
Sonuncu reysin qəhrəmanları: təkcə Rusiyadan zəng gəlmədi...
Qroznı üzərində vurulan “Embraer”i ekipaj son ana qədər necə idarə edib?
11 Mart 2025
Əvvəli: Burada
“Oksigen çatışmır”
Aviaqəzanın istintaqını Qazaxıstan öz üzərinə götürdü, Azərbaycandan olan ekspertlərin və “Embraer” şirkəti mütəxəssislərinin iştirakı ilə. “Qara qutu”ları oxumaq üçün təyyarənin istehsal edildiyi ölkəyə - Braziliyaya göndərdilər. Rusiya nümayəndələri kömək təklif etdilər, lakin digər tərəflər qəbul etmədilər. Dekabrın 25-də diqqəti “quş dəstəsi ilə toqquşma” versiyasına yönəldən Rusiya telekanalları ertəsi gün əlavə etməli oldular: “Rosaviasiya rəhbəri Dmitri Yadrov deyir ki, düşən təyyarə həva şəraiti və şəhərdəki şərait üzündən Qroznıda enə bilməyib. Onun sözlərinə görə, Ukrayna pilotsuzlarının hücumu səbəbindən ərazidə “Kovyor” rejimi tətbiq edilib”.
“Kovyor” planı həqiqətən də tətbiq edilib. Təyyarə cədvəl üzrə Qroznıda nə vaxt enəcəkdi, xatırlayırsınızmı? Yerli vaxtla saat 08:10-da və ya UTC vaxtı ilə 05:10-da. Birinci zərbə 05:13-də qeydə alınıb. Təyyarə artıq Bakıya dönmüşdü, çünki Qroznıda “Ukrayna pilotsuzlarının hücumu səbəbindən” GPS siqnalı batırılırdı və o, enə bilmirdi. Qazaxıstan Nəqliyyat nazirliyinin ilkin hesabatından bilirik ki, “Kovyor” planı daha 2 dəqiqə sonra, 05:15-də tətbiq olunub. 05:21:42-də qarşılıqlı əlaqə üzrə dispetçer bunu Qorznıya xəbər verir. Həmin vaxt “Embraer” heyəti təyyarənin idarəetməni itirdiyini artıq yerə xəbər vermişdi.
Birinci “səs zərbəsi”ndən sonra pilotların önündəki cihaz panelində yeni nasazlıqlar barədə xəbərdarlıqlar hər 2-3 saniyədən bir peyda olur. Səs siqnalizasiyası daim uğuldayır.
Təyyarədə təkcə hidravıik troslar deyil, sükanlara aparan dartılar da zədələnmişdi. Bu, o demək idi ki, təyyarəni “sürmək” mümkün deyil. Heyət yerə xəbər verir ki, mühərriki idarə edən qollarla təyyarəni havada saxlayırlar. “Qaz sektorları ilə saxlayırıq”.
— “Embraer”də mühərriklər qanadların altındadır, - anonim qalmaq istəyən pilot danışır. - Hər iki mühərrikə güc verirsən, təyyarə burnunu qaldırır, sağa güc verirsən - təyyarə sola dönür, sola güc verirsən - sağa dönür. Elə olur ki, mühərriklərdən biri sıradan çıxır, o zaman pilotlar idarəetmə və hündürlük sükanları, eleronlar, trimmer vasitəsilə vəziyyəti düzəldirlər. Amma “Embraer”də bütün bu idarəetmə orqanları sıradan çıxmışdı, yalnız mühərriklər qalmışdı. İndi bilirik ki, mühərriklərdən birinə də nəsə dəymişdi, sıradan çıxsaydı, hər şey elə bununla bitəcəkdi. Amma “Embraer” çəkirdi. Belə təyyarəni idarə etmək son dərəcə çətindir. Bunu nəzəriyyədə öyrədirlər, amma pilotun praktikada doğrudan da mühərriklərlə idarə edəcəyini kimsə ağlına gətirmir. Həmin vəziyyətdə təyyarəni endirmək inanılmaz ustalıq məsələsidir. Yumşaq eniş mümkün deyil.
05:16:33-də heyət Minvod hava limanına eniş istədi. İqor Kşnyakin anladı ki, Bakıya getmək alınmayacaq, yaxın yer lazımdır.
“İdarəetmə sıradan çıxıb, - ikinci pilot yerə məruzə edir. - Güclü zərbə oldu, arxa kreslolar partladı. Minvodda hava necədir? Komək edin, zəhmət olmasa”. “1-5-0 eşalonuna qalxın”, - dispetçer deyir. “Edə bilmirəm, idarəetmə itirilir, - pilot cavab verir. - 150-ni saxlaya bilmirəm, bizim kabinədə yüksək təzyiq var”.
Təyyarə Rostov dispetçerinin məsuliyyət zonasına keçdi və o, Minvodda havanı deməyə macal tapmamış heyət Mahaçqalanı soruşdu. Bu, Qroznıdan 160 km aralıdadır və orada reysi qəbul etməyə hazır idilər. Amma Mahaçqala da dağlıqdır; təyyarə burada da mövcud olan buludluluq şəraitində dağların arasında manevr edə bilməzdi. Salonun hermetikliyinin pozulması isə yüksək hündürlükdə uçmağa imkan vermirdi. Təyyarədəki oksigen tükənirdi.
Yaxınlıqda Xəzər dənizi idi. Amma suya enmək olmazdı. “Embraer” buna uyğun deyildi, həm də dekabrda insanlar yardım yetişməmiş [soyuqdan] ölərdilər. 05:39-da İqor Kşnyakin Aktauda hava şəraitini soruşdu. Bu, Mahaçqaladan təxminən üç dəfə uzaqdır, amma komandir həmin hava limanına bələd idi, çox uçmuşdu. Həm də ətraf çöllükdür, yaşayış məntəqələri azdır və aşağı hündürlükdə uçmaq olar.
Kşnyakin sərnişinləri xilas edəcək yeganə qərarı qəbul etdi. Qazaxıstan dispetçerləri zolaqları başqa təyyarələrdən təmizlədilər ki, 8243-cü reys ilk cəhddə ensin. Hava limanını bağladılar.
Aktauda Kşnyakin iki dəfə enməyə cəhd etdi, amma maşın tamamilə idarəolunmaz idi. Təyyarə uçuş-eniş zolağının əvvəlinə 5 km çatmadı. Komandir çöllükdə sərt eniş edə bildi, amma yerə zərbə zamanı kabinə qopdu və alışdı. Təyyarənin arxa hissəsi yerlə süründü və sonda arxası üstə çevrildi. Quyruqdakıların hamısı sağ qaldı. Onların arasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiya vətəndaşları var.
Yana Kşnyakinaya azərbaycanlılar, qazaxlar və qırğızlar zəng ediblər, yazıblar, həlak olan pilotlara minnətdar olduqlarını deyiblər. Yalnız Rusiyadan zəng olmayıb.
Komandir
İqor Kşnyakin pilotluğu necə seçdiyini qızlarına danışmağı sevərdi. Nastya bu əhvalatları əzbər bilir.
— Ətrafındakı oğlanların hamısı kosmonavt olmaq istədiklərini deyirmişlər, o isə ancaq pilotluq arzusunda idi, - Nastya deyir. - Uşaqlıqda da metal təyyarələrlə oynayırdı. 10-cu sinifdən sonra Sasovo pilot məktəbinə daxil olub.

Məktəbi kiçik leytenant rütbəsi ilə bitirən Kşnyakin An-2 idarə edib, pambıq tarlalarını dərmanlayıb. Qarabağda müharibə başlayanda Yak-40-da uçub. Polkovnik rütbəsinə qədər qalxıb. Tu-134, An-140, fransızların ATR təyyarələrini idarə edəndən sonra “Embraer”ə keçib.
— Yalnız 1990-cı illərdə uçuşlarda fasiləsi olub, - Yana Kşnyakina deyir. - O zaman Azərbaycanda bütün aviasiya tənəzzüldə idi, demək olar, heç kim uçmurdu, pilotlara ödəməyə pul yox idi. Amma onlar çox mehriban idilər. Tutalım, bir pilot maaş alırdı, başqaları yox, böyük gecikmələr vardı. Maaş alan qrupdakı başqaları ilə bölüşürdü. Sonra ikinci alırdı, o da hamı ilə bölüşürdü.
— Atam xörək bişirməyi sevirdi və çox dadlı bişirirdi, - Nastya əlavə edir. - Azərbaycan mətbəxinin istənilən xörəyini hazırlaya bilərdi: piti də, xaş da, hamısını bacarırdı. Amma ən uğurlu xörəyi şah-plov idi.
Gecə yer-yığışından yorulan Yana dekabrın 25-də səhər möhkəm yatmışdı və saat 11-də mətbəxdə telefonun zəng çaldığını eşitmirdi. Zəng edən Natalya idi, İqorun birinci nikahdan qızı.
— Böyük bacımız anama bir neçə dəfə zəng etmişdi, o isə yatmışdı və eşitmirdi, - Nastya deyir. - Mən telefonu ona gətirdim: dedim, bayaqdan Natalya zəng edir, cavab ver. Natalya ona dedi ki, qüllədən zəng etmişdilər, dedilər ki, atanın təyyarəsi qəzaya uğrayıb.
Yana xatırlayır, 12-nin yarısı idi. Qonşular televizorda Azərbaycan təyyarəsinin Qazaxıstanda qəzaya uğraması xəbərini izləyirdilər. Divarın arxasından çığırtı eşitdilər və Yananın yanına qaçdılar.
— Xəbərlərdə əvvəlcə dedilər ki, beş nəfər sağ qalıb. Sonra altı, yeddi, - Nastya xatırlayır. - Bizdə ümid yarandı ki, ata sağdır. Amma heç bir informasiya yox idi, biz heç anlamırdıq ki, KİV yaydığı xəbərləri haradan alır. Kimsə yazdı ki, heyətdən üç nəfər sağ qalıb. Ümid edirdik ki, ata onlardan biridir.
Axşam Yana, Nastya, Daşa, onların dostları və qonşuları hava limanına getdilər. Gecə 12-yə yaxın aviaşirkətin nümayəndəsi onlara elan etdi ki, hər iki pilot, komandir İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov həlak olublar.
— Bizə rəfiqələrim gəldi, haradasa yarım gün təsəlli verdilər, deyirdilər, deyəsən, heyətin üç üzvü sağ qalıb, - Aleksandrın anası Yelena Kalyaninova deyir. - İnternetdəki məlumata baxmağa qoymurdular. Özüm telefonla girdim və təyyarənin necə enməsinə baxdım. Görünürdü ki, burnu üstə gedir, sonra nə kabinə, nə başqa şey yox idi.
İkinci
Saşa ikinci sinifdə anasına dedi ki, daha məktəbə tək gedəcək. O, sinifdə ən hündür idi və özünü böyük hesab edirdi.
— Şərtləşdik ki, üçüncü sinifdən başlayarıq, - Yelena davam edir. - Haradasa bir ay birlikdə getdik, mənə and içdi ki, yolun üstündən keçməyəcək. Beləcə, üçüncü sinifdən məktəbə tək getdi.
Saşanın getdiyi məktəb xüsusi, Bakıda yeganə idi - Avropa liseyi.
— O məktəbdə gerçəkdən bizə daxili intizamın təməlini qoydular, - Saşanın uşaqlıq rəfiqəsi Diana Baqapova danışır. - Müstəqil düşünmə. Oxumaq çətin idi, proqram başqa məktəblərdən fərqlənirdi. Məsələn bizə belə bir dərs keçirdilər - fənlərarası uşaq təhsili. Uşaqları öz fikrini müdafiə etməyi öyrədirdilər. Əgər sən bir fikrini doğru hesab edirsənsə, onu müdafiə etməlisən. Müəllim heç vaxt demirdi ki, doğru fikirləşmirsən. Bunu həm müstəqil, həm qrup halında etməyi öyrədirdilər.

Kalyaninovun pilot olacağını liseydə hamı bilirdi. Onun üçün başqa variantlar yox idi: yalnız Bakıdakı akademiya. Yeddi il əvvəl atası infarktdan öldü, o da bütün ömrü boyu uçurdu, amma helikopterdə.
— Mən onu tanıyandan təyyarəçi olmaq istəyirdi, - Diana deyir. - Qarşısına məqsəd qoymuşdu və başqa heç nəyi nəzərdən keçirmək istəmirdi. Artıq aviasiyada işləyəndə, amma hələ uçmayanda, necə uçacağının xəyalını qururdu.
İki metrə yaxın boyu olan yaraşıqlı Kalyaninovun arxasınca həmişə qızlar düşürdü. O, məsafə saxlamağı bacarırdı.
— Onun bu cəhətini həmişə bəyənirdim: insanla sanki nəzakətlə, mehriban danışır, amma qarşıdakı dərhal anlayır ki, keçməməli olduğu sərhəd haradadır, - Yelena oğlunu qiymətləndirir. - Məktəbdə də kimsə ona ilişmirdi. Hələ bir cəhd etsinlər, sinifdə ən hündür idi, arxa partada otururdu, futbol oynayırdı və aykido ilə məşğul olurdu. Heç vaxt səsini qaldırmırdı. Sözü də möhkəm idi. “Yox” deyirdisə, yox idi. “Hə” desə, özünü öldürəcək, amma edəcək.
Yelena indiyə qədər Saşanın otağında bircə kitaba dəyməyib, yalnız stoldan tozu silir. Rəfdə Quran da var, Əhdi-cədid də, yoqa üzrə kitablar da, Blavatskaya da. Saşanın çox müxtəlif maraqları vardı.
— Həmin gün, dekabrın 25-də, mənə rəfiqəm zəng etdi və soruşdu: Len, Saşa hara uçub? - Yelenanın səsi titrəyir. - Dedim: Bakı - Qroznı. Mənə o dedi ki, təyyarə qəzaya uğrayıb. Mən inanmırdım ki, Saşa... Saşa ölə bilər. Belə olmamalı idi.
Qazaxıstan Nəqliyyat nazirliyinin ilkin hesabatından:
“Hava gəmisindəki dəlib keçən xəsarətlər onun konstruksiyasına kənar obyektlərin daxil olduğunu göstərir”.
Rosaviasiyanın indi də tərəfdar olduğu versiyalar arasında quşlar və “heyəti Qazaxıstana uçmağa vadar edən ştatdankənar vəziyyət” qalmaqdadır. İlkin hesabat dərc olunan gün Azərbaycan tərəfi bildirdi ki, əlindəki sübutlar göstərir: sərnişin təyyarəsi Qroznı üzərindəki səmada iki raket zərbəsi alıb. Qəzadan üç gün sonra Vladimir Putin “faciəvi insident”ə görə İlham Əliyevdən üzr istədi: dedi ki, təyyarə “Ukrayna dronlarının Şimali Qafqaz şəhərlərinə hücumu şəraitində enişə gedirmiş”.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada