Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Tatar talanı
Krımın sakini və sahibi olan bu xalqın övladları deportasiya, təqib və müharibə səbəbindən pərən-pərən olub

80 il əvvəl sovet hakimiyyəti Krımın yerli əhalisinin yarımadadan deportasiya edilməsinə başladı. Cəmi bir neçə gün ərzində yüzminlərlə Krım tatarı doğma evlərindən qovuldu və minlərlə kilometr uzağa göndərildi. Bir çoxları deportasiya zamanı öldü, daha çoxu doğma Krımdan uzaqda qocaldı və vəfat etdi. Sürgündən evə qayıda bilənlər isə bu gün işğal administrasiyası tərəfindən yenidən repressiyaya məruz qalır. 

Stalin deportasiyası

Krım tatarlarının sürgün edilməsi haqda qərar 1944-cü il mayın 11-də Dövlət Müdafiə Komitəsinin - SSRİ-də müharibə illərində fəaliyyət göstərən, xüsusi səlahiyyətlərə malik hakimiyyət orqanı - iclasında qəbul edildi. Həmin gün təsdiq edilən məxfi əmr 200 minə yaxın insanın ilk növbədə Özbəkistana, eləcə də Qazaxıstana, Urala, Rusiyanın şimal regionlarına köçürülməsini tələb edirdi.

Deportasiyanın təşəbbüskarı daxili işlər xalq komissarı Lavrenti Beriya idi, zorakı köçürmə də elə onun qurumuna tapşırıldı. Rəsmən, deportasiya Krım tatarlarının guya sovet ordusundan kütləvi fərariliyinin və Krımın işğalı zamanı nasistlərlə fəal əməkdaşlığının cəzası idi. 

Amma arxiv məlumatları göstərir ki, Krım tatarları arasında kollaborantlar və fərarilər SSRİ-nin digər xalqlarından çox olmayıb, düşmən tərəfə keçmə heç də kütləvi deyildi və son nəticədə sovet ordusunda döyüşən Krım tatarlarının sayı daha çox idi, nəinki alman birliklərində. Bununla belə, deportasiya qərarı qəbul edildi və bir həftə sonra - 1944-cü il mayın 18-də - icrasına başlanıldı.  

Hər ailənin özü ilə 500 kq baqaj götürmək hüququ vardı. Əslində isə insanları sadəcə əl baqajı ilə evdən qovur, silahlı mühafizə altında vağzal və stansiyalara gətirirdilər; burada onları artıq qatarlar gözləyirdi. Əməliyyat ildırımsürətli idi. Üç gün ərzində Krımdan 200 minə yaxın adam köçürüldü. 


Deportasiya olunanları aparan eşalonlar bir-birinin ardınca Xerson vilayətindən, Donbasdan, Rusiyanın cənub vilayətlərindən keçərək, Mərkəzi Asiyaya getdi. İnsanları ağzına qədər dolu heyvan vaqonlarında aparırdılar. Ən azı səkkiz min nəfər hələ yolda susuzluqdan, basırıqdan və belə antisanitariya şəraitində qaçılmaz olan infeksion xəstəliklərdən öldü. 

Tarixdən silinənlər

Deportasiyanın ilk illərində, müxtəlif məlumatlara görə, Krım tatarlarının 20-46 faizi həlak olub. Xalqın mədəniyyətinə dəhşətli zərbə endirildi - kitablar, şəkillər, musiqi alətləri - Krım tatarlarının çıxarıldığı evlərdə qaldı. Deportasiyadan sonra krım-tatar dilində kitabların, qəzet və jurnalların nəşri dayandı. Krım-tatarca tamaşalar oynanılmırdı, bu dili məktəblərdə və ali təhsil müəssisələrində tədris etmirdilər. Krımdakı qədim şəhər və kəndlərin çoxunun adını dəyişdilər, yeni adların krım-tatarca ilə heç uzaqdan əlaqəsi yox idi. Yerli xalqı yarımadanın tarixindən silirdilər. 

Simferopolda 1961-ci ildə - yəni Stalinin ölümündən və onun hakimiyyəti illərində törədilən cinayətlərin publik pislənilməsindən sonra, - çıxan “Krım əfsanələri” kitabında Krım tatarları bircə dəfə belə xatırlanmır. Bəzi yerlərində sadəcə “tatarlar” deyilir və yadelli, işğalçı kimi təqdim olunurlar. İş o yerə çatır ki, əfsanələrin birində “işğalçı köçərilərə” Mariya kimi əsl Krım adı olan yerli sakin müqavimət göstərir. Doğrudur, mətndə adı çəkilən Krım dağı şübhəli dərəcədə qeyri-slavyan adı daşıyır: Demirci. 

Müharibə illərində deportasiya olunan xalqların çoxu həmin kitab çap olunan il artıq reabilitasiya almışdılar və sürgün yerlərindən qayıdırdılar. Təkcə Krım tatarlarından başqa (bir də Volqaboyu almanları - Press klub).  Sovet hökuməti bütöv xalqın üzərindən nasistlərlə işbirliyi ittihamını yalnız 1967-ci ildə götürdü. Amma yenə də vətənə qayıtmağa icazə vermədi. 

“Daha əvvəl Krımda yaşayan tatarlar Özbəkistan və digər müttəfiq respublikaların ərazisində kök salıblar”, - sovet məmurları Krım tatarlarını evlərinə qaytarmaq istəməmələrini belə izah edirdilər. 

Yəni onlar yeni yurdlarına alışıblar və qayıtmaq istəmirlər. Bu, əlbəttə, yalan idi. Xerson vilayətinin Novoalekseyevka qəsəbəsində anadan olan Bilal və onun Özbəkistanda dünyaya gələn valideynləri, minlərlə digər Krım tatarları “haralısan?” sualına mütləq əcdadlarının 1944-cü ildə deportasiya olunduqları şəhər və kəndlərin adını çəkməklə cavab verəcəklər. 

Krım tatarları Stalinin ölümündən az sonra vətənə dönmək uğrunda mübarizəyə başladılar. Krım tatar milli hərəkatı belə yarandı. Sovet hakimiyyəti onun ən fəal üzvlərini repressiya etdi.


Körpə ikən Özbəkistana deportasiya edilən Mustafa Cemilev soydaşlarının yurda dönməsi uğrunda yeniyetmə yaşlarından mübarizə aparır. Hakimiyyət onu antisovetçi və təxribatçı elan etdi. Cemilev 7 dəfə məhkəməyə düşdü, ömrünün 15 ilini həbsdə keçirdi.

Repressiyalar əleyhinə mübarizəsinə görə əvvəllər də hakimiyyətlə problem yaşayan dissident general Pyotr Qriqorenko Krım tatarlarının vətənə qayıtmaq mübarizəsini dəstəklədiyinə görə 1970-ci illərdə tutuldu və KQB həbsxanasına göndərildi. 

Ümumilikdə yüzlərlə Krım tatarı və onların digər millətlərdən olan həmfikirləri həbslərdən keçdilər. Krım tatarlarına yalnız 1989-cu ildə evlərinə qayıtmaq icazəsi verildi. O da xeyli məhdudiyyətlərlə. Onlar 1944-cü ildə əllərindən alınan mülkiyyətə iddia edə bilməzdilər, yarımadanın böyük şəhərlərində qeydiyyata düşə bilməzdilər, onları işə götürmürdülər, onlardan qorxurdular və uzaq qaçırdılar. Ya illərlə Krım tatarlarını qaniçən vəhşilər kimi qələmə verən sovet təbliğatımı rol oynadı, ya da 1944-cü ildən sonra gələn və deportasiya olunanların evində yaşayan yeni krımlılar evsiz qalacaqlarından qorxdular. Amma bu qorxular əsassız idi. 

“Şükür, konfliktlərdən qaça bildik. Kiyev, rəsmi hakimiyyət bunu öz xidməti sayır, guya yürütdükləri müdrik siyasətlə fəxr edirlər. Əsas səbəb – krım-tatar hərəkatının lap əvvəlindən riayət olunan qeyri-zorakı prinsiplərdədir”, - Krım tatar xalqının qeyri-rəsmi, amma çox fəxarətli lideri titulunu daşıyan Mustafa Cemilev hələ 2011-ci ildə izah edirdi. 

Elə o zaman da o, Krım tatarlarının deportasiyasından sonra yarımadaya köçürülən etnik ruslar və ruslaşmış yerli ukraynalılar arasında ruspərəst meyllərin artması təhlükəsi haqqında xəbərdarlıq edirdi. Xəbərdarlıq edirdi və ruspərəst krımlılara səslənirdi ki, Rusiyanı Krıma dəvət etməsinlər, Rusiyanın öz sərhədləri daxilində “vətənləri ilə birləşsinlər”. 

“Əgər o vaxt Krım tatarlarını silahlandırsaydılar, Krım indi də Ukraynanın olardı”

“Ruslar Krımda peyda olanda bizə silah paylanılacağını gözləyirdim. Krım tatarlarının məhəlləsinə avtomatlarla dolu KAMAZ gələcək, necə ki, 2022-ci ilin fevralında Kiyevdə Obolona gəldi. Amma olmadı. Əgər o vaxt Krım tatarlarını silahlandırsaydılar, Krım indi də Ukraynanın olardı və müharibə də olmazdı. Biz hər şeyi beşiyində boğardıq”, - keçmiş yaltalı biznesmen, indi Ukrayna ordusunun döyüşçüsü Əhməd deyir. 

Əhməd və ailəsi yarımadanı ruslar tərəfindən tutulmasından bir neçə ay sonra tərk edib. Biznesini və evini atıb, Kiyevə köçüb və hər şeyə yenidən başlayıb. Böyük miqyaslı müharibə başlayanda Əhmədin həddi-buluğa çatmayan bir neçə uşağı vardı, yəni çağırışa düşmürdü və evdə qala bilərdi. Amma müharibənin elə ilk günlərində könüllü yazıldı. Deyir, başqa halda, Krım tatarları vətənlərini itirəcəklər. Dedikləri heç də şişirtmə deyil. 

Nəzarətində olmayan Krım tatar təşkilatlarını qanundankənar elan edən və “dini ekstremistlər”in ovuna çıxan Rusiyanın yerli əhali üçün yaratdığı şəraiti Krım tatarlarının özləri “hibrid deportasiya” adlandırırlar. Belə baxanda, zorla vaqonlara mindirmirlər, amma dinc yaşamağa da imkan vermirlər, insanlar daim həbsdən, axtarışdan və terrorçularla əlaqə ittihamından qorxurlar. 

Nəticədə, Rusiya işğalının başlamasından bəri hər altı Krım tatarından biri yarımadanı tərk edib - cəmi 50 minə yaxın. Onlardan bir neçə yüzü Novoalekseyevka qəsəbəsinə, Krımın hüdudundan kənardakı ilk stansiyaya gəlib. Deportasiya zamanı saysız-hesabsız eşalonlar məhz bu stansiyadan keçib, onların babalarını və nənələrini doğma yerlərdən minlərlə kilometr uzaqlara aparırdı.  

Böyük müharibənin elə ilk günü, 2022-ci il fevralın 24-də Krımdan irəliləyən işğalçılar qəsəbəni tutdular. Novoalekseyevka o vaxtdan işğal altındadır, sakinləri, o cümlədən Krım tatarları isə girova çevriliblər. Krımın yerli xalqına qarşı 1944-cü il mayın 18-də başlayan zülm bu gün də davam edir.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://theins.ru/history/271650