Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Qəzəb yumağı: kimi baltalayırıq?
Sosial-psixoloji problemlər, media, müharibənin izləri...

Son illər, xüsusilə müharibədən sonra cəmiyyətdə aqressiya, şiddət, dözümsüzlük faktları artıb. İnsanların bir-birinə yağdırdığı təhqirlərin, təzyiqlərin, şiddətin ardı-arası kəsilmir. Son aylarda isə cəmiyyət daha dəhşətli bir sindromla üzləşib - əsəbiləşən əlinə balta alıb, düşür camaatın canına. Bu tendensiyanın şərti başlanğıcını bir neçə ay öncə Bakıda baş vermiş dəhşətli hadisədən hesablamaq olar - Əhmədin ailə üzvlərini balta ilə qətlə yetirməsindən. O hadisədən sonra balta ilə törədilmiş cinayətlərin sayı gözlə görünəcək qədər çoxalıb. Qaynı tərəfindən baltalanan qadın, gəlin tərəfindən baltalanan qayınana, mühafizəçiyə balta atan xalq artisti... Və ən pisi də odur ki, bu dəhşətli hadisələrdən özünə əyləncə çıxaran, lağ edib gülən insanlar da az deyil...

Bundan əlavə, tədqiqatlar göstərir ki, müharibədən çıxmış ölkələrdə uzun müddət müharibənin doğurduğu psixoz vəziyyətinin qalıqları qalır. Kiçikdən böyüyə hər kəsi dərindən sarsıdan, kədərləndirən, həyəcanlandıran, qorxudan müharibənin izləri insan psixologiyasında uzun müddət, hətta ömürlük izlər, travmalar buraxır. Müharibədə iştirak edən hərbçilərlə yanaşı, onları gözləyən ailə üzvləri də şiddətli dərəcədə psixoloji sarsıntıya məruz qalır. 

Amma cəmiyyətdəki hədsiz aqressiyanın tək səbəbi də müharibə deyil. Hər kəsin özünə görə problemləri, maddi-mənəvi sıxıntıları var. Hətta bəziləri deyir ki, cəmiyyətdəki aqressiyanın bu dərəcədə çoxalmasında media da rol oynayır. Belələri hesab edir ki, insanlar oxuduğu xəbərlərdən təsirlənərək, bir anlıq əsəbi situasiyada gördüyünü tətbiq etməyə başlayır.

Bəs nədir həqiqət? Aqressiyanın artmasının səbəbləri arasında media hansı yerdə dayanır? 

Bununla bağlı Pressklub.az-a danışan media üzrə tanınmış ekspert, professor Qulu Məhərrəmli deyib ki, media sadəcə güzgüdür, cəmiyyətdə olan prosesləri göstərir. 

 “Ola bilər, aqressiyanı, dözümsüzlüyü medianın ifrat dərəcədə işıqlandırması bu yola əl atan insanları pis mənada stimullaşdırır. İnsanlar çıxış yolu axtaranda beynindən keçən variantlar mediada gördükləri olur. Ona görə media bu məsələlərə çox həssas, diqqətli yanaşmalıdır. Elə materiallar var ki, onun verilib-verilməməsini dəfələrlə götür-qoy eləmək lazımdır. Verilməsinin faydası daha çoxdur, yoxsa verilməməsinin, deyə, düşünmək lazımdır. Aqressiya normativ davranışdan kənardır. Bu davranışı biz dəfələrlə işıqlandırıb göstərəndə,“qəhrəman”ları danışdıranda insanların davranışına, düşüncəsinə mənfi təsir edə bilər. Ona görə bu məsələdə media çox ehtiyatlı davranmalıdır”.

Professor hesab edir ki, aqressiyanın artmasını bütünlüklə müharibənin nəticələri ilə bağlamaq doğru olmaz. Müharibədə iştirak etmiş şəxslərin geri qayıtdıqdan sonra hansısa haqsızlığa etiraz hissinin yaranması təbiidir və bütün cəmiyyətlərdə olub: “Amma aqressiyanın, şiddətin, dözümsüzlüyün bu miqyasda olmasının, hesab edirəm ki, çox ciddi sosial-psixoloji səbəbləri var. Səbəbləri araşdırmaq, müəyyənləşdirmək üçün ciddi tədqiqatlara ehtiyac var”. 

Görəsən, problemin kökündə hansı psixoloji səbəblər dayanır? Və cəmiyyəti aqressiyadan harmoniyaya yönəltməyin yolları nələrdir?

Psixoloq Heyran İbrahim Pressklub.az-a açıqlamasında deyib ki, bu problem iqtisadi böhranla, müharibənin verdiyi fəsadlarla, ailədən gələn travmalarla və s. əlaqəli ola bilər. 

Psixoloqun sözlərinə görə, cəmiyyətdəki aqressiyanın müxtəlif səbəbləri var. Bu həm gənclərdə, həm də orta yaşlı, eləcə də yaşlı insanlarda görünə bilir. Bu cür aqressiv davranışlar insanın özü ilə olan problemlərindən də qaynaqlana bilər: “İnsan özü ilə barışıq deyilsə, içindəki aqressiyanın səbəbini tapa və onu cilovlaya bilmirsə, istər-istəməz bu aqressiyanı digərlərinə yönəldir. Bununla da özümüzə, yaxınlarımıza, doğmalarımıza zərər vururuq”.

Müsahibimiz deyib ki, problemin həllini insan özündə axtarmalıdır. İnsan içindəki əsəbi od kimi ətrafındakılara püskürdüb özünü rahatladırsa, onun səbəbini də özündə axtarmalıdır: “Həmin insanın qəzəbinə məruz qalan şəxsin onun travmaları ilə heç bir əlaqəsi olmur. Sadəcə, travmasına görə qarşısındakı şəxsi güdaza verir. Ona görə də problemin həlli üçün mütləq psixoloji dəstək, müayinələr almaq lazımdır”. 

Psixoloq hesab edir ki, cəmiyyəti aqressiyadan harmoniyaya yönəltmək üçün yeni, gənc nəsil arasında psixoloji maarifləndirmə aparılmalıdır. Bağçadan, məktəbdən tutmuş universitetlərə qədər bu iş düzgün və sistemli şəkildə qurulmalıdır:“Mütəxəssislər, klinik psixoloqlar attestasiyadan keçdikdən sonra bu maarifləndirməni doğru şəkildə təbliğ etməlidir. Təhsil ocaqlarında, eləcə də digər sahələrdə klinik psixoloqlar bu işlə məşğul olmalıdır. Bəzən sosial şəbəkələrdə, verilişlərdə bu problemlər çox qabardılır. Əslində anti-reklamın özü də bir reklamdır. Ona görə də bu məsələlərə çox diqqətli və həssas yanaşılmalıdır”.

Görəsən, müharibənin izləri cəmiyyətin aqressivləşməsində nə dərəcədə rol oynayır?

Mövzu ilə bağlı Pressklub.az-a danışan hərbi-siyasi ekspert Azad İsazadə deyib ki, təkcə Azərbaycanda yox, dünyada aqressiya  çoxalıb: 0 “Dünyanın hər tərəfində müharibə gedir. İstər Yaxın Şərqdə, istərsə də qərbdə. Bu aqressiya istər-istəməz bizə də sirayət edir. Müharibə keçmişi olan Azərbaycanda isə bu gərginlik şiddətli dərəcədə özünü büruzə verir. Az qala hər ailədən əsgər yolu gözləyənlər var idi. Müharibə zamanı təkcə əsgərlərin yox, onların ailələrinin, eləcə də bütün xalqın psixologiyası mənfi təsirə məruz qalır, psixoloji problemlər yaranmağa başlayır”. 

Müsahibimiz son vaxtlar pis mənada dəb olan “balta cinayətləri”nə də toxundu. Deyir ki, zamanla bu “dəb” öz formasını dəyişəcək: “Nümunə kimi intiharları götürsək, bir müddət Azərbaycanda özünü körpüdən atma yayılmışdı. Hətta “Koroğlu” körpüsünü “intihar körpüsü” adlandırırdılar. Ondan da bir müddət öncə özünü yandırma üsulu yayılmışdı. Kreditləri, borcları ödəyə bilməyənlər, hansısa məsələdə sıxıntı yaşayanlar gedib özlərini yandırırdılar. Zaman-zaman müxtəlif sui-qəsd üsulları məşhurlaşır, bir müddət sonra isə başqa formalarla əvəzlənir”. 

Günay Elşən