
Sürətlə inkişaf edən kibercinayət - Qurbanlar nə etməli?
Müxtəlif üsullarla insanları aldadıb, ciblərini soyan kiberdələduzlardan necə qorunmalı?
21 Noyabr 2024
“Bir neçə həftə öncə kiberdələduzlar yaşlı anama qızımın adından zəng edib, onun səsi ilə danışıb, guya qəzaya düşdüyünü və təcili pul lazım olduğunu deyiblər. Bunu eşidən kimi anamın təzyiqi qalxıb, halı pisləşib. Mənə zəng edib, tərslikdən, eşitməmişəm. Guya qızım deyib ki, itirəcək vaxt yoxdur. 10 dəqiqəyə pul götürmək üçün tanışı gələcək, anam da ona pulu verməlidir. O da illərdir yığdığı 10 min manatını götürüb, həmin dələduza verib. Mən hadisədən xəbər tutanda artıq gec idi. Xoşbəxtlikdən, həmin vaxt qızım yanımda idi. Yoxsa, dəli olardım. Güc-bəla ilə anamı qızımın salamat olduğuna inandırıb, tez yanına yollandım. Necə həyəcanlanmışdısa, özünə gələ bilmirdi. Çətinliklə də olsa, iynə dərmanla sakitləşdirə bildim. Pul bir yana, az qalsın anam qorxudan canından olacaqdı. Bilmirəm, bu nə oyundur düşmüşük. İnsanların həm pulu gedir, həm də canı. Stressdən birtəhər olurlar. Bu qurtaracaq, başqa növü çıxacaq. Biz heç olmasa, sosial şəbəkələr vasitəsilə məsələdən agah oluruq. Amma yaşlılar üçün televiziyalarda kütləvi maarifləndirici elanlar verilməlidir ki, belə rahatlıqla aldanmasınlar. Bir yolluq bu məsələyə əncam çəkilməlidir”.
Bakı sakini A. Xəlilova Pressklub.az-ın əməkdaşı ilə söhbətində ailə üzvlərini maddi və mənəvi zərərə uğradan kiberdələduzlardan gileylənib. O, ölkəmizdə müasir texnologiyanın bu cür mənfi istiqamətdə inkişaf etməsindən heyfslənib.
Müasir dövrün bəlasına çevrilmiş kiberdələduzluq zaman keçdikcə mutasiyaya uğrayır, hər dəfə fərqli formaları ilə cibimizə girir. Necə deyərlər, yox olmaq bilmir, əksinə, daha da güclənmiş formada qarşımıza çıxır.
Statistika göstərir ki, bu gün dünyada kiberdələduzluq halları artmaqdadır. Və bunun əsas səbəbi rəqəmsal texnologiyaların inkişafı və internet xidmətlərinin genişlənməsidir. Kiberdələduzlar süni intellektin imkanlarından istifadə edərək daha inandırıcı formada və məharətlə insanları manipulyasiya edə bilirlər.
Bununla bağlı ötən yazılarımızdan birində geniş araşdırma aparmışdıq. Təəssüf ki, medianın bu məsələni daim işıqlandırmasına, diqqət mərkəzində saxlamasına baxmayaraq, nə problem səngiyir, nə də qurbanlar. Fərqli yollarla insanların həssas nöqtəsinə toxunaraq, onların saflığından istifadə edib, pullarını talayanlar heç cür dayanmaq bilmir.

Mövzu ilə bağlı Pressklub.az-a danışan informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib ki, hər birimiz kibertəhlükəsizliyimiz üçün maariflənməyə məcburuq.
Müsahibimizin sözlərinə görə, belə hallardan qorunmaq üçün kiberfırıldaqçıları tanımağın bəzi yolları var: “Sizi təcili bir şey etməyə məcbur edən və ya təzyiq göstərən bir şəxs varsa, məsələn, "indi ödəməsən, sonra çox baha olacaq" və ya "təcili kömək lazımdır" və s. deyənlərə aldanmamalı, bu kimi məsələlərdə diqqətli olmalıyıq. Dələduzlar qurbanı tələsməyə məcbur edirlər. E-poçt, mesaj və ya telefon zəngi qeyri-rəsmi kanallardan və ya yad bir şəxsdən, tanımadığınız bir nömrədən gəlirsə, ehtiyatlı olmaq lazımdır. Rəsmi qurumlar və ya banklar adətən belə qeyri-standart yollarla əlaqə saxlamırlar. Dələduzlar tez-tez qrammatik səhvlər və ya qeyri-dəqiq məlumatlardan istifadə edirlər. Məsələn, sizə tanış olmayan bir bankdan e-poçt gəlirsə və orada səhvlər varsa, bu fırıldağın əlaməti ola bilər. Bundan əlavə, dələduzlar adətən zərərli proqramları və ya fişing saytlarını linklər vasitəsilə göndərir. Linklərə vuraraq, şübhəli əlavələri açmaq ciddi təhlükə yarada bilər. Son olaraq, real səsə bənzəyən şəxslərdən təkliflər ola bilər. Heç bir risk olmadan çox qazancın olacağını iddia edirsə, ehtiyatlı olun. Real həyatda belə hallar çox təklif olunur”.
Ekspert deyib ki, şəxsi məlumatlarımızı paylaşarkən diqqətli olmalıyıq. Bank məlumatlarımızı, şəxsi şifrələrimizi və digər həssas məlumatları yalnız rəsmi, etibarlı platformalarda paylaşmalıyıq. İnternetdə hərəkət edərkən təhlükəsizlik proqramlarını (antivirus, firewall, təhlükəsiz korperativ VPN) istifadə etmək vacibdir. Bunlar zərərli faylların, virusların və haker hücumlarının qarşısını alır.
Müsahibimizin sözlərinə görə, kiberfırıldaqçılar müxtəlif metodlarla qurbanlarını seçirlər. Bəzən bu təsadüfi ola bilər, digər hallarda isə onlar insanların zəif nöqtələrini yaxşı təhlil edirlər: “Məsələn, sosial mühəndislik metodu ilə onlar sosial media profillərindən, şəxsi məlumatlardan istifadə edərək, qurbanın zəif nöqtələrini müəyyənləşdirə bilərlər. Bu da kiberfırıldaqçılara qurbanın necə inandığını və ya hansı hallarda daha çox qorxduğunu başa düşməyə kömək edir”.
Ekspert oğurlanan pulun geri qayıtması məsələsinə də toxunub: “Kiberdələduzluq hallarında pulu geri almaq bəzən çox çətin ola bilər, xüsusən də dələduzlar qurbanlarının pulunu anonim şəkildə və ya çətin izlənilən yollarla (kriptovalyutalarla və ya xarici ölkələrə göndərməklə və s.) götürüblərsə. Lakin, hücum hələ yeni baş veribsə, qurban vaxtında əlaqədar hüquq-mühafizə orqanlarına və banklara müraciət edərsə, cinayətkarı tapmaq, problemi həll etmək şansı daha çox ola bilər. Banklar və müvafiq hüquq-mühafizə orqanları vəziyyətə müdaxilə edərək pulun bərpası üçün bəzi tədbirlər görə bilərlər. Amma ümumilikdə, belə oğurluqların bərpası mürəkkəb və zaman alıcı prosesdir”.
Müsahibimiz problemin həlli yollarından da bəhs edib. O, hesab edir ki, insanlar kibertəhlükəsizlik haqqında məlumatlı olmalı və şübhəli fəaliyyətlərə qarşı diqqətli olmalıdır. Bunun üçün daim maarifləndirmə işləri aparılmalı, kiberdələduzlara qarşı texnologiya və müxtəlif təsirli alətlər, o cümlədən, cinayətkarların izlənməsi və mühakimə olunması üçün müvafiq hüquqi və texniki alətlər inkişaf etdirilməlidir. Cəmiyyətin hər bir üzvü kibertəhlükəsizliyi öz həyatının ayrılmaz hissəsi olaraq qəbul etməli və müvafiq tədbirlər görməlidir: “Bu problemlərin həlli müştərək bir prosesdir. Kiber hücuma keçənlər hər zaman bir addım öndə olmağı hədəfləyir və yeni hiyləli yollar planlayırlar. Mübarizə aparmaq üçün cəmiyyət və dövlətin birgə əməkdaşlığı, eyni zamanda, həm fərdi, həm də kollektiv səviyyədə daha çox diqqət və tədbir görməklə bağlı səylər davamlı inkişaf etməlidir. Cəmiyyətin hər bir üzvü bu mövzuda məlumatlı olmalı, maariflənməli və rəqəmsal təhlükəsizlik mövzusunda təlimlərdən keçməlidir”.
Günay Elşən
P.S. Kibercinayətkarlar yeni üsul tapıblar. Bu dəfə onlar telefon vasitəsilə insanlara toy dəvətnamələri göndərirlər. Toy dəvətnaməsini açan şəxslərin telefonuna təhlükəli virus yüklənir və... kibercinayətkar uzaqdan sizin telefonunuza, şəxsi məlumatlarınıza, bank hesablarına giriş əldə edir.
Ehtiyatlı olun!