalan və kələk tələb edir. O dedi: “Yaxşı, bu həll olunacaq. Biz bununla məşğul olarıq”.
Skorseni nəhayət silahını endirdi və iki kişi əl sıxdı. Mossad əməkdaşı içindəki ikrah hissini gizlətdi.
“Sizin qarət olunmağınız barədə hekayənin yalan olduğunu bilirdim, — Skorseni kəşfiyyat həmkar-mütəxəssisə xas lovğa təbəssümlə dedi. — Sadəcə ört-basdır hekayəsi idi”.
Onu tam cəlb etmək üçün növbəti addım Skorsenini İsrailə gətirmək oldu. Mossaddakı kuratoru Raanan gizlicə Tel-Əvivə uçuş təşkil etdi və orada Skorseni Harel ilə tanış oldu. Nasist dindirildi, həmçinin ona daha konkret tapşırıqlar və göstərişlər verildi. Bu səfər zamanı Skorseni Holokost zamanı qətlə yetirilmiş 6 milyon yəhudinin xatirəsinə həsr olunmuş Yad Vaşem muzeyinə aparıldı. Nasist susqun idi və hörmət göstərirmiş kimi görünürdü. Orada qəribə bir an yaşandı: müharibədən sağ çıxmış bir nəfər Skorsenini göstərərək, onu açıq şəkildə “müharibə cinayətkarı” adlandırdı.
Hər bir casus kimi mahir aktyor olan Raanan yəhudi kişiyə gülümsədi və sakit səslə dedi: “Xeyr, siz yanılırsınız. O, mənim qohumumdur və özü də Holokostdan sağ çıxmış bir insandır”.
Təbii ki, İsrail kəşfiyyatında bir çoxları məşhur alman hərbçisinin doğrudan da — bu qədər asanlıqla — əməkdaşlığa cəlb olunub-olunmadığını soruşurdu. O, doğrudanmı öz imicinə bu qədər önəm verirdi ki, müharibə cinayətkarları siyahısından çıxarılmasını tələb etmişdi? Skorseni işarə edirdi ki, həmin siyahıda qalmaq onun üçün sui-qəsd hədəfi olmaq deməkdir. Mossadla əməkdaşlıq etməklə o, faktiki özünə “həyat sığortası” alırdı.
Yeni agent tezliklə öz etibarlılığını tam sübut etdi. İsraillilərin xahişi ilə o, Misirə uçdu və alman alimlərinin, eləcə də onların ünvanlarının ətraflı siyahısını tərtib etdi.
Skorseni həmçinin Avropada Misirin hərbi layihələri üçün komponentlər alan və göndərən çoxsaylı saxta şirkətlərin adlarını da təqdim etdi. Bunların arasında Münhendə yerləşən Haynts Kruqun “Intra” adlı şirkəti də vardı.
Raanan alman alimlərə qarşı yönəlmiş bütün əməliyyatın layihə rəhbəri olaraq qalırdı. Lakin Skorseni ilə birbaşa əlaqəni saxlamaq tapşırığını özünün iki ən nüfuzlu əməkdaşına — Rafi Eytan və Avraham Ahituva həvalə etdi.
Eytan İsrail kəşfiyyatının ən qeyri-adi simalarından biri idi. İsrail təhlükəsizlik qurumlarının axtardığı Ayxman və digər şəxslərin oğurlanmasında oynadığı rola görə ona “Cənab Adam Oğrusu” ləqəbi verilmişdi. Eytan həmçinin İsrailin gizli nüvə proqramı üçün materiallar əldə edilməsində də iştirak etmişdi. 1980-ci illərdə isə ABŞ hökumətində çalışan Conatan Pollardı İsrailə casusluq üçün tovlaması böyük qalmaqala səbəb olmuşdu.
Kölgədə keçən bir ömürdən sonra təəccüblü dərəcədə nümayişkaranə bir fiqura çevrilən Eytan 2006-cı ildə, 79 yaşında, yaşlıları təmsil edən siyasi partiyanın rəhbəri kimi parlament üzvü oldu.
“Bəli, mən Skorseni ilə görüşmüşəm və onu idarə etmişəm”, — deyə Eytan bu yaxınlarda təsdiqlədi. Digər Mossad veteranları kimi, o da əlavə detallar barədə rəsmi açıqlama verməkdən imtina etdi.
1930-cu ildə Almaniyada doğulan Ahituv da İsrailin dünyanın müxtəlif yerlərində həyata keçirdiyi çoxsaylı gizli əməliyyatlarda iştirak etmişdi. 1974–1980-ci illərdə o, daxili təhlükəsizlik xidməti olan “Şin Bet”in rəhbəri oldu; bu qurum da çoxlu sirləri qoruyur və tez-tez Mossadla birgə əməliyyatlar həyata keçirirdi.
Mossad əməkdaşları Simon Vizentalı Skorsenini müharibə cinayətkarları siyahısından çıxarmağa razı salmağa çalışsalar da, nasist ovçusu bundan imtina etdi. Mossad isə özünəməxsus fəndgirliklə bunun əvəzində saxta məktub hazırladı — guya Vizentaldan Skorseniyə ünvanlanmış və adının siyahıdan çıxarıldığını bildirən sənəd.
Skorseni israilliləri əməkdaşlıq səviyyəsi ilə yenə də təəccübləndirdi. Misirə səfərlərindən biri zamanı o, hətta partlayıcı bağlamalar göndərmişdi; İsrail istehsalı olan bombalardan biri alman alimlərinin çalışdığı 333 nömrəli zavodda beş misirlini öldürmüşdü.
Qorxutma kampaniyası əsasən uğurlu oldu və almanların əksəriyyəti Misiri tərk etdi. Lakin İsrail zorakılıq və hədələri dayandırdı, çünki İsveçrədə bir alimın ailəsinə şifahi təzyiq göstərən bir qrup həbs olundu. Mossad əməkdaşlarından biri və İsrail üçün çalışan avstriyalı alim məhkəmə qarşısına çıxarıldı. Xoşbəxtlikdən, isveçrəli hakim Misirin raket proqramı ilə bağlı İsrailin narahatlıqlarına anlayışla yanaşdı. Hər iki şəxs hədə-qorxu gəlməkdə təqsirli bilinsə də, dərhal azadlığa buraxıldılar.
Bununla belə, baş nazir David Ben-Qurion bu hadisələrin açıq müstəviyə çıxmasının İsrailin imicinə ciddi zərbə vurduğu — xüsusilə də Qərbi Almaniya ilə İsrail arasında silah satışı barədə razılaşmanı poza biləcəyi — qənaətinə gəldi.
Harel istefa ərizəsi təqdim etdi və təəccübünə baxmayaraq, Ben-Qurion onu qəbul etdi. Yeni Mossad rəhbəri, hərbi kəşfiyyatın komandanı general Meir Amit qurumu nasistləri təqib və qorxutmaqdan başqa fəaliyyət növlərinə yönləndirdi.
Bununla belə, Amit Skorsenini ən azı bir dəfə yenidən aktivləşdirdi. Kəşfiyyat rəhbəri gizli sülh danışıqları ehtimalını araşdırmaq istəyirdi və buna görə İsrailin muzdlu nasistindən xahiş etdi ki, yüksək rütbəli misirli məmurla görüş təşkil etsin. Lakin bu təşəbbüsdən heç nə çıxmadı.
Skorseni İsrailə niyə kömək etdiyini heç vaxt dəqiq izah etmədi. Onun avtobioqrafiyasında “İsrail” sözü, hətta “yəhudi” sözü belə yoxdur. Gerçəklik ondadır ki, o, istədiyi “həyat sığortasını” əldə etmişdi — Mossad onu öldürmədi.
Üstəlik, o, qabarıq avantürist xarakterə malik idi və maraqlı casuslarla — hətta yəhudi olsalar belə — gizli iş görmək ideyası ona, yenilikçi macəraları sayəsində Hitlerdən Dəmir Xaç qazanmiş adama, ola bilər, cəlbedici görünmüşdü. Skorseni o insanlardan idi ki, məhz ölüm və qorxu üzərindən özünü daha gənc və diri hiss edirdi.
Peşmanlıq və günahının yuyulması hissinin də rol oynaması mümkündür. Mossadın psixoloji analitikləri buna şübhə ilə yanaşsalar da, Skorseni bəlkə həqiqətən də İkinci Dünya müharibəsindəki əməllərinə görə vicdan əzabı çəkirdi.
Onu bütün bu amillərin — bəlkə də başqa səbəblərin də — vəhdəti hərəkətə gətirmiş ola bilər. Amma Otto Skorseni bu sirri özü ilə məzara apardı. O, 1975-ci ilin iyulunda Madriddə, 67 yaşında xərçəng xəstəliyindən vəfat etdi.
Onun iki dəfni oldu: biri İspaniyanın paytaxtında kiçik bir kapellada, digəri isə kremasiya edilmiş qalıqlarının Vyanada Skorseni ailə məzarlığında torpağa tapşırılması mərasimi idi. Hər iki mərasimdə onlarla alman müharibə veteranı və onların həyat yoldaşları iştirak edirdi; onlar birəlli nasist salamı verməkdən və Hitlerin sevdiyi mahnıları oxumaqdan çəkinmədilər. Skorseninin 14 ordeni — çoxunun üzərində qara svastika vardı — dəfn mərasimlərində nümayiş etdirilirdi.
Madrid mərasimində iştirak edənlər arasında hamıya yad olan bir adam da vardı; vərdişindən irəli gələrək üzünü mümkün qədər gizlətməyə çalışırdı. Bu şəxs həmin vaxt artıq İsraildə uğurlu iş adamına çevrilmiş Co Raanan idi.
Mossad Raananı Skorseninin dəfninə göndərməmişdi; o, ora öz istəyi və öz hesabına getdi. Bu, Avstriyada doğulmuş bir döyüşçüdən digərinə, həm də bir vaxtlar rəhbərlik etdiyi ən bacarıqlı, amma eyni zamanda ən iyrənc agentə köhnə bir kəşfiyyatçının şəxsi ehtiramı idi...
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada